Qobustan həbsxanasında DƏHŞƏTLİ CİNAYƏT:  Satqın sözünə görə ömürlük məhkumu öldürdü
14 aprel 2025 20:15 (UTC +04:00)

Qobustan həbsxanasında DƏHŞƏTLİ CİNAYƏT: Satqın sözünə görə ömürlük məhkumu öldürdü

CİNAYƏT İŞİ

Qısa arayış...

Bakıda ömürlük məhkumlar arasında “satqın” sözünə görə dava düşüb. Nəticədə kamera yoldaşlarından biri digərinin ölümünə səbəb olub. Daha ətraflı məlumatı təqdim edirik.

Belə ki, 2022-ci il sentyabrın 10-u gecə saat 2 radələrində Bakının Böyükşor qəsəbəsində yerləşən Penitensiar Xidmətin Müalicə Müəssisəsində Oleq Abişevin ölməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.

94-cü kamera
 
Məlumat əsasında prokurorluq əməkdaşları istintaq tədbirlərinə başlayırlar. Müəyyən olunur ki, hadisə  Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında baş verib. 4-cü korpusun 94 nömrəli kamerasında cinayətin aləti olan şəffaf stəkan qablaşdırılaraq, götürülüb.


 
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Dava edən ömürlük məhkumlar haqqında qısa məlumat
 
Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnaməyə əsasən, 1974-cü il təvəllüdlü Zahidkəhriz Abbasov Rusiya ərazisində törətdiyi cinayət əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 181-ci (quldurluq) maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Penitensiar xidmətdən verilən xasiyyətnamədən görünüb ki, o, həbsxanaya 2014-cü il sentyabrın 6-da gətirilib. Xasiyyətcə çılğın, hiyləgər, əməkdaşlara hücum etməyə, münaqişə yaratmağa, müəssisəsinin normal iş fəaliyyətini pozmağa və qaçmağa meyllidir, islah olunmayıb.

Zahidkəhriz Abbasov
 
Ömürlük azadlıqdan məhrum olunan Oleq Abişev həbsxanaya 2013-cü il oktyabrın 19-da gətirilib. Xasiyyətnaməyə əsasən, törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirməyib.

Lent.az həbsxanada baş verən dəhşətli qətl hadisəsinin istintaq materiallarını əldə edib.

Bibər qazı ilə dayandırıblar
 
İstintaqla müəyyən edilib ki, sentyabrın 2-i saat 11 radələrində Zahidkəhriz Abbasov aralarında yaranmış mübahisə zamanı onunla eyni kamerada cəza çəkən məhkum Oleq Abişevin baş nahiyəsinə stəkanın arxa hissəsi ilə ardıcıl zərbələr endirib. Səs-küyə kameraya daxil olan nəzarətçilərin müdaxiləsinə baxmayaraq Abbasov Oleq Abişevi vurmağa davam edib. Həbsxana əməkdaşları bibər qazından və qandaldan istifadə edərək, onu zərərsizləşdirəndən sonra Abişev həmin gün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Müalicə tədbirlərinə baxmayaraq, o 8 gündən sonra ölüb.


 
İş üzrə dindirilmiş Zahidkəhriz Abbasov bildirib ki, 2014-cü ildən həbsxanada cəza çəkir. 2018-ci ildən onunla eyni kamerada cəza çəkən Oleq Abişevin siqareti olmayanda tez-tez əsəbləşib və söyüş söyüb:

“Sentyabrın 2-də səhər nəzarətçi tərəfindən Oleqə bir qutu siqaret, digər kamera yoldaşım Səmədağa Hənifəyevə isə bir qutu kibrit verildi. Onlar siqaret çəkəndən sonra Səmədağa kibrit qutusunu cibinə qoyaraq, yuxarı çıxdı və öz yerinə uzandı. Yarım saat sonra Oleq oturduğu yerdə söyüş söyməyə başladı, həmin vaxt Səmədağa yatmışdı. Oleqdən kimi söydüyünü soruşanda, mənə cavab vermədi. Məcbur qalaraq, qapını döyüb nəzarətçini çağırdım. Məqsədim kamerada işlədilən nalayiq ifadələrin qarşısını almaq idi. Nəzarətçi nəfəsliyi açıb baxdı, sonra isə örtüb getdi. Bundan sonra Oleq mənə kamerada satqınlıq etdiyimi bildirərək, ünvanıma söyüş söydü. Yaxınlaşıb üzünə yumruqla zərbələr vurdum. İdman fəndi ilə qaldırıb onu yerə çırpdım. Ayaqyolunun pilləkəninə dəydiyinə görə, başından qan axdı. Oleq əlində stəkanla üzərimə gələndə özümü müdafiə etməkdən ötrü qolunu burub stəkanı əlindən aldım və 2-3 dəfə başına zərbələr endirdim. Səmədağa Hənifəyev oyansa da, üzünü divara tərəf çevirərək, mübahisəmizə qarışmadı. İstintaq vaxtı ifadə verərkən mənə hər hansı təzyiq olmayıb, ifadəm düzgün yazılıb. İfadəmdəki əlyazma ilə olan yazı və imza mənə məxsusdur. Nəzarətçilər qapını açıb, əlimdəki stəkanı atmağımı tələb etdilər. Sonra əlimə qandal vurub növbətçi otağına apardılar”.

Orada Zahidkəriz Abbasovdan izahatı alınarkən, Oleq həkim otağına təxliyə edilib və ona tibbi yardım göstərilib. Sonra hər ikisini rəis müavininin xidməti otağına aparıblar. Bir həftədən sonra Oleqin öldüyünü öyrənib. Hesab edir ki, kamera yoldaşı düzgün müalicə aparılmaması səbəbindən vəfat edib.

Oleqin meyiti
 
Məhkəmə iclasında Zahidkəhriz Abbasov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi Elxas Əsgərov təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını deyib. O, Abbasovun barəsində qanunamüvafiq qərar qəbul olunmasını xahiş edib.

Yenidən hökm oxundu...
 
Məhkəmə hesab edib ki, Zahidkəhriz Abbasovun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. O, həmin maddənin sanksiyası təqsirli bilinərək, cəzalandırılmalıdır.


 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zahidkəhriz Abbasov 18 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8053

Oxşar yazılar