Sosial Müdafiə Fondunun Laçın şöbəsinin əməkdaşlarına hökm oxunub
22 aprel 2010 12:45 (UTC +04:00)

Sosial Müdafiə Fondunun Laçın şöbəsinin əməkdaşlarına hökm oxunub

Şöbə müdiri və mühasib 2 il 6 ay həbs cəzası alıb

Aprelin 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluqda təqsirləndirilən Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsinin əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi baş çatıb. Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, şöbə müdiri Musa Musayev, mühasib Fərman Cabbarov 2 il 6 ay, şöbənin əməkdaşları Bahar Zamanov və Elman Məmmədov 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilən şəxslər Aqil Salmanov və Zaur Şirinov isə 1 il şərti cəza alıblar.

İttihama görə, şöbənin maliyyə-uçot sektorunun mühasibi işləyən F. Cabbarov 2007-2008-ci illərdə pensiya almaq hüququ olmayan 95 nəfər Laçın rayon sakininin adına heç bir pensiya işləri açılmadan və müvafiq sənədləşmələr, eləcə də pensiya təyinatı aparılmadan onların adlarını kompüter bazasına daxil edərək, həmin şəxslərin adlarına pensiya kartları alınması üçün sifarişləri müdiriyyətə təsdiq etdirib “Kapitalbank”ın Ağcabədi rayon filialına göndərib.

F. Cabbarovun evində aparılan axtarış zamanı fondun və icra nümayəndəliklərinin möhürləri ilə təsdiqlənmiş boş etibarnamələr və blanklar, müxtəlif adlar yazılan siyahılar, həmçinin ayrı-ayrı vətəndaşlar tərəfindən pul ödənilməsi barədə müvafiq qaydada təsdiq olunmamış bank qəbzləri, əlillik müddəti qurtarmış və 15 nəfərdən biri olan Təmrəzova Əsli Təmiraz qızının həkim-ekspert komissiyası işi və digər sənədlər aşkar edilərək götürülüb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 311.2-ci, 311.3.1-ci, 311.3.2-ci və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda təkrar rüşvət alma, külli miqdarda mənimsəmə və ya israf etməyə görə cinayət məsuliyyəti) maddələri ilə ittiham olunublar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar