Azay Quliyev: “Taktikanı dəyişməliyik”
26 aprel 2010 12:00 (UTC +04:00)

Azay Quliyev: “Taktikanı dəyişməliyik”

“Ermənilərin Azərbaycana törətdiyi cinayətlər barədə Türkiyə ictimaiyyətində kifayət qədər məlumat yoxdur”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Qəzetçilər Federasiyasının dəvəti ilə 21-23 aprel tarixlərində İzmir şəhərində səfərdə olub. Səfərin məqsədi 24 aprel tarixi ilə bağlı ermənilərin qaldırdığı qondarma “soyqırım” iddialarına qarşı çıxış edərək Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını nümayiş etdirmək, ötən əsrdə Qafqazda və Türkiyə ərazilərində baş vermiş müdhiş erməni cinayətləri haqqında əsl tarixi həqiqətləri dünya xalqlarına çatdırmaq olub.

Şura sədri Azay Quliyev Lent.az-a açıqlamasında deyib ki, səfərin yekunları qənaətbəxşdir.

Azay Quliyev bildirib ki, belə bir həssas dönəmdə Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri, QHT nümayəndələri, media təmsilçiləri Türkiyədə olmaqla, Azərbaycan ictimaiyyətinin Türkiyəyə dəstək verdiyini bəyan etməklə çox vacib bir missiya yerinə yetirib: “24 aprel 90 ildən çoxdur ki, ermənilər tərəfindən istismar edilir, yanlış olaraq Avropa və dünyanın digər ölkələri bu yalana qoşulub. 23 ölkə qondarma “soyqırım”la bağlı erməni iddialarını edib, parlamentlərində ya qərar, ya qanun qəbul ediblər. Hətta Fransa kimi ölkələr daha da irəli gedərək qondarma soyqırımı təkzib edənlər haqqında cinayət işi qaldırılması, məsuliyyətə cəlb olunması haqqında qanunlar qəbul ediblər”.

Şura sədri qeyd edib ki, belə olan halda Türkiyənin Azərbaycandan başqa doğma, təbii dostu, qardaşı, müttəfiqi yoxdur. Azərbaycan da bunu başa düşür, dərk edir və belə çətin, məsuliyyətli bir anda Türkiyənin yanında olduğunu ən yüksək səviyyədə bəyan edir: “Missiyamız o idi ki, qardaş ölkənin mətbuatında çıxış edək, ictimaiyyətə Türkiyənin yanında olduğumuzu bildirək, erməni yalanlarını bir daha ifşa edək. Apardığımız konkret fotolarla, sübutlarla, kitablarla, arxiv materialları və dəlillərlə göstərək ki, əsl soyqırım türklər yox, əslində ermənilər tərəfindən Anadoluda Türkiyə türklərinə və Azərbaycanda Azərbaycan türklərinə qarşı törədilib. 24 aprel qondarma “soyqırım” günü deyil, əksinə, ermənilərin Türkiyəyə qarşı xəyanət törətdikləri bir ay və gündür”.

Azay Quliyev nəzərə çatdırıb ki, ilk dəfədir, Rusiya arxivlərindən əldə olunan şəkillər və materiallar İzmirdə təşkil edilən foto-sərgidə təqdim olunub. Həmin materiallarda açıq şəkildə görünür ki, həmin dövrdə silahlı erməni dəstələri necə türklərə hücum edir və onlar necə təlimatlandırılır: “Bütün bunlar Türkiyə dövlətinə, türk bacı və qardaşlarımıza bir dəstək mesajımız, dəstək kampaniyamız idi və biz bunu etdik”.

Şura sədri vurğulayıb ki, bundan sonra artıq müdafiə deyil, hücum mövqeyindən çıxış etməliyik: “Artıq erməni yalanlarını dəf etmək üçün taktikanı dəyişməliyik. Ermənilərin törətdikləri soyqırımları dünya səviyyəsinə çıxarmağı bacarmalıyıq. Azərbaycan bunu təkbaşına edir. Azərbaycanda bu istiqamətdə cənab prezidentin kifayət qədər sərəncam və fərmanları var. Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanımın dəstəyi ilə bu barədə çoxlu sayda materiallar dərc olunub, filmlər çəkilib, işlər davam edir. Bu təbliğat artıq öz nəticəsini verməlidir. Bundan başqa, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə onlarla belə materiallar dərc olunub, filmlər çəkilib, saytlar yaradılıb. Amma yaxşı olardı ki, bu prosesə Türkiyə QHT-ləri, diasporu, Türkiyə ictimaiyyəti də qoşulsun. Bizim birlikdə sistemli bir İş Planı olsun. Yəni biz tək 24 apreldə, yaxud 26 fevralda Xocalı soyqırımı ərəfəsində yox, il boyu bu işi birgə apara bilək”.

Azay Quliyev Türkiyədə keçirilən görüşlər zamanı bu təklifin səsləndirildiyini və yüksək səviyyədə qəbul edildiyini söyləyib: “Həm dövlət qurumları, həm biznes strukturu, həm də QHT sektorunun nümayəndələri birgə fəaliyyət göstərməlidirlər. Mən sevinirəm ki, artıq biz Türkiyədə keçirilən görüşlər zamanı belə bir razılıq əldə etmişik. Biz yaxın vaxtlarda bu məsələni müzakirə etməyi və İşçi Qrupu yaratmağı planlaşdırırıq. İşçi Qrupu növbəti illər üçün bu kampaniyanın strukturunu və iş planını hazırlasın. Bu, səfərimizin nəticələrindən biridir. Biz bu işi qura bilsək, çox ciddi nəticə əldə edərik”.

Şura sədri xatırladıb ki, bir neçə şəhərdə, ölkədə Azərbaycan diasporunun təsiri ilə erməni “soyqrımı” haqqında qəbul olunmuş qərarlar ləğv olunmaqdadır: “Biz bundan sonra ən azı digər ölkələrin beldə qanunsuz və haqsız qərar qəbul etməsinin qarşısını almalıyıq. Məncə, Türkiyə və Azərbaycan ictimaiyyətinin gücü buna yetər. Digər tərəfdən, keçirdiyimiz görüşlər zamanı o da məlum oldu ki, ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlər barədə Türkiyə ictimaiyyətində kifayət qədər məlumat yoxdur, onlar özləri də bunu etiraf edirlər. Bundan sonra da bu istiqamətdə iş davam etdiriləcək”.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334

Oxşar yazılar