Azərbaycanın avto-bazarında orta qiymət 16240 dollardı
26 avqust 2009 15:31 (UTC +04:00)

Azərbaycanın avto-bazarında orta qiymət 16240 dollardı

Üstünlük 2000-ci ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) avtomobil bazarında apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb. Lent.az-ın məlumatına görə, “ƏBİ” İB monitorinq qrupunun iyul ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə bazarda yay mövsümü üçün xarakterik olan passivlik qeydə alınıb.
Ötən ay iyun ayı ilə müqayisədə təklif üzrə artım 4,8% təşkil edib. İyulda təklifin artmasına baxmayaraq, tələb azalıb (2,2%). Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında da ötən ayla müqayisədə azalma qeydə alınıb ki, bu bağlanan əqdlərin dinamikasının azalmasına səbəb olub (3,1%).

Ay ərzində bazarda orta qiymət dəyişməz qalıb və əvvəlki ayda olduğu kimi, 16240 ABŞ dollarına bərabər olub.

Bazarda müşahidə olunan passivlik avtomobillərin ekspozisiya müddətinin artmasını bir qədər də dərinləşdirib. İyul ayında ekspozisiya müddəti daha 3 gün artaraq 95 günə çatıb. Ekspozisiyanın artımı müvafiq olaraq risk dərəcəsini də artırıb və əmlakın bu növü üzrə likvidlik dərəcəsi bir qədər də aşağı düşüb.
İyul ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 6890-dan artıq avtomobilin 39,1%-i bazara məhz iyul ayı ərzində təklif olunub. Qalan 60,9%-i isə əvvəlki aylardan qalan avtomobillərdir.
Avronun dolları üstələmə tendensiyası idxal olunan avtomobillərin qiymətlərində də özünü göstərib. Avtomobillərin satış qiymətləri artmasa da, sahibkarlar xarici valyutaların denominasiyasından əziyyət çəkdiklərini gizlətmirlər. Bu tendensiyanın passiv yay mövsümünə düşməsi qiymət artımının qarşısını alsa da, qarşıdakı aylarda qiymət artımı istisna olunmur.

İki ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası “Mercedes-Benz”in təklif üzrə payı ümumi portfeldə 36,9%-ə qalxıb (artım 10%). “Mercedes-Benz” ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.
Ümumilikdə 9 markanın təklif üzrə payı 82,4% təşkil edib. Yerdə qalan 17,6% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür.
Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişiklik baş verməyib. Araşdırmalar göstərir ki, tədricən ili köhnə olan avtomobillərə maraq azalır. 1998-2001-cu illərin istehsalı olan avtomobillərin bazarda 1996-1997-ci illərin markalarını üstələmə tendensiyası davam edir. Bununla yanaşı ili yeni olan avtomobillərə olan marağın artımı təklifdə də ili yeni olan avtomobillərin artımı ilə müşahidə olunur. Ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bazarda üstünlük 2000-ci ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək. Monitorinq qrupunun araşdırmaları 1990-2009-cu illəri əhatə edib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793

Oxşar yazılar