Sevgi haqqında 30 ən gözəl aforizm
11 sentyabr 2024 12:50 (UTC +04:00)

Sevgi haqqında 30 ən gözəl aforizm

 Lent.az sevgi haqqında  deyilmiş aforizmləri təqdim edir. Onların içindən 30 ən gözəlini seçməyi sizin ixtiyarınıza buraxırıq.

Ancaq sevərək gözəlləşmək mümkündür. (Əbu Turxan)
Ancaq sevərkən yaşayırlar. (Helvetsi)
Ancaq xoşbəxtlik məhəbbət üçün ölçü ola bilər. (Vissarion Belinski)
Aşiq ən gözəl anlarını ancaq sevgilisi ilə bölüşmək istəyir. (Əbu Turxan)
Aşiq eşqinin hökmü altına əqlinin ölçüsündə girməlidir. (İbn Ərəbi)
Aşiq özünün aşiq olduğunu bilməməlidir. (İbn Ərəbi)
Aşiq sevgilisinin sevincinə sevinir. (Əbu Turxan)
Aşiq vüsalla ayrılıq arasında bir fərq görməməlidir. (İbn Ərəbi)
Aşiqin ən böyük səadəti onun gözlərində bütün dünyanın gözəlləşməsidir. (Əbu Turxan)
Aşiqin göz yaşı könül sirrinin sıza-sıza axmasıdır. (Məhmət Rasim Mutlu)
Ayrılıq böyük məhəbbətləri daha da qüvvətləndirir, yarımçıq olanları isə məhv edir. (R.N.Güntəkin)
Başqa sahələrdə sevgi vərdişi olmayan adamın məhəbbət dərdinə mübtəla olması, immuniteti olmayanların xəstəliyə yoluxması kimi, ağır nəticələrə gətirə bilər. (Tur Xander)
Bəzən şəxs öz iradəsini könüllü olaraq təslim edir: buna səbəb ancaq məhəbbət ola bilər. (Əbu Turxan)
Bəzi qadınlar ürəyinin açarını kişiyə verdikdən sonra, ertəsi gün qıfılı dəyişdirir. (Ş.Sent-Böv)
Bir adamı unutmağa çalışmaq
daima onu xatırlamaq deməkdir. (Jan de Labrüyer)
Bir nöqtəyə yönəlib yandıran məhəbbətdənsə, bütün dünyaya səpələnib işıqlandıran məhəbbət yaxşıdır. (Əbu Turxan)
Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin. Qoy o, könüllərinizin sahilləri arasında axan dəniz olsun. (Cübran)
Bir-birinizin badələrinizi doldurun, amma bir badədən içməyin. (Cübran)
Birinə məhəbbətimiz artıq soyuyandan sonra onu ikinci dəfə sevə bilmərik. (Fransua de Laroşfuko)
Birinin səni sən istəyən kimi sevməməyi səni qəlbən sevməməyi demək deyil. (Qabriel Qarsia Markes)
Biz həmişə inanırıq ki, ilk məhəbbətimiz sonuncu, sonuncu məhəbbətimiz isə ilk məhəbbətimizdir. (Corc Uayt Melvil)
Böyük məhəbbət kiçik qığılcımlardan doğur. (Stendal)
Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər. (Sədi Şirazi)
Bütün aşiqlər divanədir.
Amma bütün divanələr aşiq deyil. (Əbu Turxan)
Bütün fəzilətlər əslində məhəbbətin müxtəlif növləridir. (Avreli Avqustin)
Bütün sənət növləri məhəbbət və ağlın bu və ya digər nisbətdə birləşməsindən yaranır. (Əbu Turxan)
Bütün sevənlər bacardıqlarından çox şey vəd edirlər, lakin edə biləcəklərini belə etmirlər. (Uilyam Şekspir)
Cavanlıqda məhəbbət daha çılğın olsa da, sonralar daha güclü və daha qüdrətli olur. (Heyne)
Dərindən sevmək – özünü unutmaq deməkdir! (Jan Jak Russo)
Din və məhəbbətə qəlbin bir hissəsi lazım deyil, onlara bütün ruh lazımdır. (A.İ.Gertsen)
Dumanla doldurub dünya üzünü,
Yatırtdım eşq ilə ağlın gözünü. (Nizami Gəncəvi)
Əgər ilk məhəbbət qəlbin bütün guşələrini işıqlandıra bilməyibsə, deməli, ilk məhəbbətlər hələ çox olacaq. (Əbu Turxan)
Əgər kim isə sevgilidən başqa da nə haqda isə düşünə bilirsə, onun sevgisi səmimi deyil. (İbn Ərəbi)
Əql ilə sərinləşdirilməyən qızğın məhəbbət buxarlanıb uçacaq. (Əbu Turxan)
Əsl kişinin məhəbbət ovu qadın qəlbində sığınacaq tapmaq deyil, bu qəlbi bütövlükdə fəth etməkdir. (Əbu Turxan)
Əsl sevgi kitabı oxumaqla qurtarmır.
Hər dəfə yeni fəsillər, yeni səhifələr açılır. (Əbu Turxan)
Eşq – ruha təslim olmaqdır. (Hilmi Ziya Ülkən)
Eşq ağlabatan və məqbul olarsa, əsl xoşbəxtlikdir. (Abbasqulu ağa Bakıxanov)
Eşq ancaq əzəli-əbədi və sonsuz olan böyük Yaradana ünvanlananda əql ilə məhdudlaşdırıla bilməz. (Əbu Turxan)
Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır. (Füzuli)
Eşq çadırının
qurulduğu yerdə məntiq axtarma. (Sədi Şirazi)
Eşq ilə mən aşinayəm, əql ilən yad olmuşam. (Nəsimi)
Eşq meydana girəndə ağıl oranı tərk edir. (M.Meterlink)
Eşq özünü fəda etməlidir. (İbn Ərəbi)
Eşq şimşəyi çaxanda bütün dünya işıqlanır. (Əbu Turxan)
Eşqdən başqa bir şey könlümə yaddır,
Ömrümün quşuna sevgi qanaddır. (Nizami Gəncəvi)
Eşqdir hər iki dünyaya ziynət,
Eşq ilə dolanır bütün təbiət. (Füzuli)
Eşqi başlamaq asan, bitirmək çətindir. (Mark Tven)
Eşqin daxili hərəkətverici qüvvəsi tükəndikdən sonra da, məhəbbət qatarı hələ uzun müddət yoluna davam edir. Bu, – məhəbbətdə ətalət prinsipidir. (Tur Xander)
Eşqin zirvəsini duman örtəndə kədərə çevrilir. (Əbu Turxan)
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarımazdı böyük cahanı. (Nizami Gəncəvi)
Əvvəl məhəbbət, sonra nikah: əvvəl alov sonra tüstü. (Nikola Şamfor)
Fəqət hər gözəl olanı könül sevməz. (Cəlaləddin Rumi)
Fikrin gücündən də üstün bir güc – sevginin gücüdür. (Əmin ər-Reyhani)
Göylər yaransaydı eşqdən azad,
Düşün, olardımı yer üzü abad? (Nizami Gəncəvi)
Göylərdə süzən eşq var.
O, qəlbə od qoyur. Amma elə eşq var ki,
gündəlik işlərin mayasına qatılır.
Bu eşq ailəyə hərarət gətirir. (Rabindranat Taqor)
Gözəl (ləyaqətli) qızlara ən böyük pisliyi sevirəm deyə onların peşinə düşən avara aşiqlər edirlər. Onlar nə vaxtsa baş tuta biləcək həqiqi bir sevgiyə kölgə salır, onun qarşısını almış olurlar. (Əbu Turxan)
Günəş çıxanda Yer hansı hissi keçirirsə, sevgilisini görən aşiq də həmin hissi keçirir. (Əbu Turxan)
Heç vaxt həqiqi ehtirasla sevməmiş insan həyatının yarısını, həm də gözəl yarısını yaşamamışdır. (Stendal)
Həm sevib, həm də sevilmək ikiqat xoşbəxtlikdir. (Əbu Turxan)
Həqiqi insani məhəbbət ancaq hisslərin şıltaqlığına və ürəyin istəyinə deyil, bir-birinin insani ləyaqətinə qarşılıqlı hörmətə əsaslana bilər. (Vissarion Belinski)
Həqiqi məşuqun surəti yoxdur; sevilən onun mənasıdır. (Cəlaləddin Rumi)
Hər bir musiqi məhəbbətin hansı isə çalarlarını ifadə edir. (Tur Xander)
Hər çiçək bir aləmdir; sevəndə aləm özü də çiçək tək açılır. (Əbu Turxan)
Hər eşqin dörd fəsli var. (Əbu Turxan)
Hər fəslin öz eşqi var. (Əbu Turxan)
Hər gün təzələnməyən məhəbbət adətə çevrilir. (Cübran)
Hörmət hissindən məhrum olan məhəbbət çox davam edə bilməz. (Aleksandr Düma)
Hörmətin müəyyən hüdudu olur, məhəbbətin isə hüdudu yoxdur. (M.Y. Lermontov)
İlahi eşq ideyası getdikcə solmuş, cırlaşmış və onun bədii tərənnümünü fərdi məhəbbətdən seçmək çətinləşmişdir. (Əbu Turxan)
İlahi eşqin başlıca əlaməti pərəstiş duyğusudur. (Əbu Turxan)
İlahi məhəbbət sevginin müqəddəslik duyğusu ilə birləşməsindən doğulur. (Əbu Turxan)
İlahi, bir eşq ver mənə,
Hardayam heç bilməz olum.
Elə itirim özümü,
İstəsəm də bulmaz olum. (Yunus Əmrə)
İlk məhəbbətin mövhumi obrazı aşiqin özü tərəfindən yaradılmış olur. Yaradan yaratdığını sevməyə bilərmi!? (Əbu Turxan)
İnsan qəlbinin dərin qatları düşüncə ilə yox, sevgi ilə işıqlanır. (Əbu Turxan)
İnsan sevgilisinin simasında bütün dünya harmoniyası ilə vüsal tapmağa çalışır. (Əbu Turxan)
İnsan təbiətinin başlıca mənəvi tələbi eşqdir. (Abbasqulu ağa Bakıxanov)
İnsanlar yaxşıları sevməkdən daha çox sevdiklərini yaxşı hesab edirlər. (Əbu Turxan)
Kədər eşqin astarıdır. (Əbu Turxan)Kim isə demişdir: Ağılla idarə olunan məhəbbətdən yaxşılıq gözləmək olmaz. (İbn Ərəbi)
Məhəbbət – arzunun zirvəsidir. (İohann Volfqanq Göte)
Məhəbbət – aşiqin mübhəm qəlb aləminə açılan işıq qapısıdır. (Əbu Turxan)
Məhəbbət – bizim ikinci doğuluşumuzdur. (Onore de Balzak)
Məhəbbət – həyat yaradır. (Lev Tolstoy)
Məhəbbət – hisslərin poeziyasıdır. (Onore de Balzak)
Məhəbbət – ölməzlik cəhdidir. (Sokrat)
Məhəbbət – ruhun tamamlanmaq əzmidir. (Əbu Turxan)
Məhəbbət – sevilmək arzusudur. (Platon)
Məhəbbət axmağın müdrikliyi və müdrikin axmaqlığıdır. (Samuel Conson)
Məhəbbət ayrılıq saatınadək öz dərinliyini tanıya bilmir. (Cübran)
Məhəbbət başqa insanın fəzilətindən, kamilliyindən, xoşbəxtliyindən həzz almağa meyldir. (Qotfrid Leybnits)
Məhəbbət başqası ilə birgə qocalmağa hazır olmaqdır. (Alber Kamyu)
Məhəbbət başqasının xoşbəxtliyini istəməkdir. (Devid Yum)
Məhəbbət bir ruhun başqa bədəni istila etməsidir. (Əbu Turxan)
Məhəbbət bir-biri üçün fərqli olmayan iki tərəfin fərqidir. Bu eyniyyəti hiss etmək və anlamaq – məhəbbətdir. (Georq Vilhelm Fridrix Hegel)
Məhəbbət birdir, amma iki ürəkdə yaşayır. (Assiriya hikməti)
Məhəbbət böyük hisslərlə başlayıb xırda davalarla başa çatır. (Andre Morua)
Məhəbbət bütövlük yanğısı və ona cəhd etməkdir. (Aristofan)
Məhəbbət bütün ehtirasların ən güclüsüdür, çünki o eyni zamanda başa, ürəyə və bədənə hakim olur. (Volter)
Məhəbbət bütün günahları bağışlaya bilər, məhəbbətin özünə qarşı günahdan başqa. (Oskar Uayld)
Məhəbbət çox vaxt ağlı olanların ağlını alır və ağlı olmayanlara ağıl verir. (Deni Didro)
Məhəbbət digər duyğularla yanaşı, müstəqil şəkildə mövcud olan sadə duyğudur – altıncı duyğu! Kimdəsə var, kimdəsə – yox. (Əbu Turxan)
Məhəbbət dünyası xəyal ilə gerçəkliyin birləşməsindən yaranır. (Əbu Turxan)
Məhəbbət ehtirasının şövqü cismani ləzzət hissini kölgədə qoyur. (Stendal)
Məhəbbət ehtiraslıdır, dostluq isə ruhun keyfiyyətidir. (Aristotel)
Məhəbbət elə bir ehtirasdır ki, nə keçmişi, nə də gələcəyi tanıyır. (Onore de Balzak)
Məhəbbət elə bir şeydir ki, o hər şeyi unutdurur, birgə sevgilinizdən başqa. (Fəridəddin Əttar)
Məhəbbət elə güclüdür ki, bizim özümüzü də yenidən yaradır. (Fyodor Dostoyevski)
Məhəbbət əzmi... çox vaxt məhəbbətin özü kimi qəbul olunur; maneələr onu ehtirasa çevirir, vüsal isə yox edir. (Vissarion Belinski)
Məhəbbət gerçəkliklə arzu dünyası arasında sərhədi götürür. (Əbu Turxan)
Məhəbbət göz yaşı kimidir: gözdən başlayıb ürəyə düşür. (Publiliy Sir)
Məhəbbət haqqında gözəl danışan əsl aşiq deyil. (Petrarka)
Məhəbbət həmişə başqasına doğru yoldur. (N.A.Berdyayev)
Məhəbbət həyatdan əlini üzənləri də yenidən həyata qaytarır. (Əbu Turxan)
Məhəbbət iki sevən arasında örtükdür. (Cübran)
Məhəbbət incəsənətdir, onu mənimsəmək lazımdır. (Erix Fromm)
Məhəbbət insanın öz həyatının bütün mənasını sevgilinin gözü ilə görməsidir. (Sufi hikməti)
Məhəbbət insanın özünü başqasında itirməsidir. (Sufi hikməti)
Məhəbbət insanın özünü başqasında tapmasıdır. (Georq Vilhelm Fridrix Hegel)
Məhəbbət insanların bir-birinə bağışladığı xoşbəxtlikdir. (Jorj Sand)
Məhəbbət kamillikdir, kamilliyin isə hüdudu olmur. (Uilyam Şekspir)
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3585
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar