Valideynlərə saxta Labubu kuklaları barədə xəbərdarlıq edilib, çünki onlar uşaqlar üçün ciddi təhlükə yaradır. London Şəhər Şurası bildirib ki, bu oyuncaqlar toksik maddələrdən ibarət ola və kiçik detallarının qopması səbəbilə boğulmaya gətirib çıxara bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, saxta məhsullar toksik maddələr ehtiva edə bilər və həmçinin boğulma riski daşıyır. Çünki kiçik detallar, gözlər, əllər və ya ayaqlar asanlıqla qopur. Bundan əlavə, belə oyuncaqlarda keyfiyyətsiz tikişlər və yararsız doldurma materialları aşkar edilir ki, bu da körpələr üçün təhlükəlidir.
Sutton Şurasının məlumatına görə, yalnız 2025-ci ilin yayında Kinqston və Sutton rayonlarında ticarət standartları xidməti 230-dan çox şübhəli oyuncağı müsadirə edib. Qurumlar vurğulayırlar: təhlükəli saxta məhsulların satışı cinayət hesab olunur, təsdiqlənməmiş satıcılardan alış isə təhlükəli nəticələrə gətirib çıxara bilər.
Pop Mart şirkəti tərəfindən yaradılmış orijinal Labubu kuklaları dünyada çox məşhurdur. Onların qiyməti 10 funt sterlinqdən başlayır, lakin nadir nüsxələr kolleksiya bazarında yüz minlərlə funt dəyərində ola bilər. Yüksək tələbat səbəbindən dələduzlar aktiv şəkildə saxta məhsullar yayırlar.
Mütəxəssislər kuklaları yalnız təsdiqlənmiş satıcılardan almağı və markalanmaya diqqət yetirməyi tövsiyə edirlər. Orijinal məhsullarda holografik etiket, rəsmi Pop Mart saytına yönləndirən skan edilə bilən QR-kod və daha yeni versiyalarda bir ayaqda UV möhürü olur. Saxta məhsulların əlamətlərinə həddindən artıq parlaq rənglər, əyri tikişlər və ya səhv diş sayı (orijinal Labubuda doqquz diş olur) daxildir.