"Çantamdan çıxan 30 min manat oğlumun idi, ev alacaqdıq" - Həbsdə olan BAŞ HƏKİM DANIŞDI
28 yanvar 2025 11:16 (UTC +04:00)

"Çantamdan çıxan 30 min manat oğlumun idi, ev alacaqdıq" - Həbsdə olan BAŞ HƏKİM DANIŞDI

Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin "Respublika Sanitariya- Karantin" PHŞ-nin baş direktoru Novruzi Saleh İman oğlu, direktor müavini Balışov Yadulla İltifat oğlu və Laboratoriya şöbəsinin müdiri Vəliyev Tahir Cərulla oğlunun məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq təqsirləndirilən şəxs Saleh Novruzi ifadə verib:

"Kiçik məbləğdə olan əskinaslar özümə aid idi, onları özüm seyfə qoymuşdum, təxminən 2000 manat civarında idi. Böyük məbləğdə olan əskinaslarla oğluma ev behləmişdik Masazır qəsəbəsində. Həmin pullar əl çantamda idi, 30 min manat civarında. Onun pulunu aparıb verməli idik həmin gün. Oğlum gətirib vermişdi mənə".

Hakim Rasim Sadıxov Novruzi Salehin ibtidai istintaqda başqa ifadə verdiyini qeyd edib. 

Təqsirləndirilən şəxs Novruzi Saleh istintaqda sağlamlıq durumu ilə əlaqədar o cür ifadə verdiyini izah edib. "Təzyiqim yuxarı olduğu üçün şokda idim, həmin gün 12 həb təzyiq dərmanı atmışdım. Həm də müstəntiq çəkiliş gedən zaman bizə təzyiq göstərirdi. Sonra da bu barədə müstəntiqə heç bir söz demədim. Tahir Vəliyevin mənə pul verməyinə gəlincə belə hal olmayıb. Mənə vətəndaşlar tərəfindən şikayətlər olmayıb, ancaq müraciətlər olub. Misal üçün bölgədən gələn vətəndaş müraciət edib ki, qalmağa yerim yoxdur, belə halları nəzərə alırdıq".

Dövlət ittihamçısı Rauf Malışov Saleh Novruzinin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ilkin ifadəsinin elan olunmasını məhkəmədən xahiş edib.

Məhkəmə prosesi 25 fevral tarixinə kimi təxirə salındı. 

Xatırladaq ki, ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıb. 

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3450

Oxşar yazılar