Eyyub Yaqubov Azərbaycanın ən populyar kişi müğənnilərindəndir. Şanson mahnılarla çoxminli tamaşaçı auditoriyası toplayan müğənni barədə zaman-zaman çoxlu şayiələr dolaşır.
Lent.az “Bioqrafiya” rubrikasında özü barədə çox danışmağı sevməyən, əslində ruhən ağırbaşlı Bakı kişisi olan, Xalq artisti Eyyub Yaqubov haqqında məlumat verir.
- Eyyub Yaqubov harada anadan olub?
Eyyub Yaqubov Bakı şəhəri Bayıl qəsəbəsində anadan olub.
- Eyyub Yaqubovun neçə yaşı var?
Eyyub Yaqubovun 59 yaşı var. O 1965-ci il, aprelin 26-da dünyaya göz açıb.
- Eyyub Yaqubov musiqi təhsili alıb?
İlk təhsilini 49 saylı orta məktəbdə və eyni zamanda 3 saylı musiqi məktəbində təhsil alıb. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinifinə daxil olub.
Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu kimi fəaliyyət göstərib. Bu ansambl ilə Azərbaycanın bütün regionlarında qastrolda olub.
Musiqi məktəbinin 7-ci sinif şagirdi olanda Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutub.
- Eyyub Yaqubov pianonu nə üçün buraxıb, müğənni olub?
Musiqiçilərin zəhmətinin layiqincə qiymətləndirilməməsini görən gənc Eyyub müğənni olmaq qərara qəlib. Erkən yaşlarından dost-tanış arsında tez-tez müğənnilik edərək, zaman ötdükcə bu incəsənət növünün incəliklərinə yiyələnib. Əyyub xüsusi ilə köhnə Bakının küçə mahnılarının vurğunu idi. Öz dediyinə görə, mahnı oxumaq həvəsi heç də maddi maraq güdməkdən irəli gəlməyib, "blatnoy" mahnılar oxumağa başlayıb. Zamanın tələbləri ilə addımlayaraq, restoranlarda oxumağa başlayıb.
- Eyyub Yaqubov evlidir yoxsa subay?
Eyyub Yaqubov subay deyil, evlidir. Haqqında deyildiyi kimi, heç də boşanmayıb. 1992-ci ildə ailə qurub, Zakir adlı bir oğlu var. Oğlu bir müsahibəsində Eyyub Yaqubovun ailəsi barədə gəzən şayiələrə belə aydınlıq gətirib: Anam atamın yanında olmasaydı, düşünürəm ki, atam bugünkü qədər uğurlu bir insan olmazdı. Belə bir deyim var: Baş kişidirsə, boyun isə qadındır. Anam bütün hallarda atama dəstəkdir. Atamın həyat yoldaşının ayrılıb başqa ölkədə yaşaması isə əsassız şayiələrdir. Atam və anamın bir-birinə bəslədiyi sevgi və hörməti bizi tanıyan hər kəs təsdiqləyə bilər.
- Eyyub Yaqubovu bakılı erməni müğənni Joranın stilində oxumasını iddia edib tənqid atəşinə tutanlar var. Eyyub Joranın janrını təkrarlayır?
Xeyr. Jora da, Eyyub da şanson musiqi stilində oxuyurlar. Eyyub Yaqubov bir zamanlar Bakıda çox dəbdə olmuş şanson musiqiyə ikinci can, yeni həyat vermiş, onu efirlərə gətirmiş müğənnidir. Şansonun vətəni Fransadır, qulağa tez yatan, sadə sözləri olan və yaddaşa tez hopan mahnılara şanson mahnıları deyilir.
- Eyyub Yaqubov nə zamandan populyarlaşıb?
1992-ci ildən etibarən populyarlıq qazanıb. Həmin zamandan bəri 4 audio-kasset və 3 kompakt-disk buraxıb. Bunlar 1999-cu ildə çıxmış "Duet Amburan" və "Mister Əlibala", 2000-ci ildə -"Ağabala Çaykovski", 2001-ci ildə - "Ana". 3 mahnısına - "Ana", "Kor ərəbin mahnısı" və "Mənə dəniz verin" mahnılarına kliplər çəkdirib.
- Eyyub Yaqubova ən çox məşhurluq gətirən “Ağabala Çaykovski” mahnısındakı Ağabala kimdir?
Bu mahnının sözlərindən göründüyü kimi Ağabala əsl bakılı “qədeş” olub. Mahnı sifarişlə yazılıb. İllər öncə stilist Samiraldo əynində ağ mayka , boynunda qalstuk, başında “ aerodorom” papqla Bakı küçələrinə çıxaraq diqqət çəkib və özünü Ağabala Çaykovskiyə bənzətdiyini deyib.
“Eyyub Yaqubovun "Ağabala Çaykovski" mahnısı sevərək qulaq asdığım mahnılardan biridir. Bəli, mən bu fotolarımda Ağabala olmaq istədim. Xanımların əksəriyyəti mənə olan sevgilərindən danışsalar da, dəyişən imicimi görən bəzi kişilər isə qaşqabaqlarını salladırdılar deyə o bildirib.
- Eyyub Yaqubovun məşhur mahnıları hansılardır?
Onun tanınmış mahnıları arasında “Ağabala Çaykovski Remix”, “Kişidi Bu Remix”, “Nurcana Remix” və “Dolya” kimi əsərlər var. Anasını 15 yaşında itirib. Müşfiqin “Ana” şeirinə yazılan mahnını nisgillə oxumasının səbəbi də budur;
“Anamı on beş yaşımda itirmişəm. Bu, insana çox təsir edir. Həsrət insanın içini yandırıb-yaxır. Ananı axtarırsan. Allah özünü ananın vasitəsi ilə göstərir. Peyğəmbərimiz də buyurub ki, cənnət anaların ayaqları altındadır. Ana sevgisi vicdanı, imanı olanların qəlbində yaşayır”.
- Əyyub Yaqubovun toy qiymətləri necədir?
Eyyub Yaqubov toylara 30 dəqiqə, 1 saat və ya bütöv toyu idarə etmək üçün çağırılır. Bahalı müğənni sayılır. Elit toylardan dəvət alır.Toylara yarım saatlıq 8 min manata gedir. Azərbaycanın kənd və şəhərlərindən dəvətlərə “yox” demir. Eyyub Yaqubov toylardakı ifası ilə yanaşı qeyri-adi rəqsi ilə də diqqət çəkir. Oxuduğu “blatnoy” mahnılara görə, Eyyub Yaqubovu elə “blatnoy oğlan” da adlandırırlar. Getdiyi hər məclisdə insanlar tərəfində dərin sevgi və hörmətlə qarşılanır.