Bakının kanalizasiyasını robotlar təmizləyir
15 avqust 2009 11:30 (UTC +04:00)

Bakının kanalizasiyasını robotlar təmizləyir

Türkiyə şirkəti Azərbaycanın pulu ilə paytaxtın kanalizasiya sistemini yenidən qurur

Türkiyənin “Kanalize İnşaat” şirkəti “Azərsu” Səhmdar Cəmiyyəti ilə bağladığı müqaviləyə uyğun olaraq, Bakıda kanalizasiya sisteminin təmizlənməsinə başlayıb. Azərbaycanın dövlət büdcəsindən ayrılmış vəsait hesabına reallaşdırılan bu layihə kanalizasiya borularının dağıdılmadan əsaslı təmirini nəzərdə tutur.

“Azərsu” Səhmdar Cəmiyyətindən Lent.az-a bildiriblər ki, “Kanalize İnşaat” şirkətinin tətbiq etdiyi texnologiya əsasında kanalizasiya quyularına yüksək təzyiqlə su vurulur və sonra tullantılar aqreqatla sovrulub çıxarılır. Tullantılardan təmizləndikdən sonra borulara ölçülərindən asılı olaraq robotlar buraxılır. Robotlar borunun təmizlənmə səviyyəsi barədə məlumatı kompüter mərkəzinə ötürür. Bu qurğular həm də borulardakı çatlar və sınmalar barədə məlumatı dəqiqliyi ilə kompüterin yaddaşına köçürür. Bunun əsasında torpağın və ya tikinti obyektlərinin altında yerləşən kanalizasiya xətləri qazılmadan borularda əsaslı təmir işləri aparılır.

“Azərsu”da deyirlər ki, bu texnologiyanın tətbiqi nəticəsində Bakının müxtəlif ərazilərində 6000 metrədək kanalizasiya xətti tullantılardan təmizlənib. Həmin borulardan 1500 ton tullantı çıxarılıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006

Oxşar yazılar