Dördqat “Böyük dəbilqə” çempionu və dünyanın 2 nömrəli ispan tennisçisi Karlos Alkaras karyerası zamanı pul mükafatı məbləğində 40 milyon dollar həddini keçib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 21 yaşlı idmançı Monte Karloda (Monako) keçirilən “Masters” yarışında qalib gəldiyinə görə 1,037,674 dollar alıb. Beləliklə, onun ümumi mükafat fondu 40 231 787 dollar təşkil edib.
Karlos Alkaras həm kişilər, həm də qadınlar arasında tennis tarixində karyera mükafatı pulu 40 milyon dolları keçən 11-ci oyunçu olub.
Bu göstərici üzrə kişilər arasında lider “Böyük dəbilqə”nin 24 qat qalibi serbiyalı Novak Cokoviçdir (186 933 983 dollar). Qadınlar arasında ən çox qazanan 23 qat əsas çempion amerikalı Serena Uilyamsdır (94,816,730 dollar).