“Məktəbə hasarı aşıb gəlirdim” SÖHBƏT
01 oktyabr 2013 12:41 (UTC +04:00)

“Məktəbə hasarı aşıb gəlirdim” SÖHBƏT

“İnsanlar kənardan baxıb deyirlər ki, “nə var ey kefdədi”. Amma mənim o qədər çətinliklərim var ki... İnanın, bütün işlərim daşdan keçir. Amma qarşıma məqsəd qoyuram, yolumu seçirəm və o yolla irəliləyirəm”.

 

Bunu “Evrovicion” mahnı yarışmasının qaliblərindən biri, BMT yol hərəkatı qaydaları üzrə xoşməramlı səfiri, iki qız balanın anası Nigar Camal Lent.az-a müsahibəsində deyib. Səidə və Jasmin divanda oturub hansısa telefon oyunu oynayır, biz isə Nigarla məktəb illərindən danışırıq.

 

 

“Fizikadan zəhləm gedirdi”

 

 

- 1986-ci ildə Bakının Bayıl qəsəbəsində 203 saylı orta məktəbin birinci sinfinə getmişəm. Məktəbə gedəndə hələ beş yaşım vardı, bir həftə sonra altı yaşım tamam oldu. Yaşca sinfin ən balacası idim. Bizim vaxtımızda dərslər sentyabrın birində başlayırdı. Yaşım az olduğuna görə, əvvəldən məni məktəbə qəbul etmək istəmirdilər. Sinfə girəndə məndən soruşdular ki, kiminlə oturmaq istəyirsən? Mən də sinfə göz gəzdirdim ki, bütün partalar dolub, sadəcə bir yer boş qalıb. Bu qızın da anası rus, atası isə zənciydi. Mən də qıza baxdım, baxdım, “mən bunun yanında oturmaq istəmirəm!” dedim (Gülür). Adətən adam özündən daha yaxşı, daha gözəl olanları xoşlayır. Məsələn, hamı sinfin ən gözəl qızına oxşamaq, onun kimi olmaq, onunla dostluq etmək istəyirlər.

İlk müəlliməm Qalina İvanovna Paçekaşvili olub. Gürcüydü. Və çox savadlı müəlliməydi. O, mənim anamın da müəlliməsi olub. Çox ciddi qadınıydı, biz ondan çox qorxurduq. Ümumiyyətlə, altı yaşımdan on yaşıma qədər bir az sakit uşaq olmuşam. Məktəbi yaxşı oxumuşam, qiymətlərim dörd, beş olub. Ən çətin, ən zəhləm gedən fənn fizikaydı. Hesab edirəm ki, müəllimdən çox şey asılıdı. Bu fənni anamın təkidi ilə məcburən oxuyurdum. Fizikanı oxumağı sevməsəm də, o vaxtlardan elə mahnı oxumağı çox sevirdim. Məktəb tədbirlərində, konsertlərdə oxuyardım. Həm hüquqşünas olmaq istəyirdim, həm də müğənni. Doxsanıncı illərdə Azərbaycanda incəsənət edirdi, kino, teatr durğunluq dövrünü yaşayırdı. Sonda hüquqşünas olmağı qərar verdim. İndi isə həm hüquqşünasam, həm müğənni.

 

 

 

“Eşq, məhəbbət?”

 

 

 

- Məktəb illərində eşq, məhəbbət? (Gülür). Sinfimizdə Elik adlı bir oğlan vardı çox qəşəngiydi. Demək olar ki, bütün qızlar ona vurulmuşdu. Haradasa, altı-yeddi yaşımız olardı. Durub kənardan ona baxırdıq. Və onun ad günü olanda sinfimizdə ən çox hədiyyəni o alırdı. Ancaq bu qədər. Bizim vaxtımızda “oğlan dostu” anlayışı yoxuydu. İndi bir az başqa cürdü. Məktəbdə görüşürlər, gəzməyə gedirlər, mesajlaşırlar. Biz sovet dövrünün uşaqlarıyıq. Bizdə belə şeylər olmazdı. Mən özüm də oğlan kimiydim. Həmişə deyirdim ki,  nə vaxtsa, kiməsə vurulsam, bu, universitet illərimdə ola bilər. Amma məktəb vaxtı yox. Uşaqlıqdan çox aktiv olmuşam. Məktəbdəki bütün müsabiqələrdə iştirak edirdim, yaxşı oxuyurdum. Karateylə məşğul idim. Əgər məktəbdə kimisə söysələr, mən həmin an qarışıb dalaşırdım. Zəifləri müdafiə etməyi sevirdim. Dəcəl idim. Məktəbimizin hündür bir hasarı vardı. Dərsə gecikəndə bilirdim ki, qapıdan girmək olmaz. O hasarı aşıb məktəbə girirdim (gülür).

 

 

 

 

“Sinif yoldaşlarımla görüşmürük”

 

 

- Yeddinci sinifdə 6 nömrəli məktəbə keçdim. Bura mənim çox xoşuma gəlirdi. Amma orda  ögeylik hiss etdim. Birinci sinifdən oxuduğun məktəb adama daha doğma olur. Başqa məktəbdə qəribsədim. Bir ildən sonra mən yenə öz məktəbinə qayıtdım. Anam hələ də bu məktəbdə işlədiyi üçün müəllimlərimlə anamın vasitəsi ilə əlaqə saxlayıram. Ad günlərində görüşürük. Onlar üçün mən Nigar Camal deyiləm, onların gözündə mən hələ də balaca, məktəbli Nigaram. Əlbəttə ki, mənim uğurlarım onları da sevindirir. Ancaq sinif yoldaşlarımla görüşmürük. “Evrovicion”dan sonra universitetdə məni danışdırmayan insanlar belə dost olmaq istədilər. Lakin mən belə insanları həyatıma yaxın buraxmıram.

 

 

““KVN” dəlisi idim”

 

 

- Bilirsiz, son zəng mənə o qədər də maraqlı deyildi. Bilmirəm niyə. O illərdə mənim ən böyük marağım “KVN” idi (Şən və Hazırcavablar Klubu). Məktəbi oxudum və bitirdim. Universitetə qəbul olandan sonra “KVN” də ikinci plana düşdü. Əvvəlcə məktəbdə “KVN”də iştirak etdim, sonra Bakı Şən və Hazırcavablar Klubuna qoşuldum, solo konsertlərində iştirak etdim. “KVN” dəlisiydim. Sonra birdən birə bu həvəsim də keçib getdi. Nostalji yaşamağı sevmirəm. Düzdü, məktəb illərinin də öz gözəlliyi vardı, amma bitdi getdi. “KVN” mənə nə verdi? Bəzi suallara yumorlu cavab verə bilirəm, özümdəki kompleksləri yox elədim. Həmişə yeniliyi, dəyişikliyi  sevirəm. Lakin bəzi şeylər var ki, o dəyişmir. Məsələn, ailə. İnsan ailədə dünyaya gəlir, ailədə böyüyür, ailədə formalaşır. Ailədən başqa ətrafda hər şey dəyişir. Amma bu dəyişən ətraf ailəmə təsir etmir. Mənim ailə bir başqa aləmdir. Biz həmişə bir yerdəyik. Ətrafda olanlar ancaq bizim əhvalımıza təsir edə bilər, başqa heç nə. Pis hadisə olanda hamı yumruq kimi birləşir, hər şey qaydasına düşən kimi hər kəs öz evinə çəkilir.

Sinfimizdə bir qız vardı, onu özümə çox yaxın bilirdim. İndi adını çəkmək istəmirəm. Beş il dostluq etdik, sonra o mənə satqınlıq etdi. Və ondan sonra elə də yaxın dostlarım olmadı. Mən həyatda da beləyəm. İnsanlardan bir dəfə satqınlıq görürəm. Hönkürə-hönkürə ağlayıram. Sonra o insan mənim üçün ömürlük ölür, ona etibarım qalmır. Bir dəfə şans verirəm, ikinci olmur. Elə insanlar var ki, onlara pislik edənlərdən intiqam alırlar. Amma mən düşünürəm ki, Allah var da.

 

 

“Təhsilin keyfiyyəti haqqında heç nə deyə bilmərəm”

 

 

- İndiki təhsillə bizim dövrümüzü müqayisə edərkən deyə bilərəm ki, indi daha yaxşıdı. Biz sovet dövrünü gördük. Oktyabryat da oldum, pioner də. Məktəb illərimiz sovetlərin dağıldığı vaxta düşdü. İnqilablar, çevrilişlər... Qarışıq bir dövrdə oxuduq. İndi daha maraqlıdı, indikilərin xaricdə oxumaq şansları var. Təhsilin keyfiyyəti haqqında isə heç nə deyə bilmərəm. Londonla müqayisədə də Azərbaycandakı təhsilə üstünlük verərdim. Azərbaycanda məktəbi bitirəsən, Londonda universiteti. Bir də Londonda böyüyən uşaqların dünya görüşü fərqli olur. Məsələn, mənim qızlarım çox ünsiyyətcildilər. Daha rahat, daha az kompleksləri var. Parka gedən zaman qısa vaxtda digər uşaqlarla dostlaşa bilirlər. Hazırda ingilis məktəbində oxuyurlar. Amma nə zamansa, İngiltərədə Azərbaycan məktəbi açılarsa, məmnuniyyətlə istəyərdim ki, qızlarım orda oxusunlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7064
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar