Bakıda 3 nəfər bıçaqlandı, ölən var - YENİLƏNİB
19 dekabr 2022 09:53 (UTC +04:00)

Bakıda 3 nəfər bıçaqlandı, ölən var - YENİLƏNİB

Xəbər verildiyi kimi, dekabrın 18-i saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-cü il təvəllüdlü Nemət Həsənovun öldürülməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xətai rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, ilkin istintaqla 2005-ci il təvəllüdlü Fərid Əhmədlinin rayonun NZS qəsəbəsi ərazisində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmyaşıdı Orxan Hüseynova bıçaqla xəsarət yetirməsinə, onu dayandırmağa çalışan Xalid Nəbiyev və Nemət Həsənova xəsarətlər yetirməsinə əsaslı şübhəli müəyyən edilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Nemət Həsənov yerləşdirildiyi xəstəxanada ölüb.

***

08:25

Bakıda üç nəfərin bıçaqlanması və onlardan birinin ölümü ilə bağlı cinayət işi açılıb.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, dekabrın 18-də, saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-ci il təvəllüdlü Nemət Həsənov öldürülməsi, hadisə yerində olan daha 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda iş üzrə istintaq davam edir.

***

Saat 07:20

Bakının Xətai rayonunda qətl hadisəsi qeydə alınıb.

Lent.az-ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətindən bildirilib ki dekabrın 19-da saat 1 radələrində Xətai rayonu ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Onlardan biri 2004-cü il təvəllüdlü Nemət Həsənov ölüb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.

# 5994
avatar

Oxşar yazılar