Qreypfrutun dərmanlara necə təsir etməsi, ən çox verilən suallardan biridir.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, qreypfrutun 100-dən çox dərmanla, bəzi dərmanlarlasa hətta təhlükəli dərəcədə reaksiyaya girdiyi aşkar edilib. Məsələn, qan təzyiqinə qarşı dərmanların təsirini bir neçə dəfə artırdığı məlumdur.
Bu, qreypfrutun tərkibindəki furanokumarin adlı maddədən qaynaqlanır.
Bir qreypfrut və ya bir stəkan qreypfrut suyu xolesterola qarşı bəzi dərmanlarının təsirini 13 dəfə artıra bilər. Bu isə həm də yan təsirlərin artması deməkdir.
Qreypfrutla reaksiyaya girən dərmanlar aşağıdakılardır:
• xolesterolu azaldan bəzi statinlər (xüsusilə simvastatin tərkibli);
• aritmiyaya (ürək ritminin pozulması) qarşı dərmanlar;
• bəzi antipsikotik (psixiatrik xəstəliklərdə istifadə olunan) dərmanlar;
• orqan transplantasiyasından sonra immun sistemini yavaşlatmaq üçün istifadə olunan bəzi dərmanlar;
• erektil disfunksiya (cinsi orqanda sərtləşmə pozuqluğu) qarşı bəzi dərmanlar.
Sevilya portağalı və pomelo meyvəsində də furanokumarin var. Adi portağalda bu maddə yoxdur, amma bəzən o da dərmanlara təsir edə bilir.