Məktəbə 1981-ci ildə gedib. Şuşa şəhəri, Malıbəyli kənd orta məktəbinə. İlk dərs gününü xatırlayanda çox həyəcanlı olduğu yadına gəlir. Deyir, məktəbə getməyi həddən artıq çox istəyirmiş. Yazıb-oxumağı erkən yaşda öyrənib. Özündən böyük bacı-qardaşlarından. 5 yaşında sərbəst yazıb-oxuyurmuş.
Lent.az-ın “Məktəb illəri” rubrikasının növbəti qonağı “APA Holding"in Direktorlar Şurasının sədri, APA-nın baş direktoru Nurşən Quliyevdir.
- Ailənin üçüncü övladıyam. Məndən böyük qardaşım və bacım var. Onların kitablarından, dəftərlərindən istifadə edirdim. Hətta 5 yaşımda kənd kitabxanasından kitab götürüb oxuyurdum. Yadımdadır ki, hələ məktəbə getməsəm də, böyük qardaşımın "Ədəbiyyat müntəxəbatı" kitabından Rəsul Rzanın “Lenin” poemasını əzbərləmişdim. 6 yaşlılar üçün o vaxt hazırlıq kursları vardı. Hazırlığa getmədən artıq məktəbə hazır idim. Birinci sinfin proqramının hamısını mənimsəmişdim. İlk müəllimim Dilşad müəllimə olub. Allah rəhmət eləsin! Çox sərt və tələbkarıydı. Hamımız ondan çəkinərdik. Eyni zamanda, çox peşəkar müəlliməydi. Sinifdə demək olar ki, çox az uşaq olardı oxumasın. Düşünürəm ki, uşağın yaxşı oxumasının əsas şərtlərindən biri ilk müəlliminin necə olmasıdır. Təməl necə qoyulursa, elə də davam edir.
İlk parta yoldaşını xatırlamasa da, bir şey yadında qalıb...
- Məni istədiyim adamla oturmağa qoymurdular. Həmişə pis oxuyan uşaqlarla oturtdular ki, onları mən öyrədim. Hətta müəllimə deyirdi ki, oxumayan uşaqları başa sal, hərfləri öyrət. Ona görə də parta yoldaşım tez-tez dəyişirdi.
- Döyülmüsünüz?
- Yox, heç vaxt. Bir dəfə danlanmışam. Sinif nümayəndəsi idim. Dördüncü sinifdə oxuyurduq. Sinif rəhbərimiz dayım qızıydı. Böyük dayım isə riyaziyyat müəllimimiz... Çox tələbkar və sərt müəllimiydi. Sinifdə lövhəni silmək üçün silgi, təbaşirlə yazandan sonra əli silmək üçün dəsmal olurdu. Bunları gündəlik növbətçilər təmin etməli idi. Necə oldusa, həmin gün növbətçi dəsmalı gətirməmişdi. Dayım lövhədə işlədi, əlini silmək istəyəndə gördü, dəsmal yoxdu. Soruşdu, kimdi sinif nümayəndəsi? Qalxdım. Baxmazdı, bacısı oğlusan, qohumusan, heç kimə güzəştə getməzdi. Hətta övladlarına da. Danladı məni. Ondan sonra sinif rəhbərimə dedim, sinif nümayəndəsi olmaq istəmirəm. Olmadım da. Bir qədər sonra başqa məktəbdə oxumalı oldum. Orda da neçə dəfə təklif etdilər ki, sinif nümayəndəsi olum. Qəbul etmədim. Bir daha sinif nümayəndəsi olmadım.
- Məktəbi niyə dəyişdiniz?
- Atam Xankəndidə işləyirdi, orda da ev aldı. Xankəndinə köçdük. Beşinci sinfə sentyabrın 19-da başladım. Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə. Təzə məktəbə alışmaq çox çətin oldu. Hətta sizə deyim, məktəbə getmək istəmirdim.
- 19 gün ona görə gecikmişdiz?
