Klaudio Bravo əvvəllər "Barselona" və "Mançester Siti"nin qapılarını qoruyub. İndi 41 yaşı olsa da, karyerasını başa vurmaq fikrində deyil.
Bununla belə, o, yeni klub axtarmalı olacaq.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə insayder Fabrisio Romano xəbər verir.
Çilili qapıçı karyerasının böyük hissəsini İspaniyada keçirib. O, “Real Sosyedad”, “Barselona”da oynayıb və 2020-ci ildən “Betis”in oyunçusudur.
Lakin bu mövsüm o, komandanın heyətində çox nadir hallarda meydana çıxıb. Bu, daha çox onun üç ay müddətinə sıradan çıxmasına səbəb olan omba zədəsi ilə bağlı idi.
Sağaldıqdan sonra o, əsas heyətə qayıtmayıb. İndi qərara alınıb ki, hazırkı mövsümdən sonra dörd illik əməkdaşlığa son qoymağın vaxtı çatıb.
Bravonun bu ilin iyununda başa çatan müqaviləsi yenilənməyəcək. Romano klubun bu məsələ ilə bağlı qərarını açıqlayıb.
Çilili 41 yaşı olmasına baxmayaraq karyerasını başa vurmaq niyyətində deyil. O, Çiliyə də qayıtmaq istəmir - qapıçı mütləq Avropada qalmağa üstünlük verəcək.
İndiyədək heç bir klubla anlaşmayıb. Bravo bu mövsüm “Betis” üçün 9 rəsmi oyun keçirib. O, iki dəfə qapısını qol buraxmadan saxlayaraq yeddi qol buraxıb.