Sevgililər Günü:  "Torqovı"da "tənha aşiqlərin"  yolunu gözləyən... - REPORTAJ
14 fevral 2025 17:02 (UTC +04:00)

Sevgililər Günü: "Torqovı"da "tənha aşiqlərin" yolunu gözləyən... - REPORTAJ

Sevgililər Günü: Romantik, Realist və Kapitalist baxış...

Sevgililər və ya Müqəddəs Valentin Günü. Bu günə romantik baxsaq, insanlar öz sevgilərinin, davamlı münasibətlərinin təntənəsini qeyd edirlər. Realist baxsaq, sevginin günü, məkanı olmur. Dalaşanda da, toyda da, yasda da sevirsən. Kapitalist baxsaq, bu gün geyim, ətir mağazaları, gül dükanları, otellər və sair kimi müştəri ovçuları ayların qazancını bir gündə götürürlər. Yox, əgər nənəm kimi baxmaq istəyirsinizsə, o hədiyyələrə verdiyiniz pula bir tay un alın, iki ay yeməyə çörəyiniz olsun!

Təkrəngli Hədiyyələr

"Sahil" metrosundan çıxıb "Nizami" küçəsinə, digər adıyla "Tarqovu"ya yollanıram. Metronun çıxışında əlində buket, özü boyda oyuncaq ayı, bahalı brendlərin çantaları olan gənclər sevgililərinin yolunu gözləyirlər. Qarşıdakı gül dükanının önündə insanlar növbəyə düzülüblər. Satıcı çevik hərəkətlərlə gülləri dəstələyib, buket halına salıb müştərilərinə verir.

Hər kəsin əlində qızılgül, rəngli ayı oyuncaqlar göz yorur desəm, yəqin, incə romantikalarını pozmuş olmaram. Məncə, hədiyyə mövzusunda daha yaradıcı olmaq da mümkündür. Füzulilik etmək istəmirəm, amma axı, sevgi özü də bir istedaddır.

Bu günün olmasa, olmaz mənzərələrindən biri ilə qarşılaşıram: Zibil qutusuna atılmış gül buketi. Yazının girişində bu günə müxtəlif bucaqlardan baxışı təsvir etmişdim. Gül buketinə güldan edilmiş zibil qutusu isə bu günün sürrealist halıdır...

Sevgidən Qazananlar

"Malakan" bağındayam. 15-16 yaşlı qaraqabaq bir oğlan yoldan keçən cütlüklərə əlindəki gülləri təklif edir. Digərləri kimi insanların arxasınca gedib dirəşmir, israr edib onları sevgililərinin yanında utandırmır. Gülləri əlində çox həvəssiz tutmağı diqqətimi çəkir. Gülləri yoldan keçən növbəti cütlüyə təklif edir. Gənc oğlan güllərin pulunu verir və uşağın əlində göyərti dəstəsi kimi tutduğu çiçəkləri sevgilisinin qollarında mənalandırır. 

Qarşısından keçdiyim restoranlarda insan əlindən yer yoxdur. Məhz Sevgililər Gününə görə qiymətlərin qalxmasına, masalarda 200-300 manata qədər depozit tələb olunmasına baxmayaraq hər yer doludur. Otellərdə də vəziyyət eynidir. Qiymətlər normal günlərə nisbətdə 2-3 dəfə daha baha olur. Əgər 1-2, gün əvvəldən yer rezerv etməsən, otaq tapmaq mümkün deyil.

Qəliz Sevgilər

Qarşıdan qol-qola girmiş yaşlı cütlük gəlir. Olduqca sevimli və sevgi dolu görünürlər. Əllərində hədiyyə də yoxdur. Quruca sevgiləridi, bir də özləri. Kim bilir, bu günlərə gəlmək üçün neçə dəfə bir-birlərini bağışlayıblar. Neçə dəfə bir-birlərininin acı sözünü udub, üstündən keçiblər.

Deyəsən, bu günün romantik eyforiyası mənə də yoluxur. Nəysə, qayıdaq reallığa. Bəzi xanımların əllərində hədiyyə var, amma təkdilər. Kiminsə babalını yuya bilmərəm, amma bəzən mənə elə gəlir ki, bu cür xanımlar özləri özlərinə hədiyyə alırlar. Bunu bir neçə tanıdığım xanımdan da eşitmişəm; belə günlərdə özlərini yalnız hiss etməmək üçünmü, yoxsa sevgilisi olmamağı kompleks etdiyi üçünmü özünə hədiyyə alır, şəkilini paylaşır və sair. 

Sevgililər Gecəsi

Əslində, bu küçələr gecələr daha maraqlı və miskin hadisələrə şahidlik edir. Tək insanlar ac olduqları sevgini, sevgilini bu küçələrdə "tənha aşiqlərinin" yolunu gözləyən fahişələrlə imitasiya edirlər. 

Bu günü hərə bir cür qeyd edir, lakin günün mərkəzində iki şey dayanır; sevgi və sevgisizlik.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13246

Oxşar yazılar