Yayıldığı ilk gündən bu yana dünyada təxminən 7 milyon insanın ölümünə səbəb olan koronavirusla bağlı yeni bir araşdırma aparılıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ABŞ-da aparılan araşdırma xəstəliyin qorxulu tərəflərini bir daha ortaya qoyub.
2019-cu ilin son aylarından təsirini davam etdirən koronavirus epidemiyası indiyədək 7 milyona yaxın insanın ölümünə səbəb olub.
660 milyondan çox insana yoluxmuş virusla bağlı yeni araşdırma qorxulu nəticələr ortaya çıxarıb.
ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) tədqiqatçıları koronavirusdan ölən insanların cəsədlərinin yarılmasını həyata keçiriblər. Xüsusilə beyinlərin araşdırıldığı yarılmalarda təəccüblü tapıntılar əldə edilib. Tədqiqatlar virusun beyinə sirayət etdiyinə dair narahatedici nəticələrə işarə edib.
Müvafiq olaraq, tədqiqatçılar orta yaşları 62,5 olan, bəzilərinin əlavə xəstəlikləri olan və koronavirus səbəbiylə vəfat edən 44 nəfərin yarılma nəticələrini araşdırıblar.
Koronavirusa qarşı peyvənd olunmadığı iddia edilən bu şəxslərin cəsədləri üzərində 2020-ci ilin aprelindən 2021-ci ilin martına qədər yarılmalar aparılıb.
Meyitlərdən götürülən qan nümunələrini araşdıran tədqiqatçılar 38 cəsədin qan plazmasında koronavirusa səbəb olan SARS-CoV-2 virusu aşkar ediblər.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, 3 cəsədin qan plazmasında SARS-CoV-2 aşkar edilməyib, qalan 3 cəsədin isə qan plazması yoxdur. Digər tərəfdən, tədqiqatçılar cəsədlərin müxtəlif hissələrində və ya mayelərində RNT aşkar ediblər.
Araşdırmada 11 cəsədin sinir sistemlərindən geniş nümunələr götürülüb. SARS-CoV-2 RNT cəsədlərdən birində hipotalamus və beyincikdə, hər ikisində isə onurğa beyni və bazal qanqliyada aşkar edilib.
Həkimlər hətta xəstələrin beynində də virus aşkar etdikləri üçün şoka düşüblər.
Tapıntılara əsasən, SARS-CoV-2 RNT-lərinin beyni zədələdiyi qənaətinə gəlinib.
“Nature” jurnalında dərc olunan araşdırmanın nəticələrində koronavirusun ilk olaraq tənəffüs yollarını və ağciyər toxumasını zədələdiyi də təsdiqlənib.