Uşaqları istivurma və günvurmadan necə qoruyaq? - TÖVSİYƏLƏR
08 iyul 2021 13:13 (UTC +04:00)

Uşaqları istivurma və günvurmadan necə qoruyaq? - TÖVSİYƏLƏR

Səhiyyə Nazirliyinin eksperti Hüseyn Qabulov uşaqları istivurma və günvurma təhlükəsindən qorumaq üsulları barədə tövsiyələrini verib.

Lent.az Hüseyn Qabulovla müsahibəni təqdim edir:

- İstivurma ilə günvurma arasındakı fərq nədir?

- İstivurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir. Eyni zamanda, istivurma orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur.

İstivurmanın bir növü olan günvurma, günəş şüalarının birbaşa baş nahiyəsinə məruz qalması nəticəsində olur.

Hər iki vəziyyət o halda baş verir ki, uşaq uzun müddət istiyə (istivurmaya) və ya birbaşa günəş şüasına (günvurmaya) məruz qalır, bu da həyati orqanların funksiyalarının pozulmasına səbəb olur.

İstivurmanın ağırlıq dərəcəsi təkcə ətraf mühitin temperaturundan deyil, eyni zamanda istiliyin orqanizmə təsir müddətindən də asılıdır.

İstivurmanın inkişafına təkan verən digər amillər arasında ətraf mühitin yüksək rütubəti, küləksiz hava, mayenin az qəbulu, günəş altında həddindən artıq fiziki fəaliyyət və s. qeyd etmək olar. Bol və yüksək kalorili qida məhsulları, piylənmə və ya artıq çəki (həddindən artıq dərialtı piyin olması istinin xarici mühitə ötürülməsini çətinləşdirir) də bədən isinməsinin inkişafına səbəb olan amillərdir.

- İstivurmanın əsas əlamətləri hansılardır?

- İstivurma ümumi zəiflik, bədən hərarətinin 39-41° -ə qədər yüksəlməsi, başgicəllənmə, baş ağrısı ilə xarakterizə olunur. Uşağın iştahı azalır, nəticədə o yeməkdən imtina edir, dərisi qızarır və quruyur, nəbz sürətlənir və nəfəs darlığı müşahidə olunur. Vəziyyətin şiddətindən asılı olaraq ürək bulanması, qusma və ishal inkişaf edə bilər. Ağır hallarda müxtəlif orqan və sistemlərinin zədələnməsini göstərən qıcolmalar və huşun itirilməsi, burun qanaması, görmə pozğunluqları və digər simptomlar müşahidə olunur.

- Uşaqda istivurma olduğu zaman nə etmək lazımdır?

- İstivurma olduğuna şübhələnirsinizsə, dərhal həkimə müraciət edin. İlkin yardım ondan ibarətdir ki, uşağı kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq, başı yan tərəfə əymək (qusma olduğu təqdirdə boğulma baş verməsin) lazımdır. Ondan başqa, uşağın hərarəti artdığı təqdirdə üzünü və adi otaq temperaturunda olan su ilə silməli, başına, boyunun yan tərəflərinə soyuq kompress qoymaq lazımdır. Kompresslər məhz sərin olmalıdır. Eyni zamanda, ona fasilə ilə bol miqdarda maye vermək lazımdır.

- Uşaqların günün istənilən vaxtında gəzintiyə həvəsli olmasını nəzərə alaraq, yay aylarında istivurmadan qaçmaq mümkündürmü? Bu barədə nə tövsiyə edirsiniz?

- Körpəni birbaşa günəş şüalarına məruz qalmasından qorumaq məqdədilə ilk növbədə onun başını və ya bədənini panama və ya dəsmal ilə örtmək lazımdır. Ondan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzməy ilə qum vannasının qəbulunu növbə ilə etmək, günəş şüasını (vannası) az doza ilə qəbul etmək məqsədəuyğundur. Həmçinin çox maye qəbul etməsi məsləhətdir, xüsusən təmiz, sərin suyu.

Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağınız səhər 10-na kimi və axşam 6-dan sonra tövsiyə olunur. Həmçinin yüngül yumşaq materiallardan hazırlanan paltarı geyinmək məsləhətdir.

Həddindən artıq fiziki fəaliyyətin (yarışlar, uzun gəzintilər və s.) məhdudlaşdırılması vacibdir. Rasiona meyvə-tərəvəz məhsulları daxil olmalıdır. Yağlı qidaları və ət məhsullarını məhdudlaşdırmaq lazımdır, xüsusilə də gündüz saatlarında və günəş şüası qəbulunu planlaşdırıldığı zaman.

Qazsız içkilərə və şəkərsiz kompotlara üstünlük verməyiniz tövsiyə olunandır.

Yuxarıda göstərilən profilaktik tədbirlərinə riayət etsək, istivurma təhlükəsi körpələrinizdən yan keçəcək və yay mövsümü onların inkişaf edən orqanizmini gücləndirməyə kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4254
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar