Söndürülmüş ərazilər niyə yenidən alovlanır? - ARAŞDIRMA
05 avqust 2021 11:20 (UTC +04:00)

Söndürülmüş ərazilər niyə yenidən alovlanır? - ARAŞDIRMA

Meşə yanğınları zamanı bəzən söndürülmüş ərazi yenidən alovlanır. Bəs söndürülmüş yanğının yenidən közərməsinə nə səbəb olur? Mütəxəssislərin fikrincə yanğın baş verən meşə zolağında şam ağaclarının sayı çoxdursa söndürülmüş yanğının yenidən alovlanması qaçılmazdır.

Mərkəzi Nəbatat Bağının baş aqronomu İlkin Şəfiyev APA TV-yə bildirib ki, iynəyarpaqlı ağaclar qozalar əmələ gətirir, toxumlarını yaymaq üçün: “Həmin qozalar yanğın baş verən zaman közərir. Uzun müddət bu közərmə baş verdiyinə görə, küləyin təsirindən yenidən alışa bilir. Buna görə də şam meşələrinin söndürülməsi çox çətin prosesdir”.

Mütəxəssislərin fikrincə meşə yanğınlarının baş verməsinin səbəblərindən biri də, meşə zolağındakı şam qozalarının tərkibində olan efir yağları və qətran maddələridir ki, buda tez alışmaya səbəb olur. İlkin Şəfiyev şam meşələrinin söndürülməsinin də çətin proses olduğunu deyir: “Bu bitkilərin tərkibində çoxlu miqdarda qətranlı maddələr var. Bunların tərkibi efir yağları ilə çox zəngin olduğuna görə alışmaya çox meyllidir. Buna görə də tez alışır və alışdıqda da söndürülməsi çox çətin olur”.

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev deyir ki, meşə yanğınlarının meydana gəlməsinin əsas səbəbini insan faktoru ilə bağlıdır. Onun sözlərinə görə, təbiətə bu cür etinasız yanaşan şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilərlər: “Meşə ərazilərində yanğınların baş verməsində bir çox hallarda əsas səbəb olaraq insan faktorunu göstərmək olar. Vətəndaşlar əsasən yay aylarında meşələrə istirahət üçün gedirlər. Amma bəzi hallarda yanğın təhlükəsizliyi qaydalarını unudurlar ki, bu da bəzən acı nəticələrlə müşayiət olunur. Eləcə də, vətəndaşlar meşə ərazisində quru ağacın, xəzəlin yerə tökülməsini nəzərə almırlar. Düşünmürlər ki, xəzəl barıt kimidir. Söndürülməmiş siqaret kötüyünün həmin xəzəlin üzərinə düşməsi güclü yanğınla nəticələnə bilər. Onu da qeyd edim ki, qanunvericiliyə əsasən yanğın hadisəsinə səbəb olan müqəssir şəxslər inzibati və cinayət məsuliyyəti daşıyırlar”.

Təbii sərvətimiz olan meşə zolaqlarını qorumaq əsasən bizim üzərimizə düşür. İstəmədən yol verdiyimiz kiçik bir etinasızlıq böyük yanğınlara səbəb ola bilər. Gələcək nəsillərə daha gözəl təbiət bəxş etmək üçün sahib olduğumuz yaşıllıqları qoruyaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5010
avatar

Oxşar yazılar