Ünvanlı sosial yardım yoxlamaları 2 mərhələdən ibarətdir.
Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, birincisi, elektron sistemdir, 27 qurumdan alınan məlumatlarla vətəndaşın aldığı gəlirlər yoxlanılır: “İkinci mərhələ isə əyanidir. Bu da saxtakarlıq hallarının, başqasının adına sosial yardım alma hallarının qarşısını almaq üçündür. Burada məqsəd ailənin həmin ünvanda yaşamasının yoxlanmasıdır, daha qazan, soyuducu yoxlanmasından söhbət gedə bilməz. Bütün müayinələr də videoçəkiliş həyata keçirilir. Bir çox hallarda bu mexanizmdən sui-istifadə halları olur. Yaşamadığı evləri yaşadığı ünvan kimi göstərənlər olur. Yüksəkgəlirli ailə üzvünü göstərməyənlər olur. Bu gün ünvanlı sosial yardım 77 min ailəni, 350 min insanı əhatə edir. Ötən illə müqayisədə burada artım var. Əgər vermək istəməsək, bu artım da olmazdı. Haqqı çatan hamı ünvanlı sosial yardım ala bilir”.
Sahil Babayev əlilliklə bağlı məsələyə də toxunub.
Nazir qeyd edib ki, təkcə bu il 40700 şəxsə əlillik təyin edilib:
“Deyildiyi kimi, əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? Əlilliyin alınması iki mərhələdən ibarətdir. Birinci tibb müəssisələri tərəfindən şəxs yoxlanılır və məlumatlar elektron şəkildə bizə təqdim olunur. Bu gün haqqı çatan hər bir şəxsin əlilliyinin təyin edilməsi bizim üçün ən ümdə vəzifədir. Deputatların dediyi fərdi məsələlərlə bağlı mən komitə iclasında da müraciət etdim. Ancaq komitə iclasından bu yana mənə heç bir məlumat təqdim edilməyib”,- deyə nazir əlavə edib.