Aysel Əlizadə yazır: “Bütün sevgilərin... nə?” - 30-cu MƏKTUB
22 mart 2013 22:32 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Bütün sevgilərin... nə?” - 30-cu MƏKTUB

 

Bütün sözlərin deyildiyini düşünürəm, oxucum.

Bütün duyğuların yaşandığını

Bütün ağrıların çəkildiyini

Bütün sevgilərin ...

Bütün sevgilərin

Bütün sevgilərin... bax sözlər bitib deyəndə bunu nəzərdə tuturdum.

Bütün sevgilərin...nə?...bura bir söz tapa bilmirəm. Bəlkə nöqtələrin yerinə sən nəsə qoyasan?

Nə olar ki? Yardımçı ol, bu yerdə sən danış.

Nə dünyanın yarandığına, nə də dağılacağına inanıram.

Dünyanın bitməyən, davamlı bir hərəkət olduğunu düşünürəm. Hər şey təkrar-təkrardı.

Heç nə bitmir; bir insan ölür, başqası doğulur; bir ağac quruyur, başqası bitir.

Kim deyə bilər ki, dünyanın əvvəli - axırı var?

İnanmıram o kitablara...gördüklərimə, duyduqlarıma inanmaq istəyirəm, izninlə.

Heç izn verməsəniz də gözlərimə, ürəyimə inanıram, vəssalam.

Hə, salam! Kim deyə bilər söhbətin ortasında salam verməzlər?

Kim deyə bilər? Kim əmin edə bilər ki, salam lap başda olmalıdı.

Görürsən necə ərkli, ürəkli salamdı? Mən onu lap başda yazsaydım belə ürəkli, belə ərklə olmayacaqdı.

Söz özü öz yerini tapsın, qoy görək.

İnsanları qucaqlaşanda, əl-ələ tutanda, baxışanda izləmək yaxşıdı, bu zaman sevimlidi həyat... başqa heç nə, başqa heç vaxt.

Bəlkə bir müddət sussun hamı? Bir müddət ancaq yazışsın insanlar, məktublar, mesajlar, lap elə statuslar, şərhlər, amma danışmasınlar.

Danışanda işləri korlayıram şəxsən mən.

Sizi bilmirəm, mənim get-gedə sözlər ancaq yazılanda xoşuma gəlir. Bir qadın demişdi: “hər qadının içində bir qadın ölüb...” Susmağın ən pis halı bu olsa gərək. O vaxtdan düşünürəm:

Görəsən, hər kişinin içində bir kişi ölüb?

Görəsən, hər pişiyin içində bir pişik ölüb?

Görəsən, hər ağacın içində bir ağac ölüb?

Görəsən, Tanrının içində Tanrı ölüb?

Görəsən, dünyanın içində dünya ölüb?

Görəsən, görəsən, görən...

Soruşan olsa, mən nöqtələrin, sualların yazarıyam. Soruşan olsa, qalaq-qalaq kitabların arasından başını çıxarıb yazını əlində qiyabi qələm tutub oxuyan robotlardan çox, vəhşi duyumu, doğuşdan gələn həssaslığı olan adamların gözləri daha maraqlıdı.

Soruşan olsa, məni uşaqların dünyası alimlərin dünyasından daha çox çəkir.

Soruşan olsa, qızımdan yaxın rəfiqəm yoxdu.

Bütün rəfiqələri ləğv etdim.

Bütün başqa sevgiləri yarımçıq qoydum.

Bütün kitabları həyatladım.

Soruşan olsa, əməlli-başlı yaşadım.

Gözdən daha ciddi ANLAYIŞ yoxdu, Oxucum. Gözlərini qoru. Sabaha qədər...

 

ayselalizade@yahoo.com

 

# 1963
avatar

Aysel Əlizadə

Oxşar yazılar