Şərurlu İsfəndiyar məhkəmədə - FOTO  -YENİLƏNİB
13 may 2025 16:55 (UTC +04:00)

Şərurlu İsfəndiyar məhkəmədə - FOTO -YENİLƏNİB

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.

Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələr izah edilib.

Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov məhkəməyə vəsatət verib.

O, vəsatətində İsfəndiyar Axundovun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib:

“İsfəndiyar Axundov 6 iclasda iştirak etməyib. Növbəti proseslərdə iştirak edib-etməyəcəyi sual altındadır. Məhkəmənin uzanmasının səbəblərindən biri də budur”.

İsfəndiyar Axundovun vəkili Şahbaz Kərimov bildirib ki, məhkəmə müdafiə etdiyi şəxs prosesə gəlmədiyi üçün uzanmır:

“Biz ötən proseslərin birində iştirak edəcəkdik. Lakin qarşı tərəf prosesin təxirə salınmasını istədi. Bunun üçün də proses baş tutmadı. Eyni zamanda, mətbuatda da dərc olunan məlumatdan da aydındır ki, İsfəndiyar Axundovun savadı yoxdur və hüquqi prosesləri bilmir. Onun üçün də vəsatəti əsassız hesab edirik və təmin olunmamasını istəyirik”.

Məhkəmə vəsatəti təmin etməyib.

Şikayətçi tərəfin növbəti vəsatəti İsfəndiyar Axundov ölkədən çıxışına qadağa qoyulması ilə bağlı olub.

Vəkil Asim Abbasov bildirib ki, İsfəndiyar Axundov imkanlı şəxsdir və istənilən zaman ölkəni tərk edə bilər:

“Bu da məhkəmə prosesinin süni şəkildə uzadılmasına gətirib çıxara bilər. Əgər onun barəsində hansısa qətimkan tədbiri seçilsəydi, buna ehtiyac olmazdı. Lakin qətimkan tədbirin dəyişdirilməsi iıə bağlı vəsatəti məhkəmə rədd etdi. Məhkəmədən bu vəsatəti təmin etməyi xahiş edirəm”.

Qarşı tərəf bu vəsatətin prosesi uzatmaq üçün verildiyini məhkəməyə bildirib.

İsfəndiyar Axundov vəsatətə münasibət bildirib: “Emil Səməndərovun vətəndaşlara vurduğu ziyanı mən ödəyirəm. Zalda zərərçəkənlər var. Onlar bəzən mən işlədiyim şirkətin qarşısına gəlib şikayət edirlər. Elə bilirlər günahkar mənəm. Lakin bu belə deyil. Bəzən mən özüm deyirəm ki, məni də həbs edin. Mənim canım irəli sürülən ittihamlardan qurtarsın. Amma dövlət mənə deyir ki, sən işini gör. Vəsatətə münasibətdə bildirirəm ki, vəkillərimlə razıyam”.

Məhkəmə vəsatəti təmin etməyib.

Şikayətçi tərəfin növbəti vəsatəti İsfəndiyar Axundov barəsində müvafiq orqanlara sorğu verilməsi ilə bağlı olub.

Vəkil Asim Abbasov İsfəndiyar Axundovun məhkum olub-olmadığı, barəsində cinayət təqibinin olub-olmaması barəsində müvafiq orqanlara sorğu verilməsini istəyib:

“Çünki məhkəmə təqsirləndirilən şəxs barəsində qərar qəbul edəndə onun əvvəllər də cinayət məsuliyyətinə cəlb olunduğu nəzərə alır. Vəsatətin təmin olunmasını xahiş edirəm”.

Məhkəmə vəsatəti təmin edərək DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsi barədə qərar qəbul edib.

Məhkəmənin növbəti prosesi mayın 24-də keçiriləcək.

 

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib./APA

***

15.15

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilir.

Lent.az xəbər verir ki, İsfəndiyar Axundov Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesə qatılıb.

Xatırladaq ki, ötən prosesdə xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun müdafiəçisi Asim Abbasov İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə vəsatətin baxılmamış saxlanılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1316

Oxşar yazılar