İnsanın özünü bədbəxt  hiss etməsinin SƏBƏBİ
14 aprel 2025 14:38 (UTC +04:00)

İnsanın özünü bədbəxt hiss etməsinin SƏBƏBİ

Alimlər insan xoşbəxtliyinin mexanizmlərini anlamaqda irəliləyiş olduğunu bildiriblər. Cənubi Koreyanın Çonbuk Milli Universiteti və Kanadanın Toronto Universitetindən olan tədqiqatçılar "xoşbəxtlik paradoksu" adlanan psixoloji fenomenə aydınlıq gətiriblər.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, bu, maraqlı bir qanunauyğunluğu ifadə edir: insan nə qədər çox xoşbəxt olmağa çalışsa, bir o qədər az ehtimal var ki, bu xoşbəxtliyə çatacaq.

Aşağı yuxarı min nəfərin iştirak etdiyi genişmiqyaslı bir tədqiqatın nəticələri Applied Psychology: Health and Well-Being adlı elmi jurnalda dərc edilib.

Məlumatların təhlili zamanı məlum olub ki, xoşbəxtlik axtarışına həddən artıq fokuslanmaq insanın özünə nəzarət qabiliyyətini zəiflədir. Başqa sözlə, xoşbəxtlik hissinə çatmaq üçün atılan fəal addımlar insanın daxili resurslarını tükədir.

Alimlərin izahına görə, özünü idarəetmə və pozitiv emosiyalara can atma eyni psixoloji resursları işə salır. Nəticədə insan özünü daima “xoşbəxt olmağa məcbur etdikcə”, əks təsir yaranır – əsəb, yorğunluq və emosional boşluq hiss olunur.

Xoşbəxt olmaq əvəzinə insan gündəlik, sadə şeylərdən belə sevinc alma qabiliyyətini itirir.

Beləliklə, araşdırma sübut edir ki, məcburi şəkildə xoşbəxt olmaq istəyi insanın həqiqi daxili rifahına gedən yolda maneəyə çevrilir. Bu da “xoşbəxtlik paradoksu”nun mahiyyətidir.

Mütəxəssislərin tövsiyəsi nədir?

Alimlər xoşbəxtliyə yanaşmanı yenidən nəzərdən keçirməyi tövsiyə edirlər. İdeal həyat arxasınca qaçmaq və ya özünü başqaları ilə müqayisə etməkdənsə, insan mövcud olan şeylərə sevinməyi öyrənməlidir. Sadə gündəlik nemətlər üçün minnətdarlıq hissi, “burda və indi” yaşama bacarığı və emosional vəziyyəti daima analiz etməkdən imtina – bunlar subyektiv rifah səviyyəsini ciddi şəkildə artıra bilər.

Başqa sözlə, xoşbəxtlik - çatmaq lazım olan bir məqsəd yox, insan onu axtarmağı dayandıranda gələn bir haldır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 986

Oxşar yazılar