Yeni taksi qərarı  qüvvəyə minir: buraxılış kartları üçün SON VAXT
17 oktyabr 2025 19:24 (UTC +04:00)

Yeni taksi qərarı qüvvəyə minir: buraxılış kartları üçün SON VAXT

0

Qanunvericiliyin tələblərinə müvafiq olaraq taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətin tətbiqi ilə əlaqədar 60 gün öncədən məlumat verilməlidir.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, qeyd ediləni, eləcə də icazələrin verilməsinə kvotanın tətbiq edilməsi haqqında qərarın 1 noyabr tarixindən qüvvəyə minməsini nəzərə alaraq taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi 2025-ci il 31 dekabr tarixinə kimi davam edəcək:

"Həmçinin taksi fəaliyyəti ilə məşğul olan şəxslərə çağırış etmək istərdik. Belə ki, növbəti illərdə istehsal tarixindən 15 il ötmüş avtomobillərin taksi fəaliyyəti üçün istifadəsi mümkün olmayacaq. Bunu nəzərə alaraq, köhnə nəqliyyat vasitələrinin, xüsusən də istehsal tarixi 2011-ci olan avtomobillərin verilmiş müddət ərzində yenilənməsi tövsiyə olunur.  

Qeyd etmək istərdik ki, kvotanın tətbiqindən sonra qiymətlərin artacağı, sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı yayılan məlumatlar yalnışdır. Hazırda taksi fəaliyyəti üçün 35 000 aktiv icazə mövcuddur.

Gün ərzində isə bunlardan yalnız 22 000 – 23 000 taksi minik avtomobili xidmətə çıxır. Yəni, kvotanın 25 000 təyin edilməsi bazara təsir etməyəcək və taksi çatışmazlığı baş verməyəcək. Əksinə, peşakar əmək və xidmət bazarı formalaşacaq, eləcə də əhaliyə göstərilən taksi xidmətinin keyfiyyəti daha da yüksələcək.  

Kvotanın tətbiqindən sonra sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı məsələyə aydınlıq gətirərək bildiririk ki, limit sürücülərin deyil, nəqliyyat vasitələrinin sayına tətbiq edilir, yəni bu addım iş yerlərinin sayına təsir göstərməyəcək. Hazırda taksi daşımalarında sürücülərə kifayət qədər tələbat mövcuddur. Taksi fəaliyyəti göstərən sürücülərin təlimləri və hazırlıq işləri davam etdirilir. Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən idarə oluna bilər. Bu da taksi daşımalarında iş və istirahət rejiminə riayət olunmasına töhfə verəcək. 

Qeyd edək ki, taksi sahəsində təxminən 1 il əvvəl islahatlar başlayanda da, cəmiyyətdə müəyyən narahatlıqlar var idi. Lakin nəticə göz qabağındadır. İslahatların birinci mərhələsində taksi parkının yenilənməsi, uçotun, nizamlı fəaliyyətin və nəzarət mexanizminin qurulması, sürücülərin təlimlərə cəlb edilməsi istiqamətində atıllan addımlar ciddi keyfiyyət artımını təmin etdi. Hazırda həyata keçirilən islahatların bu mərhələsinin məqsədi bu sahədə daha da keyfiyyətli və  nizamlı xidmətə nail olmaqdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar