Müşfiq Ötgün
06 mart 2025 14:14 (UTC +04:00)

Müşfiq Ötgün

“Axundovun bizim indiki qərbçilərdən heç bir fərqi yox idi” - Filosof Müşfiq Ötgünlə MÜSAHİBƏ

Lent.az-ın müsahibi filosof Müşfiq Ötgündür

- Bir filosof kimi cəmiyyətin ümumi mənzərəsini necə təsvir edərsiz?

- Xüsusi bir problem görmürəm. Adətən, ziyalılara sual verəndə başlayırlar hansısa pis bir özəlliyə sahib olmaqdan ki, ay biz bədbəxtik, bizim xüsusi problemimiz var. Bir həkim qılıfına girib resept yazmağa başlayırlar. Mən elə bir problematik durum görmürəm. Kimdənsə geri qaldığımızı da düşünmürəm. Bizə normalda Qərbi örnək göstərirlərsə, mən insanilik baxımından Qərbdən çox da geri olduğumuzu görmürəm. Doğrudur, institut olaraq bəzi geriliklərimiz var. Məsələn, iqtisadi, hüquqi infrastrukturumuz. Amma insani perspektivdə bu xalqın böyük bir problemi varmı? İnsana, ağsaqqala hörməti azalıbmı? Qonaqpərvərliyi azalıbmı? Bu baxımdan mən böyük bir problem görmürəm. Məsələ burasındadır ki, hər cəmiyyət daima bir dilemma içərisində olur. ABŞ cəmiyyəti də, Rusiya, Fransa, Hindistan cəmiyyəti də. Bəziləri deyir ki, insan daima uçurumda yaşayır. İnsan mütləq özünü formalaşdırmalıdır, o ruhani inkişafını təmin etməlidir. 

Bayaq bura gələndə bir video gördüm. Uşaqlar sinifə gəlir, müəllimsə yatıb. Müəllimi oyatmadan sakitcə otururlar. Bu, onların təhsilinin nəticəsi deyil. Baxmaq lazımdır ki, bu necə bir məktəbdir? Oraya necə uşaqları seçib götürürlər? Mərifətsiz uşaqlar Qərbin özünün də əyalət məktəblərində çoxdur. Bizdə də elə elit məktəblər var ki, uşaqları seçib götürürlər. Psixikanın ayarları ilə təhsili eyniləşdirmək olmaz. Bizdə də o qədər mərifətli, uşaqlar var ki. Guya Qərbdə narkoman yoxdur? 

- Axudovun büstünün yanındayıq. Elə o da cəmiyyəti tənqid edirdi...

- Axundovun bizim indiki qərbçilərdən heç bir fərqi yox idi. Doğrudur, teatrımızın yaranmasında xidmətləri olub, amma onun Azərbaycanın inkişaf perspektivinə yanaşması bizdən Qərb xalqı formalaşdırmaq istəyindən başqa bir şey deyildi. Təəssüf ki, həmin dövrün bütün maarifçiləri də bu havada idilər. Axundov bizdən bir qərb xalqı yaratmaq istəyirdi. Gedib orada rusları görüblər və bizim xalqla onların arasındakı fərqi aradan qaldırmaq üçün bizi onlara uyğunlaşdırmağa çalışırdılar. Axundov düşünürdü ki, hər sahədə qərbləşsək, yaxşı olar. Bu isə yanlış düşüncədir.

-Şərqlə qərbin arasında yerləşən Azərbaycanın fonunda şərq-qərb münasibətlərini necə izah edərsiz?

- Biz doğrudan da, kəsişmədəyik. Ədəbi baxımdan elə də böyük əsər saymasam da, "Əli və Nino"  bu mövzuda bir marker oldu. Orada Şərqli oğlan Əlinin Qərb dəyərləri ilə yaşaması və hisslərinin parçalanması əks olunub. Bizim təməlimiz şərqlidir, ruhanidir. Ağlımız və tərbiyəmiz isə qərbli. Bu ziddiyyəti azərbaycanlı olaraq həmişə hiss edirik. Ailə dəyərlərimiz şərqlidir, amma eyni dərəcədə də qərbləşmiş bir ekzistensiyada yaşayırıq. Ona görə də, qəlbimizdə bunun acıları var. Ört-basdır edə bilərik, amma bu acılar var. Mən düşünürəm ki, biz tamamilə şərqliyik. Sadəcə elə bir yerdəyik ki, Qərbin də təsirini hiss edirik. Ailəyə, həyata, sənətə yanaşmamız şərqlidir.

- Dediz ki, qəlbimiz və ruhumuz şərqlidir, ağıl və tərbiyəmiz isə qərbli. Ağıl və tərbiyəni niyə şərqdən almadıq?

- Tərbiyəmiz qismən qərblidir. Məktəbə gedirik, bizi bu cür öyrədirlər. Oxuduğumuz kitablar da təsir edib. 200 il rusların istilasında olmuşuq. Ruslar ta Pyotrun vaxtından qərar veriblər ki, biz qərbli olmalıyıq, amma Qərb onları sevmir. Çünki onlarda bir Şərq görür, etibar etmir. Biz bu svilizasiyanın içində idik və bu çox təsir etdi. İdentikliyimizdə bir mutasiya yarandı. 

- Şərq ağlı və tərbiyəsi deyəndə nəyi nəzərdə tutursuz?

- Əslində, Şərq bu dəqiqə özünə xəyanət etmiş bir durumdadır. Yaponiyaya qədər hamısı. Üst, səthi səviyyədə Şərq yoxdur. Onu inandırıblar ki, sən Qərb olsan, daha yaxşı olar və Şərq başını itirib. Daha dərin qatlarda, məsələn, sufi xanəgahlarında, balaca icmalarda, qəzəl məclislərində Şərq yaşayır. Bu da insanın ruhani inkişafına olan sonsuz maraqdan irəli gəlir. Qərb isə bizə dünyanın texniki baxımından inkişafına sonsuz maraq aşılayır. Hər il yeni "İphone"nin çıxmasını gözləyən insanlar var. Fikirləşirlər ki, görəsən,  İlon Mask neynəyəcək? İlon Mask Qərbin peyğəmbəridir. Ondan əvvəl Stiv Cobs idi, daha əvvəl Bill Qeyts. Onlar xilası bu adamlardan gözləyirlər. İlon Mask ona görə gəlib Trampın komandasında yer aldı. Elə bir mühit yaradıblar ki, bu mühit İlon Mask kimi adamları zəruri edir. Onlar əsas hədəf bunu qoyurlar ki, texnikanı inkişaf elətdirsinlər. Yeni elektrik maşınları, silahlar yaransın. Camaat buna "bəh-bəh" deyir. Amma şərqlilər üç-üç, beş-beş oturub muğama qulaq asarlar və insanın kamilləşməsinə heyrət edərlər, yeni yaranmış çipə, süni intellektin bacarıqlarına deyil. Şərqlilər insan daxilinin dərinliklərinə enib ondan zövq alarlar. Biz bu perspektivdəyik.

- Belə demək olar ki, Qərb ağıldır, Şərq ürək?

- Bəli. Ağıl köksüzdür. Ürəyin isə kökü var. Ürək insanın mahiyyətinin dərinliyini təmsil edir. Ağıl periferikdir. Onun işi bizi qorumaqdır. Ağıl bizi xoşbəxt edən yola apara bilməz. Ağıl hər kəsi yad, təhlükə kimi görüb onunla mübarizə aparmaq istəyir.

- Azərbaycan kültürü, məişəti hansı dəyərlərə söykənir?

-  Bizim məişətimizin, kültürümüzün kökü musiqimizdədir. Musiqi, əslində, çox mesaj verici bir şeydir. Bizim muğamlarımız, aşıq musiqimizdə davranışımızın plastikası əks olunub. Ona görə, biz birinci musiqimizdən tərbiyə alırıq. Daha sonra dastanlarımız var. Türklük keçmişimizi ifadə edən dastanlarımız. "Kitabi-Dədə Qorqud", "Koroğlu" var. Sonra Zərdüştümüz var. Bu torpaq odlar yurdudur. Bu, bizim dilimizdə belə qalıb. Məsələn, gecənin xeyirindənsə səhərin şəri yaxşıdır. Bu söz Zərdüştilikdən qalıb. Və bizim İslam dövrümüz. İslamı öyrənəndən sonra anlayırsan ki, Füzuli, Nizami, Nəsimi başdan-başa İslam imiş. Bir xalqın ədəbiyyatı, mədəniyyəti onun formalaşmasına təkan verir. Daxili qatımız budur. Zahiri qatımız isə məktəblərdə bizə təlqin olunan Axundov kimilərin təbliğ etdiyi Qərb fəlsəfəsidir. Ürəyimiz deyir ki, əsas məsələ insani perspektivdə inkişaf eləməkdir, ağlımız isə əsas məsələnin texniki perspektivdə inkişaf etməyin tərəfdarıdır. Ona görə də biz, bir az bədbəxt durumdayıq. 

- Yüz illərdir ki, ürəyin, ruhani dünyanın inkişafına yönəlmişik, bəs niyə Şərq olaraq bir ağ günə çıxmamışıq?

- Ağ gün deyəndə nəyi nəzərdə tutursunuz?

- İnsanların sosial rifahı, təhsil səviyyəsi, demokratik sistem... İctimai davranış qaydalarında belə nə qədər kobudluq, yöndəmsizlik görmək olur.

- Siz belə şeyləri Nyu-Yorkda da, Meksikada da görə bilərsiz. Ya da Fransada bəzi yerlər var ki, gecələr taksi oraya sürmək istəmir, qorxur ki, hücum edərlər. Yaxşı yaşamağa gəlincə isə, sosial rifahı yaxşı olanlar ağa sinfinə mənsub insanlardır. Onlar cəmiyyətində müəyyən bir hakimiyyət əldə edirlər və o sosial rifahı öz əllərinə keçirib çalışırlar ki, övladlarına da ötürsünlər. Bu dəqiqə biz dünyanın ağası deyilik. Yaxşı yaşayanlar Qərbdədir, çünki dünyanın ağası onlardır. Bütün dünyanı sömürürlər, ona görə də, yaxşı yaşayırlar. Orada mürəkkəb bir sistem var. Məsələn, Tramp qalxıb Kanadaya deyir ki, mən daha səni zəngin etməyəcəm. Və Kanada kimi bir dövlətin rəhbəri istefa verir. Və ya Tramp Avropaya deyir ki, bəsdir sizi saxladım, daha sizə ucuz mallar verməyəcəm. Avropa qorxur ki, bu tərəfdən də Rusiya qazı kəsilib, maddiyatın əvvəlki tempini saxlaya bilməyəcək və yaşayış səviyyəsi aşağı düşəcək. Yaşayış səviyyəsi onlarda 2-3 əsr bundan əvvəl çox aşağı idi. Şərqə həsəd aparırdılar. Tarixi bütöv götürəndə son 200 illik hadisələr 10 dəqiqəlik məsələ kimi görsənir. Bizə təlqin edirlər ki, biz pisik, pis yaşayırıq. Baxır hansı bucaqdan baxırsız. Məsələn, orta bir Qərb şəhərində qocalar evinin olması səfalətin ifadəsidir. Qocalar övladlarından kənarda tənha ölümə buraxılır. Ona orada yaxşı baxılsa belə, bu dəhşətdir. Amma nə qədər kasıb komada olsa belə övladlarının yanında olan ana-atanı təsəvvür edin, biri onun ayağını masaj edir, digəri su gətirir, bu cür dünyadan köçmək daha gözəldir. Bizim ağlımızı oğurlayıblar. Nə istəsələr təlqin edirlər. Mənə görə, Şərqdə yaxşı həyat var. Qərbdə bir çox fikirləri politkorrekt saymayıb insanı susdura bilərlər. Amma biz burada Quran, İncil, Tövrat oxuya bilirik. Qərbdə isə səmimi olsalar, Bibliya çoxdan politkorrekt deyil. İstər qadın-kişi münasibətlərinə qarşı olsun, istər insan həyatına münasibət olsun, politkorrekt deyil. Bütün bəşər fəlsəfəsi politkorrekt deyil. İndi bunlar ütülü, "cici-bici" dünyası yaradırlar, bu da gətirib LGBT-ə çıxartdı. Açıb baxın, Şərqin kitablarında bu haqda nə yazılıb. Artıq bizə də gəlib çıxıb. Həqiqətin arxasınca gedənlər başqa tip adamlar olurlar. İndiki Qərbdə həqiqətə yer yoxdur, ütülü yalana yer var. Orada sənət də, ədəbiyyat da həqiqəti ortaya qoya bilməyəcək. Hamısı sifarişli əsərlərdir. Elə gedib "Harri Potter" kimi fantastik şeylər yazsınlar. Çoxdandır ciddi ədəbiyyat da yaratmırlar.

- Ailə modeli necə olmalıdır?

- Biz müsəlman ölkəsiyik, əxlaqımızın təməli Qurandır. Oradakı ailə modeli bizim "fabrik ayarlarımıza" görə ən uyğunudur. Burada kişi ailə başçısıdır. Ailə ikibaşlı drakon deyil. Ailənin bir başı var, o da kişidir. Onun yanında duran qadını və valideynlərinə "uf" belə deməyən uşaqları var. Bütövlükdə bu ailə bir-birini xeyir işlərə sövq edər və bu ailə üzü cənnətə doğru gedər. Ən yaxşı ailə modeli budur ki, orada hər kəs nə üçün yaşadığını bilir. 

- Ailədə qadınla kişinin funksiyası nədir? Onların öhdəlikləri necə nizamlanmalıdır?

Biz elə bir dünya yaratmışıq ki, bu Qərb dünyasıdır. Gözümüzü açıb gördük ki, dünya dəyişib və o dəyişikliyin faciələrini Cəfər Cabbarlının əsərlərində görmək olar. Qərb dünyası Balaşı da pozdu, Sevili də bədbəxt elədi. Ailəsi dağıldı və bədbəxt oldu. 

- Axı Sevili Balaş bədbəxt eləmişdi. Məcbur olub ayrıldı. Balaş Sevili təhqir edirdi, onu ən aşağı səviyyəyə alçaltmışdı. Həmin Sevil daha xoşbəxt idi?

- Müqayisədə bəli. Daha xoşbəxt idi. Sadəcə bizə təsvir olunan durum o ailənin böhran vaxtı idi. O böhranı adlaya bilsəydilər, Dilbər əhvalatı bitsə idi, başqa cür olardı. Balaşın da ağlı başına gələcəkdi.

- Qadınla kişinin ailədəki funksiyasına qayıdaq...

- Kişinin funksiyası ailəni qorumaq, onu maddi baxımdan təmin etməkdir. Qadının funksiyası uşaqların tərbiyəsiylə məşğul olmaq, evdəki o yuvanı, isti atmosferi yaratmaqdır. Qadın evdə feminin bir harmoniya yaratmalıdır ki, əri və uşaqları özünü komfortda hiss etsin. Amma indi elə bir durumdayıq ki, qadınlar da işləmək məcburiyyətindədilər. Ona görə də, ailəni maddi cəhətdən  tək başına dolandırmaq kişinin işi olmur. Kişi də kompleks, stres keçirir. Çünki bu, təbiətinə uyğun deyil. Ona görə də, xəstəlik tapırlar.

- Bəlkə, bu yüzillərdir bizim altşüurumuza yeridilən düşüncə ilə bağlıdır ki, ancaq kişi işləməlidir, maddi güc ancaq onda olmalıdır?