- Yox, sənədlər gec hazır oldu. Biz şəhərə mən 4-cü sinifdə oxuyanda, martda köçmüşdük. Amma qalan o 3-4 ayı da kənddə oxuduq, sonra köçdük ora. Ağlayırdım ki, sinif yoldaşlarımdan ayrılıb getmirəm Xankəndi məktəbinə. Amma sonra hər şey yaxşı oldu. Sevdim bu məktəbi, müəllimlərimi. Yaxşı dostlar qazandım. Sinif yoldaşım Fərmanla bu gün də yaxından dostluq edirik...
“Məktəb illəri”ndən ən çox yadda qalan xatirəsini danışır.
- Birinci sinfi bitirəndən sonra təklif olundu ki, ikinci sinfi oxumamış üçüncü sinfə keçim. Bunun üçün də komissiyadan keçməliydim. Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndidə yerləşən maarif şöbəsində məni yoxladılar və qərar verdilər ki, ikinci sinfi oxumamış üçüncü sinifdə oxuya bilərəm. Amma mən üçüncü sinfə getmədim. İkinci sinfi oxudum. Baxmayaraq ki, komissiyadan keçmişdim. Sinif yoldaşlarımdan ayrılmaq istəmədim.
Məktəblə bağlı xatirələrim çoxdu. Yadımdadır ki, kənd məktəbimiz həmişə vilayət üzrə bütün bilik, idman yarışlarında öndə olurdu. Kənd məktəbi olmasına baxmayaraq, oxumaq üçün hər cür şəraiti varıydı. Birinci şərt oxumağıydı. Bu da rəqabət əzmini artırırdı. Xankəndi məktəbində də eyni şəkildə. Yaxşı müəllimlərimiz vardı. Müəllimlərimin haqqını ödəmək mümkün deyil. Xankəndində sinif rəhbərimiz Leyla xanım bizə Azərbaycan dili və Ədəbiyyat dərslərini deyirdi. O, bizə Azərbaycan dili dərsində sadə cümlə işlətməyə qoymazdı. Həmişə deyirdi ki, bədii ədəbiyyatdan nümunələr tapın. Ya şeir formasında, ya nəsr formasında. Məcbur olub, bədii kitablar oxuyardıq. Bununla o, bizi bir növ həm də bədii ədəbiyyat oxumağa məcbur edirdi. Müşkülat müəllimə bizə tarix, coğrafiya dərsi keçirdi. İmkan vermirdi, dərsdə boş qalaq. Dünya xəritəsini qoyurdu qabağımıza ki, öyrənin. Xəritəni bizə əzbərlətmişdi. Belə müəllimlərin sayəsində biz yaxşı yetişdik, təhsil aldıq.
Sonra Müşkülat müəllimə ilə bağlı daha bir xatirə yadına düşür.
- Xankəndidə SSRİ-nin 60 illiyi adına Pedaqoji İnstitut vardı. Oranın yuxarı kurs tələbələri bizim məktəbə təcrübə keçməyə gəlirdilər. Həmin tələbələr dərs deyirdi, sonra onların keçdiyi dərs həm bizim müəllim, həm də öz müəllimi tərəfindən qiymətləndirilirdi. Altıncı sinifdə oxuyurdum. Tələbələrdən biri dərs keçirdi, Müşkülat müəllimə nəyəsə görə sinifdən çıxmalı oldu. Uşaqlardan kimsə səs elədi. Praktikant müəllim elə bildi ki, mənəm səs eləyən. Mənə acıqlandı, dedim ki, mən deyildim. Soruşdu bəs kimiydi? Dedim, bilmirəm, amma mən deyildim. Dedi, ya deyəcəksən səs edən kimiydi, ya da özün olubsan. Dedim, deməyəcəm, amma mən deyildim. Nəsə, məni küncə qoydu. Beş dəqiqə sonra Müşkülat müəllimə qayıtdı. Məni yaman çox istəyirdi. Məni küncdə görəndə təəccübləndi. Soruşdu, uşağı niyə bura qoymusan? Praktikant müəllim də dedi ki, səs edirdi, ona görə. Müşkülat müəllim mənə dedi, keç yerinə. Praktikantın dəftərini alıb “iki” yazdı. “Sən heç vaxt yaxşı müəllim ola bilməzsən. Yaxşı ilə pisi ayıra bilmirsən”, - dedi və onun dərsini yarımçıq saxladı.
Sonra Dağlıq Qarabağ hadisələri başlayır, kəndə qayıtmalı olurlar.
-1988-ci iliydi, yeddinci sinifdə oxuyurdum. Fevralda başladı hadisələr, Xankəndidə demək olar ki, hər gün nümayişlər keçirilirdi, azərbaycanlılara qarşı təqiblər, təzyiqlər başlamışdı. Azərbaycanlıları döyür, evlərinə basqın edirdilər. Yadımdadır, atam evin qapısının arxasına elektrik cərəyanı qoşmuşdu ki, ermənilər evimizə girə bilməsinlər. Xankəndi ilə kəndimiz çox yaxındır. Hərdən evdə gecələmək təhlükəli olduğundan kəndimizə gedib, orada qalırdıq. Bir gün kənddə gecələyəndə ermənilər evimizə girmişdilər. Evə gələndə onların evi alt-üst etdiyini, yastıqların, döşəklərin üzərinə bıçaqla xaç işarələri çəkdiklərini gördük.
Bir epizod da heç vaxt yadımdan çıxmaz. Bizə rus dili dərsini erməni qadın deyirdi. O qədər mehriban idi, məni o qədər çox istəyirdi ki... Amma hadisələr başlayan kimi arvadın üzü döndü. Onun belə dəyişəcəyini, azərbaycanlılara nifrət etdiyini heç gözləmirdik. Demək, hamısının içində varmış bu, sadəcə, məqam gözləyirmişlər. Artıq məktəbdə dərslər ara-sıra keçirilirdi. Valideynlər qorxudan uşaqlarını məktəbə buraxmırdılar. Beləcə, həmin ilin qalan 3-4 ayını oxumadan başa vurduq. Sonra azərbaycanlıları Xankəndidən qovmağa başladılar. Artıq birdəfəlik kəndə qayıtdıq, səkkizinci sinfi orda oxumağa başladım.
Bütün fənləri yaxşı oxusa da, onun da sevmədiyi dərslər olub.
- Kənd məktəbimizdə də dərslər çox keyfiyyətli keçirilirdi. Bütün fənləri oxuyurdum. Dərsə hazırlıqsız getmək mənim üçün ağlasığmaz bir şey idi. Amma təbii ki, bütün dərsləri eyni dərəcədə sevmirdim. Fizika, kimyaya çox marağım vardı. Əlavə məşğələlərə də gedirdim. Tibb Universitetinə hazırlaşırdım. Fizika-kimya müəllimim Nazim müəllim fizika fənni üzrə dərnək yaratmışdı. Adı indi də yadımdadır - "Kvant". Dərsdən sonra bizimlə məşğul olurdu. Hamı gözləyirdi ki, mən həkim olacam. Amma...
O vaxt “Azərbaycan” qəzeti artıq nəşr olunmağa başlamışdı. Baş redaktoru da Sabir Rüstəmxanlıydı. Məndən bir sinif yuxarı oxuyan dostum Sevdimalı ilə fotoqraflığa böyük marağımız vardı. O, fotoaparat da almışdı, şəkil çəkib-çıxarmağı öyrənirdik. Bu işdə də bizə Nazim müəllim kömək edirdi. Bir dəfə kəndin mənzərəli yerlərini gəzəndə qədim hamam olan yerə gəlib çıxdıq. Tarixi abidə baxımsızlıqdan yararsız hala düşmüşdü. Mən təklif elədim ki, bu barədə məqalə yazım, o da fotosunu çəksin, göndərək "Azərbaycan" qəzetinə. Çəkdi, mən də məqaləni yazdım. Zərfə qoyub, göndərdim Bakıya. Üstündən bir müddət keçəndən sonra məktəbdə xəbər yayıldı ki, məqaləm foto ilə “Azərbaycan” qəzetində çıxıb.
Bu hadisədən sonra jurnalistikaya meyllənir və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini seçir.
- O hadisə mənim həyatımda peşə seçmək istiqamətində dönüş oldu. Ondan sonra fikirləşdim, qərara gəldim ki, jurnalist olum. Ailəmiz, qohumlar hamısı jurnalistikaya getməyimə qarşı idi, həkimliyi yaraşdırırdılar mənə. Amma mən artıq qərarımı vermişdim, bütün etirazlara baxmayaraq, jurnalistikanı seçdim.
- Nurşən Quliyev necə şagird olub?
- Ağıllı, dərsini oxuyan, həm də nadinc. Dərs oxuyurdum, amma o demək deyil ki, sakit uşaq olmuşam. Çox vaxt nadincliyimi büruzə vermirdim. Danlanmağı sevməzdim. Müəllimlərim haqqımda həmişə müsbət fikirdə olublar. Dərsdən qaçmamışam. Mənim üçün məktəbə getməmək ən böyük faciə idi. Məktəbə çox bağlıydım. O vaxt dərsdən sonra günü uzadılmış qruplar vardı. Müəllimlər dərsdən sonra da uşaqlarla əlavə məşğul olurdu. Sabahın dərslərini hazırlayırdıq. Müəllim mənə deyirdi ki, sən dərsi hazırlamısan, evə gedə bilərsən. Deyirdim, yox, oturmaq istəyirəm. Dərsdən qaçmaq ağlıma belə gəlməyib. Amma sinfimiz çox nadinc idi. Bununla belə, uşaqlarımız heç vaxt bir-birini satmazdılar, həmişə bir-birinin tərəfini saxlayardılar. Yadımdadır, bir dəfə məktəbin həyətində voleybol oynayanda qızlardan biri topu elə vurdu ki, pəncərənin şüşəsini sındırdı. Böyük səs-küy çıxdı. Bizi direktorun otağına yığdılar. Nə qədər elədilər, o qızı satmadıq. Bütün sinfə töhmət verdilər (gülür).
Yuxarı siniflərdə oxuyanda artıq milli-azadlıq hərəkatı başlamışdı. Divar qəzetimiz vardı. “Lenin yolu”. Qəzetin redaktoru məniydim. Qəzetin adını dəyişib, “Dirçəliş” qoymuşduq. Qəzetdə SSRİ-nin, Kommunist Partiyasının əleyhinə yazılar yazırdıq, şəkillər çəkirdik. Buna görə də neçə dəfə bizi danlamışdılar, bütün sinfə töhmət vermişdilər. Amma sinif rəhbərimiz İslam müəllim həmişə bizi müdafiə edirdi. Açıq fikirli adam idi. Allah rəhmət eləsin. 20 yanvar hadisələrindən sonra kənddə şəhidlərin xatirəsinə abidə qoyulmasına qərar verilmişdi. Abidəni öz kəndçimiz Nadir mərmərdən hazırlayırdı. Dərsdən sonra ona kömək etməyə gedərdik. Hazırladı, qoydu abidəni. Gözəl alınmışdı...
Məktəb illərində sevgi, məhəbbət
- Məktəb illərində iki böyük sevgim olub: kitablar və futbol. Kitab oxumağı çox sevirdim, zövq alırdım. Futboldan da... Bir epizod danışım. Xankəndi məktəbində 6-cı sinifdə ikinci növbə oxuyurdum. Səhər saat 8-9-dan sinif yoldaşlarımla gedirdik məktəbə, futbol oynamağa. Özü də pulla oynayırdıq. Adamın biri 20 qəpikdən. Beş nəfərlik komanda 1 manat yığıb qoyurduq kənara, udan götürürdü. Yadımdadı ki, beləcə xeyli pul qazanmışdım. Bir dəfə evdə gördülər çoxlu pulum var, inandırana kimi xeyli əziyyət çəkdim. Günlərin birində yenə futbol oynayanda güclü yağış yağmağa başladı, amma biz futbolu dayandırmadıq. Birinci dərs Rəna müəllimin dərsi idi - zoologiya. Gəldik sinfə, hamı suyun içində. Rəna müəllim çox hirsləndi. Amma məni çox istəyirdi. O biri uşaqları oturtdu, mənə dedi ki, icazə verirəm, get, paltarını dəyiş, gəl. Amma məktəb evimizə çox uzaq idi, bir dərsə gedib-qayıda bilməzdim. Onda mənə dedi ki, keç sinfin arxasındakı laboratoriya otağına, paltarlarını soyun, qızdırıcıda qurut dərs boyu. Elə də elədim, növbəti dərsə quru paltarda getdim.
Və son zəng
- Məktəbi kənddə bitirdim. Məktəbimiz çox aktiv idi. Müharibə gedə-gedə kəndin klubunda Şən və Hazırcavablar Klubunun gecəsini keçirirdik. Bunun ənənəsi bizdən əvvəl qoyulmuşdu, biz də davam etdirirdik. Baxmayaraq ki, vəziyyət gərgin idi, "Son zəng"i də qeyd elədik, vinetka da hazırlatdırdıq. Məktəbdə rəsmi tədbirdən sonra “Son zəng” gecəsi də təşkil elədik. Heç nəyə baxmayaraq, həyat davam edirdi. Amma vinetkam da digər fotolarım kimi kənddə qaldı. O illərin yadigarı olan 3-4 fotom var.
- Yeri gəlmişkən, Sovet təhsili və indiki təhsili necə müqayisə edərdiniz?
- İkisinin də müsbət və mənfi tərəfləri var. Bunları müqayisə etmək uzun çəkər. Məncə, sovet təhsilinin də müsbət tərəflərini götürmək lazımdı. Sovet təhsil sistemində tələbkarlıq çox idi. Tədrisə səthi yanaşma olmazdı. Müəllimə böyük hörmət vardı. Müasir təhsilin belə bir qaydası var, sərbəstlik olsun. Bunu bəyənmirəm. Bu, bir az müəllimə qarşı hörmətsizliyə, özbaşınalığa gətirir. Birdən-birə istəyirik ki, Azərbaycan cəmiyyətini ABŞ, Avropa cəmiyyətinə çevirək. Amma bunun üçün müəyyən dövr keçməlidir. Məncə, müəllim uşağı təhsil almadığına görə tənbeh edə, hətta yüngül formada vura da bilər. Yadımdadı, o vaxtlar valideynlər müəllimə deyirdilər ki, uşağımı döy, öldür, təki oxusun... İndi isə durum tamam başqadır.
Müharibədə keçən məktəb illəri
- Mən 8-ci sinifdə oxuyanda aktiv hərbi əməliyyatlar olmasa da, xırda toqquşmalar baş verirdi. Maşınlar daşa basılırdı, adamlar girov götürülürdü. Belə vəziyyətdə təhsil almaq çox çətin idi. Vəziyyət isə gündən-günə pisləşirdi. Kimsə şəhid olurdu, kimsə yaralanırdı. Bəzən günlərlə dərs olmurdu. Məktəbin yuxarı sinif şagirdləri - biz müəllimlərimizlə gecələri kəndin kənarında qazılmış səngərlərdə keçirirdik, gündüzlər dərsə gəlirdik. Dərsə davamiyyət, keyfiyyət, təbii ki, aşağı düşmüşdü. Mən məktəbi bitirəndən bir il sonra isə kəndimiz işğal olundu.
- Sinif yoldaşlarınızdan şəhid olan var?
- Var. Biz kənddən çıxanda sinif yoldaşım Elşən Fərhadov yolda şəhid oldu. Meyitini götürmək də mümkün olmadı. Meşədə qaldı...
REDAKSİYADAN: Bu gün Azərbaycan jurnalistikasında öz sözü və çəkisi olan istedadlı jurnalist Nurşən Quliyevin ad günüdür. Bu münasibətlə Lent.az kollektivi olaraq Nurşən bəyi təbrik edir, sağlıq, uğurlar arzulayırıq!