Uşaqlarda bacı və qardaşlarını qısqanmaq nəyin əlamətidir?  - Psixoloq danışır
29 dekabr 2020 16:24 (UTC +04:00)

Uşaqlarda bacı və qardaşlarını qısqanmaq nəyin əlamətidir?  - Psixoloq danışır

Qısqanclıq hər yaşda insanların ən təməl və başa çıxılması çətin duyğularından biridir. Bacı - qardaş qısqanclığı birdən çox uşağı olan hər ailədə olur. Çünki bütün uşaqlar valideynlərinin marağını, sevgisini və vaxtını başqası ilə bölüşmək istəmir.

Uşaqlarda bacı və qardaşlarını qısqanmaq nəyin əlamətidir?  Bunu necə aradan qaldırmaq olar?

Lent.az-ın  suallarını psixoloq Sona Davudova cavablandırdı.

O bildirdi ki, bəzi uşaqlar bacı-qardaş istədiklərini söylədikləri zaman bu vəziyyət valideynlərdə uşağın yeni doğulanı qısqanmayacağı düşüncəsini yaradır:

“Ancaq yeni bacı ya qardaşın doğulması ilə problemlər ortaya çıxmağa başlayır. Burada ilk növbədə uşaqların istəklərinin fərqli anlam daşıdığına diqqət yetirmək lazımdır. Çünki uşaqlar bacı,qardaşı ailə üzvü kimi analiz edərək deyil, sadəcə istədiyi vaxt oynaya biləcəyi, istəmədiyi təqdirdə evinə göndərə biləcəyi və valideynlərini onunla bölüşməməsi lazım olan bir oyun yoldaşı kimi istəyirlər. Zamanla isə uşaq onun bacı-qardaşı olduqdan sonra həyatının əvvəlki kimi olmayacağını görməyə və anlamağa başlayır.

Birinci uşağın bacı, qardaşı olana qədər valideynlərinin qayğı və məhəbbətini tamamilə öz üzərində hiss edir və heç kimlə bölüşmədən böyüyür. Bacı və qardaşın dünyaya gəlməsi ilə üzərində olan bu maraq və sevginin azaldığını görür. Çünki yeni doğulmuş uşaq, ən azından əvvəlki uşağa ayrılan vaxt, göstərilən diqqət səbəbindən meydana çıxan fiziki təməl ehtiyaclarına görə daha çox vaxt və enerji tələb edir.

Bundan əlavə, yeni dünyaya gələn uşağın cinsi, bağça və ya məktəb dövrünün başlaması, otağın ayrılması və s.kimi dəyişikliklər uşağı həyatındakı bir çox yeniliyə, uşaq üçün mənfi dəyişikliklərə uyğunlaşmağa məcbur edir. Bu vəziyyət isə uşaqda adi gündəlik fəaliyyətlərin pozulmasında belə özünü göstərən uyğunlaşma problemlərini ortaya qoyur.”

Psixoloq deyir ki, bacı-qardaşlar arasındakı yaş fərqi nə qədər kiçik olsa, qısqanclığın şiddəti bir o qədər artır:

“Çünki 3-4 yaşından əvvəl anaya olan sıx maraq dövrüdür. Bu dövrdə ananın maraqlarını bölüşmək məcburiyyətində qalan uşaq, qardaşına və anasına böyük reaksiya göstərir.

Bəzən kiçik bacı- qardaşın gəlişi ilə ilk uşaqdan ana və ataların gözləntiləri artır. Belə ki, uşaqdan bacı-qardaşlarla münasibətlərdə pozitiv olması, hətta bacı-qardaşlarla bağlı məsuliyyət məsələlərində kömək etməsi gözlənilir. Çox vaxt mənfi münasibət və yanaşmalarına görə günahlandırılır və cəzalandırılır.

Beləliklə, uşağın körpəyə qarşı hiss etdiyi qəzəb, inciklik və ədalətsizlik hissləri əvvəlcə valideynlərinə, sonra da bacı-qardaşına tərəf çevrilir. Uşaq kənarda qaldığını, tənha olduğunu və sevilmədiyini hiss edirsə, itirdiyi şeyləri qaytarmaq üçün körpə kimi olmağa başlayır. Məsələn uşaq bezini bacı ya qardaş kimi bağlanmasını istəmək, butulka ilə süd içmək, anasını əmmək, uşaq kimi danışmaq , qaydaları pozmaq və s. mənfi davranışlar meydana gəlir.

Hər nə qədər yenidoğulanın daha çox diqqət və qayğıya ehtiyacı olsa da, ilk uşaq həmişə valideynlərindən daha sıx diqqətə ehtiyac duyur.

Nəticə olaraq unutmayaq ki, övladınızı bacı-qardaşını qısqanmasının tamamilə qarşısını ala bilməzsiniz. Bunların əvəzinə övladınızda qısqanclıq hissini nəzarətdə saxlamaq bacarığı verə bilərsiniz. Çünki bacı- qardaş qısqanclığı təbii inkişaf problemidir". 

# 2958
avatar

Nigar Adil

Oxşar yazılar