“Cavidi evdən aparanda Mişkinaz xanım saatı dayandırıb” – Hüseyn Cavidin ev-muzeyindən REPORTAJ
11 aprel 2025 17:06 (UTC +04:00)

“Cavidi evdən aparanda Mişkinaz xanım saatı dayandırıb” – Hüseyn Cavidin ev-muzeyindən REPORTAJ

Lent.az Hüseyn Cavidin ev-muzeyindən reportajı təqdim edir.

"Həqiqət istərəm, yalnız həqiqət"

Cavid Əfəndi, Şərqin Şekspiri və ya elə Hüseyn Cavid...

Cavid Əfəndinin ev-muzeyinin yerləşdiyi binanın qarşısındayam. 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə tikilmiş bu bina Şərqdə ilk qız məktəbi olub. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Parlament binası olaraq fəaliyyət göstərib. 1920-ci ildən etibarən isə Darul-müəllim (Pedaqoji məktəb) kimi istifadə edilib. Hüseyn Cavid 1920-ci ildən burada yaşayıb. Hazırda 1-2-ci mərtəbələr Məhəmməd Füzuli adına əlyazmalar institutu, 3-cü mərtəbə isə Hüseyn Cavidin ev-muzeyi kimi fəaliyyət göstərir. 

Bizi muzeyin Elmi Ekspozisya şöbəsinin müdiri Gülnar Hüseynova qarşılayır. Vaxt itirmədən Cavid Əfəndinin evi ilə tanış edir. Otağa girən kimi Cavid Əfəndinin həyat yoldaşı Mişkinaz xanımın büstü - sağ tərəfində Cavid Əfəndinin, sol tərəfində Ərtoğrol Cavidin rəsmi diqqətimi çəkir. Bu büst Xalq Rəssamı Ömər Eldarovun əl işidir.

Büstün yanında isə oğlu Ərtoğrol Cavidin konservatoriya təhsili aldığı zaman istifadə etdiyi kitablar düzülüb. Evin ortasında ağ örtüklü masa var. Masanın ətrafında ailə üzvlərinin sayı qədər - 4 stul var (Əslində, dəst 6 stuldan ibarət olur). SSRİ dövründə damğalanan, təqib edilən insanların evlərinə qorxudan hətta ən yaxın qohumları belə getmirdilər. Cavid Əfəndi də daim təqib edilən bir dahi olmuşdu. Buna görə də, onun da evinə gəlməyə çəkinirdilər. Mənə elə gəlir ki, buna görə də, masaya əlavə stul qoymağa ehtiyac görməyiblər.

Bənim tanrım gözəllikdir, sevgidir…

Gülnar xanım Oqtay Sadıqzadənin çəkdiyi tablonu göstərir:

- Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanımdır. O, öz toy xatirələrindən bəhs edərkən bildirib ki, 1918-ci ildə kiçik bir toy məclisi təşkil edilib. Mişkinaz xanım oxumağı, yazmağı bilmirdi. Cavid Əfəndi özü ona dərs keçmişdi. O istəyirdi ki, əsərlərinin ilk oxucusu Mişkinaz xanım olsun.

Cavid Əfəndinin Mişkinaz xanıma sevgisiylə bağlı çox yerdə oxumuşam. Hətta Mişkinaz xanım xatirələrində yazır ki, 1920-ci ildə o xəstələnəndə Cavid Əfəndi evdəki kitabları satıb ona dərman alır. 

Cavid Əfəndinin 2 övladı olub - Ərtoğrol Cavid və Turan Cavid. Tomris adında bir övladı olsa da, yaşa dolmadan ölüb. Divarda Ərtoğrol Cavidin qara qələmlə çəkdiyi Hüseyn Cavidin rəsmi asılıb. 

Divarın digər hissəsində isə xalçaçı rəssam Afaq Kərimovanın hazırladığı xalça asılıb. Xalçada Cavidin Sibirdən göndərdiyi məktubları oxuyan Mişkinaz xanım təsvir edilib. Cavid Əfəndi qızılgülləri çox sevərmiş, buna görə də xalçanın kənarlarında qızılgüllər əks olunub. Xalçanın altında isə sandıq var.