- Bu bizim altşüurumuz deyil, "fabrika ayarlarımızdır". Əgər bu altşüurumuz olsaydı, qadın özündən güclü, yüksək boylu oğlan axtarmazdı. Özündən ağıllı birindən təsirlənməzdi. Elə bərabərini də sevərdi. Qadın istəyir ki, kişi öz üstünlüyü ilə onu fəth eləsin. Qadın bunu gözləyir. Qadın öz ağlını çaşdıra bilər, amma ürəyini yox.  Balaca qız uşağı başlayır "kuklayla" oynamağa. Onu bələyir, nəvaziş göstərir. Və ya balaca oğlan uşağı, harada bir çəkic tapdı, ona elə meyl edir ki. Bu onun altşüuru deyil, "fabrika ayarlarıdır". Və "qadın maaşı" deyilən bir problem var. Qadın ərini saxlayanda psixoloji olaraq heç vaxt məmnun olmur. Kişi isə öz maaşı ilə arvadını saxlayanda çox mutlu olur. Ailə qadının üzərində olanda stres keçirir, kişi isə xoşbəxt olur. Lətifələr də var ki, qadının maaşı qadının, kişinin maaşı da qadınındır. Təbiətlə güləşirik, bu olmaz. Ağıllı adamlar təbiəti dərk edirlər. Elm özü təbiətə baxıb dərk etmək üçün qurulub. Biz təbiəti uydurmaq aşamasına girmişik. Qərb fizika, kimya kimi elmlərdə təbiətə uyur, amma bütün humanitar elmlərdə təbiətə dərs demək istəyir. Təbiəti öyrənmək əvəzinə öz fikirlərini ona təlqin edir. Şərq isə hələ də təbiəti öyrənir. Bizim üstünlüyümüz budur: humanitar sferada təbiəti təqib edirik, ona ağıl vermək fikrində deyilik. Təbiətin bir adı da Allahdır. 

- Sizin üçün Allah təbiətdir?

- Yox, təkcə təbiət deyil. Təbiəti yaradan Allahdır və təbiətin arxasında Allah durur. 

- Qadınların işləməyindən danışdıq. Sizə görə, bu tənzimlənmə necə olmalıdır?

- Mənim yoldaşım həmişə işləyib, lakin arada elə oldu ki, bir neçə il işləmədi və o dövrdə özünü çox xoşbəxt hiss edirdi. Bütün günü evdə nələrsə toxuyurdu, yemək bişirirdi. Təəssüf ki, mənim elə imkanlarım olmayıb ki, o komfortu ona verim. Amma dediyim kimi biz bu dünyanı Qərb idrakının məhsulu olaraq dizayn etmişik. Bəlli zamandan sonra qadınları da işçi qüvvə kimi evdən çıxarıb fabriklərə qatmaq lazım idi. Bunun üçün qadınları oxutmaq da lazım idi. Başladılar qadına təhsil verməyə. Qadın 18 yaşına gəlib çatanda universitetə daxil olur, sonra magistratura, sonra doktorantura, sonra da bir karyeraya başlasa, bir də ayılır ki, 30-35 yaşı var. Beləliklə, qadın ailə perspektivini qura bilmir. Bir də ayıldılar ki, əhali sayı kəskin şəkildə aşağı düşür. Onlara əlavə işçi qüvvəsi lazım idi, amma nəticədə işçi qüvvəsi aşağı düşdü. İndi də bilirsiz nəyin üstündə baş sındırırlar? Labaratoriya şəraitində uşaq böyütməyin. Nə boyda bir axmaqlıdır. Qadın işləməyə başlayanda uşaqlar yarıyetim olurdular. Artıq rüşeym halından uşaq yetim qalacaq. Labaratoriyada böyüyəcək. Budur sizin çözümünüz? Bu insani həyat deyil. Düzgün qaydalarla oynamırıq.

- Düzgün qaydalar nədir bəs?

Düzgün qaydaları öyrənmək üçün açıb Vedaları, Quranı oxusunlar. Bu bir müsahibəyə sığası mövzu deyil. Bunun üçün konfranslar təşkil edilməlidir. 

İndi qurduğumuz həyatı Qərb düşüncəsinə uyğun qurmuşuq. Şərqdən Parislərə oxumağa gedən gənclər "Ahh, Paris" deyə qayıdırdılar. Lap elə Cəfər Cabbarlının "Sevil" əsərinə qayıtsaq, orada Qərbi Dilbər təmsil edirdi, Şərqi isə əvvəlki Sevil. Onlar hayatımıza daxil olub düzənimizi dəyişdilər. 

- Müşfiq bəy, bu danışdıqlarımızın əksəriyyəti kapitalizmin diktəsidir. İstərdim, kapitalizmin manipulyasiyaları haqqında da danışasız.

- Şərq bütün dini təlimlərində kapitalizmi zəncirləyirdi. Kapitalizm "pul əsasdır" fikri üzərində qurulan dünyadır. Orta əsrlərdə Qərbdə belə deyildi, pul yox, şərəf əsas idi. Cəngavəlik dövrlərini, "Don Kixotu" yada salın. İslamda nə deyilir? Zənginlər kasıblarla bölüşməlidirlər. Onlara bu vəziyyəti Allah verib. Amma sən mərhəmətinlə onların vəziyyətində bir yol yaratmalısan. Mərhəmət insanı Allaha sarı yönəldir. Şərqin təlimlərində iqtisadi həyat ruhaniyyətə tabedir. Kapitalizmi Quranda Karun təmsil edir. Və o Titanik batan kimi batdı. Quran kapitalizmi heç vaxt dəyər kimi verməyib. Şərq həmişə mənəviyyatın əsas dəyər olduğu cəmiyyəti qurub. Bəlkə də, mənəviyyatın əsas dəyər olduğu cəmiyyət zahiri baxımdan o qədər də effektiv olmayacaq. Amma normal gözlə baxanda elə ən uğurlu cəmiyyət də budur. 

Kapitalizm qadını tamamilə bir alətə çevirdi, ailəsindən, öz çarlığından çıxardı. Gətirib saldı iş həyatına və orada onu fırfıra kimi fırladır. Bütün reklamlarda qadın bədənindən istifadə olunur. Qadının təbiətində maraq var. Kapitalizm qadını bu baxımdan da istismar edir. Marketinq qadın üzərində qurulub. Qadının əlindən tutmasan, evi əşyalarla doldurar. Dayana bilmir. Kişi ona bir ayar verməlidir. Onun təbiəti o cürdür. Qadın nə görsə, yuvasına daşımağa çalışır. Böyük MALL-larda kişilər üçün gözləmə otağı ayırırlar. Qadınlar alış-veriş edəndə kişilər oturub gözləyirlər. Qadın alış-verişdən zövq alır. Psixoloji olaraq qadın-kişi arasında böyük fərqlər var. Şərqin təlimləri həmişə bu fərqlərin dərkindən yola çıxaraq ailə institutunu formalaşdırır, ictimai həyatı dizayn edirdi. İndi bunu görməzdən gəlirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3620

Oxşar yazılar

"Eurovision" 2025:  Maltalı müğənniyə mahnı oxumaq QADAĞASI

"Eurovision" 2025: Maltalı müğənniyə mahnı oxumaq QADAĞASI

6 mart 2025 , 13:14
bp-nin nəşr etdirdiyi kitabların təqdimatı oldu

bp-nin nəşr etdirdiyi kitabların təqdimatı oldu

5 mart 2025 , 16:06
Hər kəsin izləməli olduğu  5 film

Hər kəsin izləməli olduğu 5 film

4 mart 2025 , 15:02
2024-cü ilin  ən yüksək qonorar   alan aktyorları - SİYAHI

2024-cü ilin ən yüksək qonorar alan aktyorları - SİYAHI

3 mart 2025 , 19:15
Kefinizi açacaq 10 film

Kefinizi açacaq 10 film

3 mart 2025 , 17:56
Möylə Mirzəliyev

Tanınmış aktyor iflic oldu: Qızı həkimləri ittiham etdi

3 mart 2025 , 16:37
 Motsartın üzü   3D texnologiyaları ilə bərpa edilib

Motsartın üzü 3D texnologiyaları ilə bərpa edilib

3 mart 2025 , 15:41
"Oskar" mükafatının qalibləri məlum oldu  - SİYAHI

"Oskar" mükafatının qalibləri məlum oldu - SİYAHI

3 mart 2025 , 07:43