Baş Dövlət Yol Polisi İdarəsi bu gün Abşeronda baş verən dəhşətli qəzaya münasibət bildirib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Lent.az-a bildirib ki, hadisə bu gün saat 14 radələrində Masazır qəsəbəsində, Əliağa Vahid küçəsində baş verib:
“Moped əvvəlcə dayanacaqda dayanan marşrut avtobusuna çırpılıb. Daha sonra sürücü eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinin altına düşüb. Nəticədə mopedin sürücüsü həyatını itirib”.
Şöbə rəisi həmçinin moped sürücülərinə müraciət edərək, yol hərəkəti qaydalarına ciddi riayət etmələrini tövsiyə edib:
“Moped sürücülərindən xahiş edirik yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etsinlər. Nəqliyyat vasitəsini idarə edərkən dəbilqə taxsınlar”.
Hadisə anının görüntülərini təqdim edirik:
***
Saat: 15:55
Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Məlumatlara görə, moto-kuryer "525" nömrəli marşrut avtobusu ilə toqquşub. Daha sonra yola yıxılan kuryerin başı yük maşınının təkərləri altında qalıb və o, hadisə yerindəcə keçinib.
Görüntüləri təqdim edirik: