Qonşu niyə qonşunun külünə möhtacdır? – Belə yaranıb
09 iyun 2023 14:49 (UTC +04:00)

Qonşu niyə qonşunun külünə möhtacdır? – Belə yaranıb

Lent.az “Belə yaranıb” rubrikasında maraqlı faktları təqdim edir.

Çaxmaq daşı, kibrit və alıqşanın hələ kəşf olunmadığı dövrlərdə atəş yandırmaq əziyyətli iş idi. Buna görə, kiminsə evində ocağı sönəndə qonşusunun ocağından od almağa gedərdi. “Qonşu qonşunun külünə möhtacdır”  atalar sözünün altında bu məna yatır. Yəni külü, közü üfürüb qığılcıma çevirmək mümkün idi. Bundan əlavə küldən başqa məqsədlərlə də istifadə olunurdu. Kül ağ paltarları qaynatmaq üçün, bulaşıq qabları silib təmizləmək üçün yaxşı vasitə idi.

Qonşu qonşuya od almağa gedəndə od sönməmiş onu tez evə çatdırmalı idi. Buna görə də çox oturmayıb, diləyini alıb geri dönərdi. “ Nə tez getdin? Od almağa gəlmişdin?” məsəli də bu münasibətlə deyilmişdi.

Bəs qonşudan od nəyin içində gətirilirdi? Əsasən regionlarımızda işlədilən xakəndaz sözünü yəqin ki, eitmisiniz. Evi, həyəti süpürdükdən sonra zibili toplamaq üçün istifadə olunan kiçik dəmir və ya plastik qaba belə deyilir. Keçmiş zamanlarda  qonşudan od götürmək üçün  dəmir və ya çini tasdan istifadə edirdilər. Tas odun istisi ilə qızıb əli yandırmasın deyə, onun içinə torpaq tökülərdi. Bax beləcə, Xakəndaz ( xak- torpaq, tas-qab ) sözü də yaranıb.
 

# 2430
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar