Burun spreyləri burun axıntısı və tutulması zamanı təcili yardım vasitəsi kimi istifadə olunsa da, onların nəzarətsiz istifadəsi sağlamlıq üçün ciddi problemlərə səbəb ola bilər. Xüsusilə, asılılıq, selikli qişanın xroniki şişməsi, hətta burun toxumalarının zədələnməsi halları baş verə bilər.
Lent.az xarici mediyaya istinadən xəbər verir ki, bu barədə amerikalı həkim Kukadiya Surac “TikTok” hesabında paylaşım edib.
Həkimin sözlərinə görə, burun spreyləri müəyyən qan damarlarını daraldaraq burun axıntısını azaldır və simptomları müvəqqəti olaraq yüngülləşdirir.
Problem ondadır ki, insanlar bu spreylərdən 2-3 gündən artıq istifadə edirlər. Bu isə “medikamentoz rinit” adlanan vəziyyətin yaranmasına səbəb olur.
“Medikamentoz rinit çox çətin sağalır. Dərmanı qəbul etməyi dayandıran kimi sizdə yenidən ağır əlamətlər baş verir və spreydən təkrar istifadə etmək ehtiyacı hiss edirsiniz,” – həkim izah edib.
Rinit xəstəliyi burun tutulması üçün istifadə olunan sprey, damcı və ya gellərdən istifadə edən hər kəsdə yarana bilər. Bu halın əsas əlaməti burun tutulmasıdır. Bu, burun keçidlərində qaşınma, burun axıntısı və asqırma ilə də müşayiət oluna bilər. Rinitin əksər növləri gözlərə, qulaqlara və ya boğaza da təsir edən əlavə əlamətlərlə müşayiət olunur.
Bəs burun spreylərindən nə zaman istifadə etmək olmaz?
Preparatın tərkib hissələrinə qarşı allergiya və ya yüksək həssaslıq olduqda, məsələn, konservantlara və ya əsas aktiv maddəyə qarşı;
Burun selikli qişasının zədələnməsi zamanı (yara, əməliyyat sonrası vəziyyət, burun travması) bəzi spreylər sağalma prosesini daha da çətinləşdirə bilər;
Hamiləlik və laktasiya dövründə bəzi spreylər bu dövrdə tövsiyə edilmir və yalnız həkim göstərişi ilə istifadə olunur;
Uşaqlar bəzi burun spreyləri müəyyən yaşa qədər olan uşaqlara (məsələn, 2 və ya 6 yaşa qədər) qətiyyən istifadə edilməməlidir;
Yüksək qan təzyiqi, ürək xəstəlikləri, tireotoksikozu olan insanlarda damar daraldıcı burun spreyləri ehtiyatla istifadə olunmalıdır, çünki onlar təzyiqi artıra və taxikardiyaya səbəb ola bilər.