Bir sözə görə adam öldürdü - "Lotu Yusif"in ŞOK CİNAYƏTİ
25 fevral 2025 20:15 (UTC +04:00)

Bir sözə görə adam öldürdü - "Lotu Yusif"in ŞOK CİNAYƏTİ

CİNAYƏT İŞİ

Qısa arayış...

2016-cı il noyabrın 16-da  Quba rayonunda qətl hadisəsi olur. 1979-cu il təvəllüdlü Ramiz Məmmədov aldığı bıçaq yarasından xəstəxanada dünyasını dəyişir. Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1961-ci il təvəllüdldü Yusif Babayev saxlanılıb.
 
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, aprelin 24-də Yusif Babayev avtomobil oğurlayıb. Belə ki, Quba və Xaçmaz rayonlarını birləşdirən körpünün yaxınlığında taksi sürücüsü Şövkət İbrahimov mülkiyyətində olan “VАЗ-21010” markalı maşından düşüb marketə gedib. Babayev də bundan istifadə edərək, mühərriki işlək vəziyyətdə dayanmış maşının sükanı arxasına əyləşib və onu qanunsuz ələ keçirib.

Bundan başqa, noyabrın 16-da Barlı kəndi ərazisindəki avtobus dayanacağında baş verən mübahisə zamanı Yusif Babayev Ramiz Məmmədovun qarın nahiyəsinə bir dəfə zərbə vurub. Nəticədə zərərçəkən ölüb. Mərhum Y. Babayevin həmkəndlisi və uzaq qohumu olub.

İş üzrə dindirilmiş Yusif Babayev bildirib ki, aprelin 24-ü saat 17 radələrində Samur-Abşeron su kanalının yaxınlığında Şövkət İbrahimovun idarə etdiyi “VAZ” markalı avtomobildən başqa bir nəfərlə düşərək, qapını bağlamadan marketə girdiyini görüb:

“Buna görə maşını ələ keçirib bir qədər rayon ərazisində idarə etdim. Sonra avtomobilin açarını üzərində qoyub evimə getdim.

Yusif Babayev

Noyabrın 16-i saat 11 radələrində Ramiz Məmmədovun xalası oğulları Elgün və Təbrizlə birlikdə dayanacaqda  dayandığını görüb, onlara yaxınlaşdım. Söhbət zamanı Ramiz mənə oğlum İlqar Babayevi bıçaqlayan əvvəllər məhkum olunan, həmkəndlim Qəfər Ağazadədən qоrхduğumu dedi. Bu zəmində aramızda mübahisə yarandı. Qəzəblənib Ramizin yaxasından tutdum və sağ əlimdə saxladığım bıçaqla altdan yuxarı istiqamətdə onun qarnına zərbə endirdim. Ramiz dayanacağın arxasına tərəf qaçdı. Evə gedərək ailə üzvlərimə Ramizi bıçaqladığımı dedim. Bir neçə saatdan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə aparıldım”.


 
Zərərçəkmiş şəxsin hüquqi varisi Şövkət Niftəliyeva ifadəsində göstərib ki, həmkəndlisi Yusif Babayev heç kimlə yola getməyən, evində və çöldə davaya meylli, dəfələrlə övladlarına və öz anasına müxtəlif bədən xəsarətləri yetirən şəxs olub:

“Noyabrın 16-da Bakıda olanda bacım zəng edərək, Yusifin oğlumu bıçaqladığını xəbər verdi. Taksi ilə birbaşa xəstəxanaya gəlsəm də, Ramizin orada olmadığını gördüm. Onun meyitinin Patoloji anatomiya şöbəsinə aparıldığını bildirdilər. Daha sonra mənə məlum oldu ki, Yusif səbəbsiz yerə Ramizə bıçaqla ağır xəsarət yetirib”.

Ramiz Məmmədov

Şahid Təbriz Xoşbəxti bildirib ki, Yusif Ramizlə mübahisə edərkən, qardaşı Elgünlə onları ayırmağa çalışıblar:

“Bu an Yusif Ramizə bıçaqla zərbə vurub qaçdı. Ramizin köynəyini qaldıranda, qarnından qan gəldiyini gördük. Dərhal taksi ilə onu xəstəxanaya apardıq. Təxminən 1 saatdan sonra həkim dedi ki, Ramiz ölüb. Yusif Babayev hər hansı bəhanə ilə kənd sakinlərinə sataşıb insanları münaqişəyə cəlb edirdi. Bıçaqla divarlara "Lotu Yusif" və "Hamı məndən qorxsun" sözlərini yazırdı”.


 
Məhkəmə iclasında Yusif Babayev ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
 
Məhkəmə hesab edib ki, Yusif Babayevin əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 185.1-ci (talama məqsədi olmadan avtomobili və  ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddələri ilə düzgün tövsif olunub. Ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Babayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996

Oxşar yazılar