Yaponiyada bir kişi dişlərini fırçaladığı zaman huşunu itirib və xəstəxanaya yerləşdirilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yıxılanda diş fırçası onun boğazının arxa divarını cızıb.
Sadə görünən zədə təhlükəli xəstəliyə səbəb olub
Hadisədən sonra kişi boğazında ağrı hiss edib və tibbi yardım çağırıb. O, səhər dişlərini fırçaladığı zaman qəfil huşunu itirdiyini bildirib. Müayinə zamanı həkimlər onun damağında cəmi 3 millimetr uzunluğunda kiçik bir sıyrıq aşkar ediblər. Zədə qanama ilə müşayiət olunmayıb və təhlükəli hesab edilməyib. Lakin kompüter tomoqrafiyası ciddi bir problemi üzə çıxarıb, retrofaringeal emfizema.
Retrofaringeal emfizema nədir və nə qədər təhlükəlidir?
Bu nadir və potensial təhlükəli vəziyyət zamanı hava boğazın arxa boşluğunda toplanır. Adətən bu problem astma tutmaları və ya şiddətli öskürək zamanı yaranır. Ancaq bəzi hallarda sadə bir selikli qişa zədəsi belə bu vəziyyətə səbəb ola bilər.
Ən böyük təhlükə isə bakteriyaların sinə boşluğuna yayılma riskidir. Bu, mediastinit kimi ağır infeksiyalara, yəni döş qəfəsinin orta hissəsinin iltihabına səbəb ola bilər. Eyni zamanda, yuxu arteriyasında tromb yaranma ehtimalı da artır ki, bu da insulta gətirib çıxara bilər.
Vaxtında müdaxilə həyatını xilas edib
Pasiyent dərhal xəstəxanaya yerləşdirilib və mümkün infeksiyaların qarşısını almaq üçün antibiotik müalicəsi təyin olunub. Şükür ki, altı gün sonra kişi heç bir ağırlaşma olmadan evə buraxılıb.
Həkimlər xəbərdarlıq edir: bu hallar nadirdir, lakin risk həmişə mövcuddur
Mütəxəssislər qeyd edir ki, bu cür hallar nadir olsa da, laqeyd yanaşmaq olmaz. Belə hadisələrin təhlili, gələcəkdə oxşar risklərin daha tez və effektiv aşkarlanmasına kömək edir. Həkimlər bildirirlər ki, retrofaringeal emfizema diaqnozu qoyulan pasiyentlər mütləq olaraq xəstəxana şəraitində ən azı 2-3 gün müalicə almalı və antibakterial terapiyaya cəlb olunmalıdır.
Mütəxəssislərin fikrincə, bu konkret halda kişinin vaxtında müayinə və müalicə olunması onun ciddi nəticələrdən xilas olmasına imkan verib.