“Zəngilan ağıllı dövlət idarəçiliyi və ağıllı infrastrukturun yaradıldığı məkan kimi fərqlənir” - Deputat
19 oktyabr 2025 20:10 (UTC +04:00)

“Zəngilan ağıllı dövlət idarəçiliyi və ağıllı infrastrukturun yaradıldığı məkan kimi fərqlənir” - Deputat

0

30 ilə yaxın işğal altında qalan Zəngilan rayonu da 44 günlük Vətən müharibəsində azadlığına qovuşdu. 1993-cü il Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra vətənpərvər Zəngilan sakinləri 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25–29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçdi. Yəni, Zəngilanın işğalı asan başa gəlmədi.

Lent.az xəbər verir ki, bunu deputat Nigar Məmmədova bildirib. 

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayılda düşmən qüvvələrinin darmadağın edilməsi ilə 30-dan çox yaşayış məntəqəsi işğaldan azad olundu və Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı. Şanlı Ordumuz oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı və iki gün sonra — oktyabrın 20-də artıq Zəngilan azad olunmuşdu.

"Döyüşlər nəticəsində Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Azərbaycan–İran sərhədi də məhz Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edildi. 2020-ci il dekabrın 23-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Təsadüfi deyil ki, böyük qələbədən sonra bərpa-quruculuq işlərinə dair ilk pilot layihə Zəngilanda, Ağalı kəndində icra olundu. Burada 200 evdən ibarət, müasir standartlara uyğun kənd salınıb. Beləliklə, Ağalı “ağıllı kənd” kimi dünyanın ən müasir kəndlərindən birinə çevrilib.
2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub.
Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı da beynəlxalq standartlara uyğun hazırlanıb. Baş planın konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmaları təşkil edir ki, bu da 30 ildən sonra doğma yurduna qayıdan insanların normal həyat şəraitinin təmin olunmasına şərait yaradır", - deputat qeyd edib. 

Nigar Məmmədova onu da vurğulayıb ki, strateji coğrafi mövqeyə malik olan Zəngilan həm də mühüm nəqliyyat qovşağıdır. Belə ki, nəqliyyat dəhlizləri üzərində yerləşməsi onun əhəmiyyətini daha da artırır. Zəngilan Beynəlxalq Hava Limanının inşası isə bütövlükdə Şərqi Zəngəzurun inkişafına təkandır. Artıq Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilib.


"İşğal dövründə Zəngilanda 50-yə yaxın tarixi-dini abidə erməni vandalları tərəfindən dağıdılıb. Hətta düşmən bütün mənəvi sərhədləri aşaraq məscidlərdən tövlə kimi istifadə edirdi. Böyük Qələbədən sonra dini-tarixi bütün bölgələrdə olduğu kimi, Zəngilanda da abidələrin bərpasına başlanılıb. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Zəngilan şəhər məscidi yenidən inşa olunub.
Zəngilanda həm də pilot kənd təsərrüfatı layihələri icra olunmaqdadır. Burada yeni ekosistem yaradılır və ən əsası, bu layihələrin icrası yüzlərlə insanın məşğulluğunun təmin olunması deməkdir. Son 5 ildə Zəngilan həm də beynəlxalq tədbirlərə ev sahibliyi edir. Uğurla reallaşan bərpa-quruculuq prosesinin ən unikal nümunəsi kimi, Zəngilanda şəhərsalma forumları keçirilir. İnklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yeni yanaşmalar, beynəlxalq əməkdaşlıq imkanları məhz Zəngilanda müzakirə edilir. Bir sözlə, 5 il ərzində ən uğurlu şəhərsalma təcrübəsi sərgiləyən Zəngilan doğma sakinlərini qarşılamaqla yanaşı, beynəlxalq statuslu bölgə kimi də inkişaf etməkdədir", - millət vəkili əlavə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar