İsa Qəmbər
08 may 2024 13:38 (UTC +04:00)

İsa Qəmbər

Müsavat parlament seçkilərinə qatılacaqmı?

Müsavat Partiyasının son qurultayında İsa Qəmbərin yenidən başqan seçilməsi müxalifət düşərgəsində birmənalı qarşılanmadı.

AXCP sədri Əli Kərimli çox aktiv olduğu sosial mediada İsa Qəmbəri başqan seçilməsi münasibətilə təbrik belə etmədi. Cəbhəçilərdən bəziləri isə İsa Qəmbərin yenidən partiya başqanlığına qayıdışını məsxərəyə qoymağa cəhd etdilər. 

Müsavat Partiyasında “AXCP-nin nümayəndəsi” kimi qəbul olunan Tofiq Yaqublu isə həbsdən qızı Nigar Həzi vasitəsilə İsa Qəmbərə təbriklərini, həm də “təlimatını” göndərdi: “Düşünürəm ki, vaxtilə Müsavat Partiyasının Milli Şuradan çıxması səhv qərar idi və həmin səhvi düzəldib yenidən Milli Şuraya qayıtmaq həm partiyanın özünün, həm də bütövlükdə demokratik düşərgənin xeyrinə olar”.

İsa Qəmbərin isə cavabı çox gecikmədi. O, Nigar Həzinin statusuna şərh olaraq “Təbrikə görə Tofiq bəyə və sizə təşəkkür edirəm. Tofiq bəy azadlığa çıxsın, kimin səhv, kimin düz etdiyini danışarıq”,- yazıb.

Yəni, İsa Qəmbərin başqan olduğu Müsavat Partiyasının yalnız AXCP-dən ibarət olan Milli Şuraya qayıtmaq fikri yoxdur.

Əldə etdiyimiz məlumata görə, Müsavat kuluarlarında qarşıdakı parlament seçkiləri ilə bağlı da müsbət müzakirələr gedir. Müsavatçılar əksərən seçkidə iştirak etməyin və parlamentdə təmsil olunmağın tərəfdarıdırlar.

Sosial şəbəkələrdə də müsavatçıların seçkilər əleyhinə cəbhəçilər kimi bitib-tükənməz “boykot” çağırışları etmədiyini müşahidə edə bilirik.

Qeyd edək ki, AXCP və Müsavat Partiyasının sonuncu prezident seçkilərində iştirak etməməklə bağlı qərarı müxalifətin öz içində müzakirələr yaratmış, bu partiyaların xeyli üzvü seçkidə iştirak etmədən siyasətlə məşğul olmağın mümkünsüzlüyü və mənasızlığı ilə bağlı fikirlərini bildirmişdilər. Onlar qeyd etmişdilər ki, hazırda AXCP-nin və Müsavatın siyasi fəaliyyəti sosial mediada status yazmadan o yana keçmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4908
avatar

Oxşar yazılar