3 "M"
19 noyabr 2015 17:58 (UTC +04:00)

3 "M"

2015-ci il hələ başa çatmasa da, Azərbaycan milli komandası üçün tarixə qovuşdu. Millimiz bu ili noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığmasına 2:1 hesabıyla qalib gəldiyi yoldaşlıq görüşüylə başa vurdu.

 

Həmin Moldova yığması ki, bizim üçün arzuolunmaz rəqib olub. Hətta ilk rəsmi görüşümüzün olduğu 2001-ci ilin martın 24-də Bakıda 9 nəfərlə qalsa da, ona qalib gələ bilməmişdik - 0:0. Bu, moldovanlarla 9-cu matçda 2-ci qələbəmiz idi. İlk qələbənin üstündən isə 17 il keçib.

Ümumiyyətlə, Moldova klubları da bir vaxtlar üçün bizim üçün başağrısı idi. Uzun müddət avrokuboklarda klublarımızı mübarizədən kənarlaşdıran moldovanlarla bağlı sindromu nəhayət, ötən il “İnter” Avropa Liqasında “Tiraspol”a hər 2 oyunda qalib gəlməklə qırdı.

Millimizin növbəti rəqibi bəlli olmasa da, növbəti matçının bu il olmayacağı dəqiqdir. Elə isə millimiz üçün başa çatan 2015-ə birgə nəzər salaq.

Adətən seçmə mərhələlər tək illərdə bitdiyindən, diqqət böyük olur. Bizim üçün 2015 xüsusi önəm daşıyırdı. Çünki Avropa çempionatının final mərhələsi iştirakçılarının sayının 16-dan 24-ə artırılması ora düşmək şansımızı artırırdı. Hər halda, qruplarda ilk 2 yeri tutanlar və ən yaxşı 3-cü yerin sahibi həlledici mərhələyə, digər qrup 3-cüləri pley-off matçlarına vəsiqə qazanırdı. Ancaq millimiz qarşısına qoyduğu məqsədə çata, qrupda hətta 4-cü yeri də tuta bilmədi. Bu mənada 2015-ci ili seçmə mərhələni 5-ci pillədə başa vuran millimizin aktivinə yazmaq olmaz.

İl 2008-dən bu yana ilk dəfə Berti Foqtssuz keçdi. 69 yaşlı alman mütəxəssisi baş məşqçi postunda əvəzləyən Prosineçkinin fəaliyyəti bütün ilboyu oldu. 46 yaşlı xorvat mütəxəssis millimizi ümumilikdə 8 oyuna çıxardı. Bunlardan 6-sı Avro-2016-nın seçmə mərhələ oyunu, 2-si yoldaşlıq görüşü idi. Əslində, millimiz ilə fevralda Antalyada Ukraynanın “Şaxtyor”uyla yoldaşlıq görüşüylə başlasa da, yığma ilə klub arasında oyunun nəticəsi sayılmır. Maraq üçün qeyd edim ki, “Qarabağ”ın futbolçusu Namiq Ələsgərovun qol vurduğu həmin matçda 1:2 hesabıyla uduzduq.

Millimiz bu il müsbət balansa malik olmadı. Belə ki, 8 oyundan 2-də qalib gəldik, 3-də heç-heçə etdik, 3-də uduzduq (topların fərqi 8-12). Maraqlıdır ki, qələbələrimiz ilin ilk və son matçında oldu. Bunlar Malta (2:0) və Moldovayla (2:1) Bakıdakı oyunlardır. Fərq arenalarda – birincinin Tofiq Bəhramov adına Respublika, ikincinin Olimpiya stadionunda keçirilməsindədir. Əslində, millimizin son illərdə ev oyunları daha çox “Bakcell Arena”da olur. Ancaq bu il orada cəmi 1 matç baş tutdu və onda da Xorvatiyayla qolsuz bərabərliyə qaldıq.

Millimiz 2015-də yalnız Maltayla hər iki oyunu keçirdi. Ən çox xalı da qrup autsayderi olan məhz bu yığmadan aldıq – 4 xal. Qalan 2 xalı isə Norveç və Xorvatiyayla qolsuz bərabərliklə bitən görüşlərdə qazandıq.

Robert Prosineçkinin komandası 5 oyunda meydanı qolsuz tərk etmədi. Bunlar Maltayla matçlarla yanaşı, İtaliyayla rəsmi oyun, habelə Moldova və Serbiya yığmasıyla yoldaşlıq görüşləri idi. Özü də hamısında ilk hissədə rəqib qapısına yol tapa bilmişik. Yığmamız dördqat dünya çempionu İtaliyaya səfərdə olduğu kimi evdə də qol vura bildi. Ancaq əvəzində Xorvatiya və Norveçin qapısına nəinki bu il, ümumiyyətlə, ötən seçmə mərhələdə yol tapa bilmədik.

Millimizin vurduğu 8 qoldan 1-nin müəllifi avtoqol edən moldovan müdafiəçi Katalin Karpdır. Qalan 7 qoldan 3-nə imza atan Dmitri Nazarov bu il bombardirimiz oldu. “Karlsrue”in yarımmüdafiəçisinin ən yaxın izləyicisi “Xəzər Lənkəran”lı Rahid Əmirquliyevdir. Millimizin son oyununda kapitan sarğısını daşımış 26 yaşlı yarımmüdafiəçinin hesabında 2 qol var. Yeri gəlmişkən, Rahidin ilk kapitanlığı da bu il – Serbiyayla oyunda oldu. 2015-də yeganə dublumuzun müəllifi olan Əmirquliyev həm də bu il millidə ən çox oyun keçirən futbolçudur. Bütün 8 matçın iştirakçısı olan Rahid dəqiqə (720) baxımdan hamını qabaqladı.

Millimizin digər 2 qolunun müəllifi olan “Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynovla “Sumqayıt”ın hücumçusu Ağabala Ramazanov qol hesablarını məhz bu il açdılar. Cavid millimizin tarixində ən erkən (4-cü dəqiqə), 22 yaşlı Ağabala ən gənc qol müəlliflərindən biri olmasıyla öyünə bilər. Maraqlıdır ki, onun böyük qardaşı olan tanınmış hücumçu Zaur Ramazanov millidə 15 oyun keçirsə də, qol hesabını aça bilmədi. Artıq xeyli vaxtdır karyerasını bitirən 39 yaşlı Zaurdan 17 yaş kiçik olan qardaşı isə buna 2-ci oyunundaca nail oldu.

Millimiz bu il rəsmi oyunda böyük hesabla uduzmadı. Prosineçki ilk və hələ ki yeganə böyük hesablı yenilgini serblərdən Avstriyadakı yoldaşlıq görüşündə aldı – 1:4. Qalan 2 məğlubiyyət İtaliya və Bolqarıstandan ardıcıl 2 top fərqiylə oldu.

Ən nəhayət, millimizin yeni istifadəyə verilən Olimpiya stadionunda siftəsi də bu il oldu. Oktyabrın 10-da İtaliya yığmasıyla həmin görüş 68 min tamaşaçı tutumuna malik stadionda ilk futbol matçı kimi tarixə düşdü. Həmin oyunda 1:3 hesabıyla uduzan millimiz arenada sonrakı qarşılaşmasını qələbəylə başa vurdu. Nəticədə möhtəşəm stadionda ilk qələbəmiz də 2015-də oldu. 2001-ci ildən millimizin şərəfini qoruyan kapitan Rəşad Sadıqovun 100-cü oyunu da bu il, həmin arenada debütdə oldu. 33 yaşlı futbolçu İtaliyayla matçda AFFA və UEFA tərəfindən mükafatlandırıldı.

Beləliklə, millimiz ilə Maltayla başladı, ili Moldovayla bitirdi, bunlardan isə yazdı mən Mehman. Göründüyü kimi, milliylə bağlı məqaləm M-ləri bir araya gətirdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389

Oxşar yazılar