Gecə bədən mövqeyi ürək sağlamlığı üçün açar ola bilərmi?
Araşdırmalar göstərir ki, yatmaq üçün qəbul etdiyimiz adi poza təkcə istirahətin keyfiyyətini deyil, həm də həyati vacib orqan olan ürəyin fəaliyyətinə təsir edə bilər.
Lent.az hər kəsin nəzərə almalı olduğu optimal yatış variantlarını sizə təqdim edir:
Arxası üstə yatmaq
Arxası üstə yatmaq çox zaman onurğa sütununa düşən yükü azaltmaq üçün tövsiyə olunur. Bu vəziyyət bel ağrılarını azalda bilər, lakin xroniki xoruldama və yuxuda nəfəs dayanması (apnoe) problemi olanlar üçün risklidir. Qanda oksigen çatışmazlığı ürək ritminə mənfi təsir göstərə bilər. Nəfəs alma pozuntusu olmayan insanlar üçün isə bu poza ideal sayılır.
Sol böyrü üstə yatmaq
Sol böyrü üstə uzanmaq mədə turşusu və qıcqırma problemi olanlar üçün xilas yolu hesab olunur. Bu mövqe turşunun qida borusuna keçməsini təbii şəkildə azaldır. Lakin ürək üçün bu, hər zaman təhlükəsiz deyil. Döş qəfəsinə düşən təzyiq ürəyin fəaliyyətində dəyişikliklərə səbəb ola bilər, bu isə elektrokardioqramda (EKQ) görünür. Ürək xəstəliyi olanlar bu vəziyyətdə ehtiyatlı olmalıdırlar.
Sağ böyrü üstə yatmaq
Sağ böyrü üstə uzanmaq kompromis variant kimi görünür. Araşdırmalar bu pozanın ürək xəstəlikləri riskini artırdığına dair birbaşa sübut tapmayıb. Lakin qanı ürəyə daşıyan boş venaya (vena cava) təzyiqin əlavə yük yarada biləcəyi ehtimal olunur. Hələlik bu təsir elmi olaraq tam sübut edilməyib. Hamilə qadınlara qaraciyərə düşən təzyiqi azaltmaq üçün daha çox sol böyrü üstə yatmaq tövsiyə olunur, amma bəzən sağ tərəf də faydalıdır – çünki dölü qidalandıran qan dövranını yaxşılaşdırır.
Ürək çatışmazlığı zamanı
Ürək çatışmazlığı olanlara isə həkimlər müxtəlif mövqeləri sınaqdan keçirməyi məsləhət görürlər. Sağ böyrü üstə və ya baş tərəfi qaldırılmış yarımoturaq vəziyyətdə yatmaq çox zaman vəziyyəti yüngülləşdirir. Ürək ritmini tənzimləyən cihaz (kardioverter) taxılmış insanlara implantın olduğu nahiyəyə təzyiq göstərmək olmaz. Belə hallarda kürəyə və diz altına balış qoymaq rahatlığı təmin edə bilər. Ən doğru yatış mövqeyi hamı üçün eyni deyil. Əgər nəfəsalma pozulur və ya sinədə narahatlıq yaranırsa, bu, mütəxəssisə müraciət üçün siqnaldır. Yatmaq mövqeyi fərdi xüsusiyyətlərə uyğun seçilməlidir. Lakin indi elmi məlumatlar sayəsində daha düzgün qərar vermək mümkündür. Ürək sağlamlığı bəzən çox kiçik vərdişlərlə başlayır — məsələn, yuxuya getməzdən əvvəl hansı böyrü üstə uzanacağımızı seçməklə.