Lent.az-ın müsahibi mahnıları dildən-dilə düşən, tanınmış müğənni, bəstəkar Şöhrət Məmmədovdur.
- Şöhrət, siz musiqi təhsil alıbsınız? Bildiyimə görə, Dövlət Sərhəd Xidmətinin hərbi akademiyasını bitirmisiniz.
- Bəli. 7 il xidmət göstərmişəm. Hərbi təhsili öz arzumla aldım. Əgər bir işi pul qarşılığı olmadan edirsənsə, bu sənin sevdiyin işdir. Öz istəyimlə hərbidə idim. Amma düşündüm daha bəsdir ruhumun çağırdığı yerə getməliyəm. Hərbi Akademiyada təhsil alanda bir gitara almışdım, 60 manata, 3 ay gecə-gündüz fikir elədim ki, o pulu necə verəcəm, özüm-özümü söyürdüm, “hansı gününə sən bu gitaranı almısan” deyirdim, sağ olsun dostlarım köməkləşdilər ödədik o pulu. Hərənin ömründə bir çətin dövr olur. Ruhumun çağırdığı yerə getdim. Musiqi üzrə sonradan özəl təhsil almışam. Musiqi üzrə təhsilim olmadan yazdığım musiqilərlə indikilər arasında böyük fərq görürəm. 2018-ci ildəkilər hara, indikilər hara? Hər hansı mərhələni aşmaq üçün mühitin düşüncələri də vacibdir. Bir çox müğənnilər təhsili ona görə alırlar ki, söz düşəndə hansısa bir verilişdə rahat bağıra bilsin, desin ki, mən oxumuşam. Təhsilin, yaşın çox olmağı hələ o demək deyil ki, sən çox ağıllısan, istedadlısan. Ağıl yaşda deyil, başdadır.
- Özünüzü şou-biznes adamı hesab edirsiniz?
- Qətiyyən. Şou-biznes gözəlliklərlə dolu olan aləmdir...
- Mən daha çox qalmaqallarla dolu deyərdim.
- Çünki indi əlinə hər mikrofon alan “mən şou-biznesdənəm” deyir. Xarakter etibarilə də şou adamı deyiləm, sənətimdə də yeni olduğum üçün bunu söyləməyə haqqım çatmır, uzun illər lazımdır. Şou yox, incəsənət adamıyam. Şou-biznes şou göstərib onu satır. Qətiyyən şou biznesdə adım hallansın istəmirəm.
- Sizi qalmaqallara dartmaq cəhdi olub?
- Çox olub. Amma daha xasiyyətimi bilirlər deyə, əl çəkdilər. Özümü o yerə qoymaram ki, hansısa aparıcı məndən vurma cədvəli soruşsun, mən də durub hələ bir ağılsız kimi cavab verim. İnsan qarşısındakının səviyyəsinə baxıb, ona uyğun söhbət aparmalıdır. Hər kəs narazılıq edir ki, biri efirdə doğmaqdan danışır, biri boşanmaqdan, neçənci dəfə ərə getməkdən , biri namus, qeyrət dərsi verir. Aparıcı qarşısındakına baxır, damarına görə qan alır. Görür onunla ciddi mövzularda danışmaq olmur, başlayır belə mövzularla şou yaratmağa. Ölkəsinin atributunu tanımayan adam doğmaqdan danışacaq da. Çox da qınamayın.
- Aparıcıdan gedir söhbət yoxsa qonaqdan?
- Elə hər ikisindən. Savadlı aparıcılarımız var. Məsələn, Vüsalə Əlizadə, Tarix Əliyevlə söhbət edəndə zövq alıram. İntellektual səviyyələri yüksəkdir, istənilən mövzuda əsaslı faktlarla danışa bilirlər.
- Bəs Zaur Kamal?
- Onun mövqeyi başqadır. Hamısının özünə məxsus müsbət xarakteri var.
- Tanıyıb peşman olduğunuz məşhurlar var?
- Çox. O qədər demişəm kaş heç tanımayaydım. Elə Əməkdar, Xalq artisti adı olanlar var ki, buna o qədər özlərini alışdırıblar ki, gerçək həyatda da artistlik edirlər. Adamın qanına keçib artistlik eləmək. 30-40 ildir özünü də aldadır, ətrafındakıları da. Mənim belə adamlarla işim olmaz. Həmişə yeni tanışlıqlardan qaçmışam. Yeni tanışlıqlar özü ilə çətinliklər də gətirir.
- Bu mühitdən dostunuz var?
- Var. Üzeyir Mehdizadə. Tərbiyəsi və xarakteri ilə, onu tanımaqdan məmnunam.
- Kimsə qolunuzdan tutub bu sənətə gələndə?
- Xeyr. Heç kimdən də küsmürəm.
- Hərbiçi idiniz. Günün birində qərar verdiniz ki, müğənni və ya bəstəkar kimi fəaliyyət göstərəcəm. Uğurlu olacağınıza o qədər inam çox idi?
- 5 il hərbi təhsil aldım, 7 il xidmət göstərdim. Vətənpərvərəm bu öz yerində. Musiqi məni həmişə özünə çəkib. Böyük hədəflərim var idi, onları reallaşdırmalıydım. Enerjiyə çox inanıram. Bu gün sürdüyüm maşının 2017-ci ildə rəngini, modelini, hətta salonunun rəngini yazmışdım bir kağıza. Bilirdim ki, o mənim olacaq. Halbuki o vaxt maşının heç təkərini alacaq pulum yox idi. Mənim arzularım yoxdur, hədəflərim var. Məsələn, biznes qurmaq, yaradıcılığımı bizneslə paralel olaraq yüksəltmək və tarixdə öz sənətimlə iz buraxmaq, ad qoymaq.
- Türkiyədən yenə mahnı sifarişləri gəlir sizə?
- Çox olur. Sadəcə onların köməkçiləri mənim köməkçilərimlə danışır deyə bu iş bəzən ləngiyir. Üz-üzə gələndə mənə deyir səndən mahnı istəmişdik. Deyirəm məndən, yox sənin köməkçin mənim köməkçimdən istəyib. Mənə bir zəng eləmək bu qədər çətindirsə mən o adama mahnı vermərəm. Bilirsiniz, prestij başqa şeydir, peşəkar yanaşma başqa. Pul qarşılığında hər hoqqadan çıxırlar, amma prestij saxlayırlar, danışanda da olursan pis adam. Niyə belə adamla kontakta girim ki, əsəbiləşim.
- Mahnılarınızı satanda nəyə önəm verirsiniz?
- Əqli Mülkiyyət hüququna və qarşımdakının xarakterinə. Mahnını verirəm, əqli mülkiyyət haqqında qanunu ona izah edirəm, deyirəm bu mahnını sənə iki il müddətinə verirəm, sonra şifahi dediyimi müqavilə bağlayanda da göstərirəm. Türklərdə bu qanun yaxşı işləyir, bizdə yox. Bizimkilərə mahnı verməmişəm, vermək də fikrim yoxdur. Hazırda olduğum yerdən məmnunam. Niyə mənim bahalı evim, maşınım olmaq ehtimalı varkən bunu əlimlə geri itələyim? Bizdə əqli mülkiyyət hüququna qiymət verən yoxdur, sistem yaxşı çalışmadığı üçün mahnılarımı satmıram.
- Toya gedirsiniz?
- Bəzən deyirlər, qohumumun toyudur, sizi yarım saatlıq toya çağırıram, məndən o ailəyə hədiyyə olsun. Deyirəm ev sahibi razı deyilsə, getmərəm.
- Niyə?
- Getdim, birdən dedi bunu niyə gətirmisən, mən onda nə edəcəm? Gərək birinci toy sahibinin razılığı ola. Hörmətsizlik etsələr, dözmərəm.
- Davakar adama oxşayırsınız bir az. Söz-söhbəti qol gücünə həll etdiyiniz olub?
- Hörmətsizlik edəndə əlbəttə olub. Çalışıram olmasın, amma belə şərait yaranarsa ola bilir. Əvvəlki illərə nisbətdə indi daha mülayim, daha mədəniyə
- Çətin adamsınız?
- Hə, çətinəm. Deyirdilər sənə gələn qız çox əziyyət çəkəcək. Məncə olmaz. Uşaq deyiləm, yersiz qadağalar qoyum. Yanıma gələn insanı, ünvanı mənim olan qadını çalışacağam peşman eləməyim. Evliliyi sağlam idarə eləmək mənim üçün elə böyük hədəflərdən biridir.
- Bahalı müğənnisiz? Yəni toy qonorarınız yüksəkdir ya normal?
- Yarım saatlıq toy qiymətim şoka salacaq qiymətdir. Mən 20 ildir oxumuram. Bunu nəzərə alsaq bu az zaman içində şok edici qiymətdə qonorar tələb edirəm.
- Bir çox müğənnilər ya gizlədir qiyməti ya da çox yüksək deyir.
- Qiyməti iki şeyə görə gizlədirlər. Ya yalan deyir, şişirdir, ya da vergidən yayınmaq üçün. Bir nəfər sizə deyirsə, 10 minə toya gedir, inanın ki, o 5-6 minə gedir, 10 minə getmiş olsa, 20 min deyərdi.
- Oktyabrın 30-da toyunuzdur. Kimlər oxuyacaq toyda?
- Bütün müğənni dostlarım toyda olacaq. Oxumaq üçün dava eləmirəm bunu da onlardan gözləyirəm. Ərkim çatan dostlarım sıra ilə oxuyacaqlar. Mustafa Ceceli ilə Üzeyir Mehdizadənin konsertləri var həmin günlərdə, üst-üstə düşməsə toya gələcəklər.