Bu il Neft Fondunun əsas hissəsi xərclənəcək
13 yanvar 2010 11:30 (UTC +04:00)

Bu il Neft Fondunun əsas hissəsi xərclənəcək

Milli Büdcə Qrupu bu məsələni birgə müzakirə etmək üçün hökuməti ictimaiyyətlə dialoqa dəvət edir

Milli Büdcə Qrupunun (MBQ) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2010-cu il üçün təsdiqlənmiş büdcəsi ilə bağlı açıqlama yayıb. Açıqlamada büdcənin diqqətlə nəzərdən keçirildiyi, bu məsələdə ciddi narahatçılığını olduğu bildirilir.

Lent.az-ın məlumatına görə, əsas narahatçılıq büdcədə neft amilindən asılılığın ildən-ilə artması ilə əlaqələndirilir. Qeyd olunur ki, Neft Fondunun büdcəsi artıq ölkə büdcəsinin əsas donoru kimi çıxış etməsi tendensiyası artan xətlə davam edir və iqtisadiyyatın davamlı inkişaf perspektivləri üçün təhlükə yarada bilən həddə çatmaqdadır.

“Dövlər büdcəsi və ARDNF arasındakı münasibətlərin illər üzrə dinamikasını nəzərdən keçirəndə bu mənzərə çox aydın görünür. Belə ki, əgər 2003-cü ildə fonddan dövlət büdcəsinə transferlərin həcmi 100 milyon manat idisə, 2004-cü ildə bu rəqəm 130 milyon manat, 2005-ci ildə 150 milyon manat, 2006-cı ildə 585 milyon manat, 2007-ci ildə 585 milyon manat, 2008-ci ildə 1,1 milyon manat, 2009-cu ildə 4,9 milyard manat və nəhayət 2010-cu ildə isə 4,915 milyon manat təşkil edir” - MBQ-nin yaydığı açıqlamada belə qeyd olunur.

Narahatçılıq doğuran məqam yalnız transferlərin həcminin artımı deyil, hökumətin ARDNF-nin büdcəsinin 2010-cu ildə əsas hissəsinin xərclənməsi qərarıdır. Açıqlamada bildirilir ki, ölkə başçısının 27 sentyabr 2004-cü il tarixli “Neft-qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiyası” fərmanında neft-qaz gəlirlərinin daxilolmasının pik dövründə, vəsaitin 25 faizdən az olmayan hissəsi gələcək nəsillər üçün akkumulyasiya edildiyi xüsusi qeyd edilir: “Əlbəttə adı çəkilən Strategiyada dəqiq normalaşdırma mexanizmlərinin olmaması 2010-cu ildə Neft Fondunun vəsaitin idarəetməsi ilə bağlı nə dərəcədə Prezidentin fərmanına uyğun fəaliyyət göstərməsinə hüquqi qiymət vermək işini çətinləşdirir. Lakin fondun xüsusən də böhran dövründə əldə etdiyi vəsaitin böyük hissəsini xərcləyərək əlverişsiz iqtisadi vəziyyətdə ölkə xəzinəsində vəsait çatışmazlığını nisbətən daha rahat yolla həll etməyə meylli olması siyasəti göz qabağındadır”.

Bütün bunları nəzərə alaraq, MBQ hökuməti bu sahədə fəaliyyəti ilə bağlı ictimaiyyətlə dialoqa dəvət edir. İctimai qurumları isə MBQ-nin bu istiqamətdə həyata keçirəcəyi davamlı tədbirlərində aktiv olmağa çağırır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752

Oxşar yazılar