O solğun çöhrədə bir nuri-səfvət var ki, çox nadir...

Gülnar xanım Hüseyn Cavidlə Mişkinaz xanımın ailə qurması haqqında maraqlı bir əhvalat danışır: Cavid Əfəndinin bacısı onun Mişkinaz xanımla ailə qurmasını istəyib. Lakin Cavid deyib ki, görmədiyim qadınla ailə qurmaram. O vaxt isə qadınlar çadraya bürünürmüşlər. Belə bir plan hazırlayırlar ki, Mişkinaz xanımı tikiş tikməksi üçün evə dəvət ediblər. Mişkinaz xanım çadırasını açanda pəncərədən Cavid Əfəndinin üzünə işıq düşüb deyə, onu yaxşı görməyib. Deyib ki, görə bilmədim, görə bilmədiyim qadınla ailə qurmaram. Eyni oyunu ikinci dəfə də oynayıblar, Cavid Əfəndi Mişkinaz xanımı çox bəyənib və ailə qurmağa razılıq verib. 

Divarın künc hissəsindəki şkafda Cavid Əfəndi və ailənin digər üzvlərinə məxsus əşyalar var.

Əşyalar arasında Cavidin papağını da görürəm. Bu, mənə uzun müddət əvvəl oxuduğum 59 rəqəminin onun həyatındakı yerini xatırladır. Papağının ölçüsü, vəfat etdiyi yaş 59 olub, 59 nömrəli məzarda dəfn olunub və vəfatından 59 il sonra məzarı vətənə eskumasiya edilib. Gülnar xanım da bu rəqəmləri təsdiqləyir:
- Cavid vətənə qaytarıldıqda qızı Turan xanımın da 59 yaşı var idi.

Keçərdi günlərim əvvəl səninlə şatirü şən…

Şkafın yanında isə tikiş maşını var. Gülnar xanım onun da tarixçəsini açıqlayır:

- Cavid Əfəndi həbs edildikdən sonra ailə çox pis maddi sıxıntılarla üzləşir, Mişkinaz xanım gizli şəkildə tikiş tikərək pul qazanır. 

Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər…

Digər otağa keçirik. Otaqda ilk diqqətimi çəkən Oqtay Sadıqzadəyə aid "Qara yazı" əsəri olur. Əsərdə repressiya qurbanları təsvir edilir: Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, İdris Axundzadə, Abbas Mirzə Şərifzadə və Pənah bəy Qasımlı.

Əsərdə hər birinin məhbus nömrələri qeyd olunub. Əsərin yanındakı guşədə isə 1937-ci ildə Cavid Əfəndinin "vətən xaini" olması barədə çıxan məqalələr var. Digər guşədə isə Cavidin göndərdiyi məktublar yer alır. Məktubların müəyyən hissələrinin kəsildiyi marağımı çəkir. Gülnar xanım beynimdəki suala cavab verir:

Məktublar senzuradan keçirdi, istəmədikləri hissəni kəsib götürürdülər. Elə bilirdilər ki, Cavid Əfəndi nəsə gizli mesaj ötürür. Məktublar rus dilində yazılırdı. Ruslar buna məcbur edirdilər. O, hər məktubunun sonunda "Turandan muğayat olun" yazırdı. Bunun iki mənası vardı: O, "Turan" deyərkən həm qızını, həm də böyük idealı olan Turan birliyini nəzərdə tuturdu.

Cavid Əfəndi 1941-ci ildə vəfat etsə də, ailənin bundan 1948-ci ildə xəbəri olur. 

Divardakı guşədə Cavid həbs olunarkən evi axtarış vərəqəsi, ölüm haqqında şəhadətnaməsi və onun bəraət alması haqqında kağız nümayiş olunur. 

Otaqdakı ən maraqlı eksponatlardan biri isə Cavid Əfəndinin yazı masasıdır. Şamdan, qələmi və yarımçıq qalmış "Azər" poeması...

Bən ağlıyordum, o xamuş... bən həyatıma küskün...

Divarda isə yatmış saat var - saat 11:20-də qalıb. Gülnar xanım deyir ki, Cavidi bu evdən aparanda Mişkinaz xanım saatı dayandırıb: Caviddən sonra həyat durdu mənasını ifadə edir...

Digər otağa keçirik. Bakının baş memarı, repressiya qurbanı Zivər bəy Əhmədbəyovun Cavid Əfəndinin 40 illik yubileyinə həsr etdiyi portreti divardan asılıb. Gülnar xanım deyir ki, portretin özəlliyi budur ki, Cavid Əfəndi özü də bu rəsmi görüb. Portretin aşağı hissəsindəki şkafda Cavid Əfəndinin radiosu və alman, fransız dillərində tərcümə kitabları var.

- Ən maraqlı eksponatlarımızdan biri... - Gülnar xanım masanın üzərindəki süfrəni qaldırır:
- Axtarış qrupu evə daxil olarkən əllərinə keçən hər şeyi müsadirə etmişdilər. - Masanın altında gizlədilmiş siyirməni açır - Amma ağıllarına gəlməmişdi ki, Cavid Əfəndinin bir çox əsərləri, şeirləri, "Azər" poeması burada saxlanılıb.

Digər otağa keçirik. Girişdə divardan Afaq Kərimovanın xalça əsəri asılıb. Xalçanın bir hissəsində Cavid Əfəndi qızılgüllər içərisində təsvir edilib. Digər hissəsində isə Sibir yolları və bayaq sizə göstərdiyim yatmış saat təsvir edilib.

Aldanır, aldanır zavallı bəşər…

Cavid Əfəndi həmişə israrla bildirib ki, mənim yazı tərzimə toxunmayın. Lakin o həbs ediləndən sonra əsərləri qadağan edilib. Bəraət aldıqdan sonra isə əsərləri ürəkləri istədiyi kimi dəyişib çap edirdilər. Turan xanım özü əl yazısı ilə o əsərləri redaktə edib və SSRİ senzurasından keçməyən yerləri qələmlə kitablara əlavə edib. Kitabı vərəqləyirəm. "Mən" sözünün üstündən xətt çəkilib və kənarına "Bən" deyə qeyd edilib.

Cavid Əfəndi yaşadığı dövrdə əsərləri səhnəyə qoyulurdu və o özü də gedib həmin tamaşaları izləyirdi. Burada Cavidin səhnələşdirilən əsərlərinin guşəsi var. Onun əsərlərində oynayan sənətçilərin şəkilləri əks olunub.

"Hər qaranlıqda çırpınır bir nur
Hər həqiqətdə bir xəyal uyuyur"

Divarlar Cavid Əfəndinin misraları ilə bəzənib. Seyfəddin Məmmədəliyev tərəfindən muzeyə hədiyyə edilən maraqlı bir eksponat diqqətimi çəkir. Üzərində Cavid Əfəndinin ərəb əlifbası ilə adı və misraları qeyd olunub. Maraqlısı budur ki, yazı yalnız güzgü vasitəsilə oxuna bilir.

Otaq Cavid Əfəndinin yaradıcılığına, əsərlərindən motivlərə həsr edilmiş əsərlərlə doludur.

- Digər bir maraqlı eksponat - Gülnar xanım pianoya yaxınlaşır - Bu pianoda Üzeyir Hacıbəyli Cavid Əfəndinin oğlu Ərtoğrula dərs deyib.

- Cavid Əfəndi nərd oynamağı çox sevərmiş - Gülnar xanım nərdin qapağını açıb davam edir - Ən yaxşı nərd yoldaşı isə Əhməd Cavad olub. Uduzmağı isə heç sevməzmiş...
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3184

Oxşar yazılar