Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"
13 may 2025 13:44 (UTC +04:00)

Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"

İstisnasız əksər insanlar həyatlarında bir dəfə də, olsa, küçədə pişikləri sığallayıb, bəziləri isə onlara evini açaraq uzunmüddətli dostluğa ilk addımı atıb. Lakin ev heyvanı saxlamaq sadəcə mərhəmət hissindən doğan qərar deyil, həm də böyük məsuliyyət və maliyyə imkanları tələb edən ciddi bir öhdəlikdir.

Lent.az-ın apardığı araşdırmalara əsasən, pişiklərin gündəlik tələbatlarını qarşılayan qidaların qiyməti 60-70 qəpikdən başlayaraq 70 manata qədər yüksəlir. Bu, yalnız qidalanma ilə də məhdudlaşmır. Zoo mağazalarda pişik üçün nəzərdə tutulan şampunlar 5-9 manat, oyuncaqlar 20-30 manat, qumlar 7-30 manat, çərəzlər 1-14 manat aralığında dəyişir. Əlavə olaraq, daraqlar 10-50 manat, plastik və metal daşıma qəfəsləri müvafiq olaraq 30-50 və 50-200 manat, yatacaqlar isə 50-300 manat arasında dəyişən qiymətlərlə satılır.

Vay o günə ki, sizin pişiyiniz xəstələnsin…

Müxtəlif heyvan klinikalarından əldə etdiyimiz məlumata görə, pişiklər üçün həkim qəbulu 20-40 manat, qan analizi 50 manat, ultrasəs müayinəsi 100 manat, exo kardioqramma ilə birlikdə 120 manat, biokimyəvi analizlər isə hər parametr üçün 15 manat təşkil edir. Rentgen müayinələri isə 40 manatdan başlayır.

“500 manatdan çox xərcləsəm də, hələ də pişiyim tam sağalmayıb”

Pişik sahiblənən və onun müalicəsi üçün ciddi maliyyə xərcləri ilə üzləşən şəxslərdən biri də Leyla Əliyevadır. O, Lent.az-a bildirib ki, pişiyi sahiblənəndə heyvanın qarın boşluğunda su yığılmışdı və o vaxtdan bəri bir çox tibbi prosedurlar həyata keçirilib:

“Ultrasəs müayinəsinə 100, exo kardioqrammaya 120, dörd müxtəlif analizə isə ümumilikdə 240 manat ödədim. Müxtəlif dərman preparatları da almışam. Bəziləri 7-15 manat arasında dəyişsə də, hazırda həkimin yazdığı reseptdəki dərmanlardan biri 100-140 manat aralığındadır. Hələ üstəlik pişiyin qarın boşluğundakı su üçün yenidən analiz verilməlidir. Fip infeksiyasının yoxlanılması üçün lazım olan analiz isə 50 manat təşkil edir. Artıq bu xərcləri qarşılamağa gücüm çatmır. Ona görə pişiyim üçün yardım istəyirəm”.

L.Əliyeva onu da qeyd edib ki, onun evdə daha bir pişiyi də var:

“Digər pişiyim ağır xəstə olduğu üçün onu da sahiblənmək qərarı aldım. Hələ o zamanlar kiçik olsa da, bütün bədəni yara idi. Əlimdən gələni edib, onu sağlamlığına qovuşdurdum. Lakin indi onun sterilizə olunma vaxtıdır. 

Həmin pişik üçün qısırlaşdırma əməliyyatı etdirməliyəm, çünki cütləşmə zamanında pişiklər evdə sakit dayana bilmir, miyoldayır, əsəbləşir, stress keçirirlər. 

Bu əməliyyatın qiyməti isə, 50-80 manat aralığındadır. 

Pişiyə yaxşı baxa biləcəyindən əmin olduğum şəxslər onu sahiblənə bilərlər”,-deyə müsahibimiz qeyd edib.

Amma təsəlli verici haldır ki, ölkədə fəaliyyət göstərən İDEA Heyvanlara Qayğı Mərkəzi bu kimi hallarda yardım əli uzadır. 

Mərkəzdən Lent.az-a bildirilib ki, onlara müraciət zamanı heyvanların ilkin vəziyyəti qiymətləndirilir: 

“Əgər xəstəlik yüngüldürsə, müalicə üçün resept yazılaraq heyvan sahibinə təqdim olunur. Dərmanların qiymətləri də bu halda nisbətən münasib olur. Lakin ağır xəstəlik hallarında heyvan mərkəzin himayəsinə götürülür və müalicə prosesi mərkəzin öz vəsaiti hesabına aparılır. Heyvan tam sağaldıqdan sonra sahibi ilə əlaqə saxlanılaraq geri qaytarıla biləcəyi bildirilir.

Qeyd olunur ki, əgər heyvanın vəziyyəti ağırdırsa, sahibləri qeydiyyat mərkəzinə yaxınlaşaraq bu barədə məlumat verib, növbədənkənar qəbul ala bilərlər”. 

Göründüyü kimi pişik sahiblənmək təkcə mərhəmət hissi ilə deyil, eyni zamanda maddi imkanla da sıx bağlıdır. Balaca dostlarımız üçün komfortlu həyat yaratmaq, onların sağlamlığına qayğı göstərmək az qala bir uşağa qulluq etmək qədər məsuliyyət və vəsait tələb edir. 

Bu səbəbdən, heyvan sahiblənmək qərarı verərkən, yalnız emosiyalara deyil, reallığa əsaslanmaq, heyvanın ehtiyaclarını uzunmüddətli qarşılaya biləcəyimizdən əmin olmaq lazımdır. Əks halda, “balaca dostlar” kimi sahibləndiyimiz canlıların sonu təkrar küçələr, acizlik və xəstəliklərlə dolu bir həyat ola bilər…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar