Pişiklər nədən qorxur?
25 mart 2025 13:01 (UTC +04:00)

Pişiklər nədən qorxur?

Pişiklər müstəqil və sirli canlılar kimi görünsələr də, onların da stress, panika və hətta aqressiv davranışa səbəb olan qorxuları var. Qorxu, pişiklər üçün sadəcə müvəqqəti bir reaksiya deyil, vəhşi təbiətdə sağ qalmaq üçün vacib bir müdafiə mexanizmidir. Bəs tüklü dostlarımızı ən çox nələr narahat edir?

Lent.az pişiklərlə bağlı məlumatları təqdim edir:

1. Su: nəmli qorxu

Bir çox pişik suyu qətiyyən sevmir. Bunun səbəbi üzə bilməmələri deyil, dəri və tüklərinin quruluşudur. Onların tük örtüyü havanı içəridə saxlayaraq istiliyi qoruyur. İslananda bu qoruyucu qat pozulur və pişik üşüməyə başlayır. Həmçinin islanmış tük uzun müddət quruyur və bu proses pişik üçün narahatlıq yaradır. Buna görə də, əksər pişiklər su ilə təmasdan qaçır və hətta çimizdirilməyə çalışıldıqda aqressiv reaksiya verə bilərlər.

2. İtlər: fərqli bədən dili

Pişiklər və itlər hər ikisi populyar ev heyvanları olsa da, bədən dilləri tamamilə fərqlidir. İtlər quyruqlarını yelləyəndə bu, sevincli olduqlarını bildirir. Amma pişiklərdə quyruğun titrəməsi və ya yellənməsi qəzəb və gərginlik əlamətidir. Bu səbəbdən, pişiklər və itlər arasında anlaşılmazlıqlar və hətta konfliktlər yarana bilər.

3. Yad insanlar: tanış olmayan qoxular və səslər

Pişiklər öz ərazilərinə və tanıdıqları insanlara çox bağlıdırlar. Evə gələn yeni bir insan onlarda qorxu və narahatlıq yarada bilər. Yad insanın fərqli qoxusu pişik üçün qeyri-müəyyənlik hissi doğurur. Bəzi həssas pişiklər hətta aqressiv ola və gizlənə bilər. Bu, onların təbii instinktindən irəli gəlir – çünki vəhşi təbiətdə tanımadığı varlıqlar təhlükə mənbəyi ola bilər.

4. Gözlənilməz əşyalar: ani təəccüb effekti

Bəzən pişiklər qəfil gördükləri bir əşyadan qorxurlar. Məsələn, virus kimi yayılan "pişik və xiyar" videolarını xatırlayaq. Əslində, pişiklər xiyarın özündən yox, gözlənilmədən ortaya çıxan obyektlərdən qorxurlar. Bu, onların instinkti ilə bağlıdır: “Birdən peyda olan bir şey təhlükəli ola bilər!” Bu qorxu hissi pişiklərin vəhşi instinktlərindən gəlir və onların qorunmaq üçün sürətli reaksiya vermələrinə səbəb olur.

5. Gürültülü səslər: ildırım, məişət texnikası, qışqırıqlar

Pişiklərin eşitmə qabiliyyəti çox həssasdır. Buna görə də: Elektrik süpürgəsi, fen, qazma maşını, fişənglər və ya hətta yüksək səslə qışqıran insanlar onlarda panikaya səbəb ola bilər. Bəzi pişiklər bu cür səslərdən sonra saatlarla gizlənə bilər. Təbiətdə heyvanlar səslər vasitəsilə yırtıcılardan qorunurlar, buna görə də qəfil yüksək səslər pişiklərdə qorxu hissi yaradır.

6. Bağlı və ya açıq məkan qorxusu

Hər pişik fərqli qorxulara sahibdir. Bəziləri bağlı yerlərdən, məsələn, qapalı bir şkafda və ya kiçik bir otaqda qalmaqdan qorxa bilər. Digərləri isə geniş, açıq məkanlarda özlərini müdafiəsiz hiss edərlər. Bu, onların harada böyüməsi ilə bağlıdır – ev pişikləri açıq məkanlara alışmadıqları üçün orada özlərini təhlükədə hiss edirlər.

Pişiyinizə necə kömək edə bilərsiniz?

Onun qorxularına hörmət edin – əgər suyu sevmirsə, məcburən çimizdirməyin.
Səs-küyü azaldın – mümkün qədər sakit bir mühit yaradın.

Ona gizlənmək imkanı verin – qorxduğu zaman özünü təhlükəsiz hiss edəcəyi bir yer olmalıdır.

Yad insanlarla təmas üçün tələsməyin – pişik özü qərar verməlidir ki, kiminlə ünsiyyət qurmaq istəyir. Pişiklər çox həssas varlıqlardır və onların rahatlığı evdəki sakit atmosferdən asılıdır. Onları qoruyun və həyatlarını mümkün qədər komfortlu və təhlükəsiz edin. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar