Prokuror quldurluq edən qardaşlara AĞIR CƏZA  istədi
03 fevral 2025 18:20 (UTC +04:00)

Prokuror quldurluq edən qardaşlara AĞIR CƏZA istədi

Mağazadan quldurluq etməkdə təqsirləndirilən Rəvan və Kənan Rufullazadə qardaşları, eləcə də Laçın Nuralının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Dövlət ittihamçısı Orxan Səmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxslər - Kənan Rufullazadənin 7 il 6 ay, onun qardaşı Rəvan Rufullazadənin 9 il və Laçın Nuralının isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər mağazaya girərək soyğunçuluq ediblər. Onlar təxminən 300 manatdan çox siqaret oğurlayıblar. 

Kənan Rufullazadəyə qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Rəvan Rufullazadəyə qarşı 180.2.1-ci (soyğunçuluq), 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5 - ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və Laçın Nuralıya qarşı 180.2.1-ci (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb. 

Xatırladaq ki, təqsirləndirilən şəxslərdən Kənan Rufullazadə barəsində ibtidai istintaq dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627

Oxşar yazılar