<b>“Mahnını o qara kirpikli qıza yazmışdım”</b> – <span style="color:red;">“MƏKTƏB İLLƏRİ”
26 yanvar 2016 14:00 (UTC +04:00)

“Mahnını o qara kirpikli qıza yazmışdım”“MƏKTƏB İLLƏRİ”

Lent.az-ın “Məktəb illəri” layihəsinin bugünkü qonağı Kəmalə Abıyevadır. Bu ad sizə elə “Məktəb iiləri”ndən tanışdır. Mahnının sözləri Kəmalə müəlliməyə aiddir. Bundan başqa o, həm də 5 kitabın müəllifidir. Fizika müəlliməsidir. Məktəbi bitirən ili sənədlərini filologiyaya vermək istəsə də, anasının təkidi ilə fizikanı seçib.

 

K. Abıyeva 1962-ci ildə Bakının 14 saylı orta məktəbinə gedib. İlk dərs gününü o qədər də yaxşı xatırlamır.

 

 

- Məktəbimiz “Karamel” fabrikinin yanındaydı. İndi ora musiqi məktəbidir. Papanin 32-də yaşayırdıq. Bircə o yadımdadır ki, məktəbə, məktəbin binasına təəccüblə baxırdım. Ünsiyyətcil uşaq olmamışam. Tünlüyü sevməzdim. Məktəbdə birdən-birə çoxlu uşaq, çoxlu adamlar görəndə mənə qəribə gəldi. Dərs oxumağımdan anam daim narazı olsa da, ibtidai sinif müəlliməm məndən razıydı. Gözəl xəttim vardı. Müəlliməm həmişə dəftərimi tutardı sinfə sarı ki, elə bil hərfləri quş dimdiyində gətirib. Xanım müəllimə çox yaşlıydı. Elə bil nənəmiziydi. 3 il burda oxudum. Dördüncü sinfi isə Qazaxda. Ana nənəm qazaxlıydı. Evimiz kiçikiydi. Anam məni apardı, nənəmin yanında qoydu. Hədsiz güclü sinfə düşmüşdüm. Müəllim 5 misal verirdisə, biz onunu edirdik. Bir gün əvvəldən bir-birimizin evinə gedib, öyrənirdik ki, kim neçə misal edib. Mən desəm, 6 misal etmişəm, o biri yeddisini edəcəkdi. Aramızda belə rəqabət vardı. Sovet dövründə elm adamlarına dövlət ev verirdi. Bizim mənzilimiz də çox kiçikiydi. Valideynlərimin hər ikisi müəllim idi. Amma daha çox anam əziyyət çəkirdi. Həm institutda işləyirdi, həm də akademiyada elmi iş yazırdı. Bizə də Yasamalda, indiki 52 saylı məktəbin yanından ev verdilər.

 

- Yeni məktəb və təzə sinif yoldaşları. Adaptasiya çətin olmadı?

 

- Yox. Sinif məni qane etmədi. O məktəb təzə açılmışdı. Dağlı məhəlləsində. İlk şagirdləri biz idik. 5, 6 və 7-ci siniflər yığıldı. Heç ibtidai sinfi toplanmadı da. Şagirdlər Yasamaldakı 13, 21, 158 saylı məktəblərdən yığılmışdı. Özüm müəllim olanda anladım ki, heç bir məktəb yaxşı şagirdini vermir. Bir də evi yaxın olan və bizim məhəlləyə təzə köçənlər. Məktəb binamıza çox yaxın idi. Çox zəif sinfimiz vardı. Təzə vaxtlar dərsdə əl qaldırmırdım. Xalid Ərəblinski riyaziyyatdan misal vermişdi. İndiki kimi yadımdadı, kəsrlər üzərində əməllər idi. Yazıq müəllim ha başa salır, kimsə əlini qaldırmır ki, qaldırmır. Gördüm heç kəsdən səs çıxmır, əlimi qaldırdım. Bütün sinif mənə baxdı. Həll elədim. Müəllim özü də sevindi. Çox adamla danışmırdım. Bir tərəfdə sakitcə durardım. Bəlkə də onlara da qəribə gəlirmiş ki, bu qız haradan gəlib? Kimsəylə danışmır.

 

 

 Oxumağı çox sevdiyini deyir.

 

- Məndən kiçik bacılarım tez-tez mübahisə edərdilər. Anam onlardan birini cəzalandıranda, deyirdi, sabah məktəbə getməyəcəksən. Bundan böyük cəza ola bilərdi?! Balaca bacım elə ağlayırdı ki. İndi əksinədi, uşaqları güclə məktəbə dartıb aparırlar. Humanitar fənləri daha çox sevərdim. Hə, riyaziyyatı da sevərdim. Çünki orda rəqabət vardı. Kim misalı daha tez edəcək? Yarışma kimi gəlirdi. Humanitar fənlər arasında ən çox Azərbaycan dilini sevmişəm. Dilçi olmaq istəyirdim. Hətta o vaxt dərslikləri oxuyanda mənə elə gəlirdi ki, bu dildə nəyisə dəyişəcəm, yeniliklər edəcəm. Yay tətilində çoxlu kitab oxuyardım. Tək mən belə deyildim. Bakıdakı bütün kitabxanalara üzv idik. Zöhrə adında rəfiqəm vardı. Elə indi də var. Zəif oxuyurdu. Amma qiraətdə kimsə ona çata bilməzdi. Məktəb kitabxanasındakı bütün kitabları oxumuşdu. Oxumağa kitab tapmırdı. Hansı yazıçını keçirdiksə, ən zəif oxuyan şagird onun azı bir əsərini oxuyurdu. Bizim vaxtımızda zəif qavrayan uşaq az olardı. Dərsdə onların səsi çıxmazdı. Utandıqlarından. 70-ci illərdə məktəbi qurtaran kimi ərə getmək yox idi. Həmin ailəyə pis baxırdılar. Qızlarını universitet olmasa da, texnikuma, peşə məktəbinə belə göndərirdilər. Oxuyan qızlar qiymətliydi. İnstitutda oxuyanda oğlanlar qızlara sataşardılar ki, Tovuzda diplom filan qiymətədi, Sabirabadda isə filan qiymətə.

 

- Məktəb illərində sevgi-məhəbbət?

 

 

- Məktəb illərində də sevgi-məhəbbət olur. 15 yaşında da insan sevə bilər. İlk sevgi mesajını məktəb illərində almışam. Çox qəribə hisslər yaşamışıq. Bu mənim qarşıma qoyduğum məqsəddən vaz keçirməyib. İnsanın məqsədi olmalıdır. Bir kimsəni sevmək məqsəd deyil axı?! Sevmədən də yaşamaq olur. Qarşılıqsız sevib, özünü bədbəxt hiss eləmək, hər şeydən vaz keçmək mənasızdır. Çox sevdiyim şagirdim var. Onun sevdiyi oğlan da şagirdimdir. Onların sevgisinə çox ehtiyatla yanaşıram. Qız deyir ki, mənim məktəbdən ayrı da bir həyatım var: “Məktəbə bağlı olmayan ürəyim var”. Haqlıdır da. Əlaçı şagirddir. Birinci sinifdən, ta onuncu sinfə qədər. İndi bu əlaçıdı deyə, sevə bilməz? Belə olanda fikirləşirsən ki, xoşbəxt olsun.

 

 

 

 

Məktəb illərindən ən yadda qalan xatirəsini danışır:

 

- Doqquzda oxuyanda praktikantlar dərs keçirdi. Aralarında bir oğlan vardı, yaman çox qışqırırdı. Növbəti gün onun sınar dərsi vardı. Uşaqlar sözü bir yerə qoydular ki, gəlin heç kim dərsə cavab verməsin. Axırda gəldilər, məndən söz almağa. Mənim anam fizik idi. Necə ola bilər ki, fizikin qızı fizika dərsinə cavab verməsin?! Fizika müəlliməmiz Töhfə müəlliməni də çox sevərdim. Sonra razılaşdım. Praktikant dərs keçəndə kimsə cavab vermədi. Arxa partada Töhfə müəllim, onların müəllimi, tələbə yoldaşları əyləşmişdi. Praktikant yaman pərt oldu. Töhfə müəllimə dərhal başa düşdü ki, uşaqlar sözü bir yerə qoyub. Əsəbiləşdi ki, gündəliklərinə “2” yazın. Bir də mənə sual verdi: “Kəmalə, sən dərsini öyrənməmisən?” Dedim, “yox”. Gündəliyimə “1” yazdı. Çox pis oldum, xeyli ağladım da. O gündəliyi uzun müddət saxladım da. Sonra öyrəndik ki, o praktikant sinifdə hansısa qıza baxıbmış. Onun qisasını alırlarmış (Gülür).

 

 

Kəmalə müəllimə nümunəvi şagird olub. Dərsdən qaçmayıb, daim dərsə hazırlıqlı gedib. Düzdür, hərdən dərsdə söhbət edərmiş.

 

- Sakit olmuşam. Həmişə nümunə gətirilmişəm. Buna görə də üstümdə daim məsuliyyət hiss edirdim. Heç vaxt döyülməmişəm. Təsəvvür də etmirəm ki, müəllim məni döyə bilərdi. Heç mənə acıqlanmayıblar da. Sinif nümayəndəsi olmuşam, oktyabryat dəstəsinin rəhbəri, sonra pioner “drujina”sının sədri olmuşam. Siniflər sırayla düzülər, nizam-intizama görə mənə hesabat verərdilər. Mən də pioner dəstə rəhbərinə, o da “zavuç”a hesabat verərdim.

 

 

Sinif yoldaşları ilə məktəbi bitirəndən uzun müddət sonra da görüşüblər.

 

- Adətən Zöhrəylə bir partada oturardıq. Hə, bir də Mahir adında oğlanla. Mahir mənim yanımda oturanda Zöhrə məndən küsərdi. Hətta bir dəfə ağladı da ki, niyə Mahirlə oturursan? Onunla əlaqəm vardı. Düzdür, çoxdandı əlaqə saxlamırıq. 10 il sinif yoldaşlarımızla görüşdük. Sonra bu görüşlər zaman-zaman seyrəldi.

 

 

Söz sözü çəkər. Biz də söhbət edə-edə gəlib çıxdıq “Məktəb illəri”nə. Məktəb haqqında yazılmış ən gözəl musiqiyə. Deyir, onu sinif yoldaşı Validəyə həsr edib.

 

- Validənin qəşəng səsi vardı. O qədər gözəl şeir deyərdi ki, biz elə bilirdik, o incəsənətə gedəcək. Amma kitabxanaçı oldu. Çox kasıb ailədən idi. İki qardaşın bir bacısıydı. O sinfimizdən bir oğlanı dəlicəsinə sevirdi. Ona məktublar yazardı. Oğlan da dərsdə ona baxırdı. İdmanla məşğul olurdu. Yaraşıqlı, ağır təbiətli oğlanıydı. Amma nəyə görəsə, onunla evlənmədi. Qız haqqında gözəl demək olmazdı. Boyu çox balacaydı. Uzun saçları, sıx kirpikləri vardı. Amma özünü gözəl hesab edirdi. Forslu qızıydı. Bizə gəlib gedərdi. Elə hey ümid edərdi ki, o oğlana ərə gedəcək. Hara getsə, yolunu elə salırdı ki, oğlangilin küçəsindən keçirdi. Küçədə oğlanın anasıyla rastlaşanda,  buna “salam qızım!” desəydi, sevincindən həmin gecə səhərə qədər yata bilmirdi. Elə başa düşürdü ki, oğlan anasına deyib, sabah ona elçi gələcək. Beləcə illər ötdü. Oğlan ayrı qızla evləndi, qız ayrı oğlana ərə getdi. İllər sonra onunla qarşılaşdıq. Rəfiqəmin yanına xəstəxanaya getmişdim. Birdən hiss elədim ki, kimsə qısıq səslə arxadan məni səslədi. Səsi tanımadım. Çöndüm. Kirpiklərini görən kimi tanıdım. Qapqara! Elə bilərdin rəng çəkilib.

1999-cu ildə, təqribən 20 il sonra Validəni təkrar gördüm. O cür gözəl səsi qısılmışdı. Sən demə, zobdan əməliyyat olunanda həkim səs tellərinə oxunub. Ömürlük şikəst qalıb. Bu görüşdən necə təsirləndimsə, o şeiri yazdım. Hamı elə bilir ki, o şeiri məktəb həyatına görə yazmışam. Əslində isə elə deyil. O, Validənin həyatıdı. Bir az da qadınların həyatı. Ailə quranda çox xoşbəxtiydi. Ən xoşbəxt günlərini yaşayırdı, onunla sevgili olanda. Sonra oğlan onu döyməyə başladı. Tək Validə deməyək. Sinfimizin həyatıdı. Ümumiyyətlə, uğursuz ailə həyatı olan çox adam oldu. Talesiz sinfimiz oldu. Həmin o Validənin çox sevdiyi oğlan da çox yaşamadı. Tez öldü. Məktəbdə hamı xoşbəxt olur. yaxşı oxuyan da, pis oxuyan da. Qayğısız illəriydi...

 

 

 

Deyir, ziyalı ailəsi daim kasıb olub. Elə sovet dövründə də.

 

- Amma müəllimin nüfuzu böyük idi. Valideynlərim müəllim olması ilə fəxr edərdim. Qonşumuzda professor vardı. Univermaq direktoru oğlu üçün onun qızına elçi gəlmişdi. Vermədi ki, mənim alverçiyə verəcək qızım yoxdu. Daha sadə, fəhlə ailəsinə verdi. Sovet rejimini nə qədər tənqid etsələr də, təhsil sistemi mükəmməl qurulmuşdu. İndiki təhsil sistemini anlamıram. Nə verir? Nə deyir? Bilmirəm. Şagirdlər məktəbə elə geyinirlər ki, elə bil gəzməyə gəliblər. Saçları bəzəkli, dırnaqları laklı. Əlbəttə, bəzənmək də lazımdır. Amma bu həddə? Adam yasa gedir, geyiminə fikir verir. Adam toya gedir, geyiminə fikir verir. Məktəb geyimdən başlayır. Sabah məktəbə nə geyinəcəyimizi axşamdan hazırlayardıq. İndi lağa qoyurlar. Oktyabryat nişanı taxmaq, pioner qalstuku taxmaq məsuliyyət idi. Bir şagird özünü pis apardığı üçün onu boğazından pioner qalstukunu açmışdılar. O uşaq nə qədər əsəb, həyəcan keçirtdi ki... Valideyni məktəbə gəldi. İndi məsuliyyət hissi var? Üzündən, qaşından, gözündən, heç yerindən məktəbliyə oxşamırlar. Təhsil sisteminin “devalvasiyası” bax, budu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6383
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar