Çevrilişə cəhd edən, qanunsuz silah gəzdirən professor -  UNUDULAN MƏMURLAR
31 yanvar 2022 20:15 (UTC +04:00)

Çevrilişə cəhd edən, qanunsuz silah gəzdirən professor - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə sabiq maliyyə naziri Fikrət Yusifovdan bəhs edəcəyik.

Fikrət Yusifov 20 avqust 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olub. O, orta məktəbi Bakıda oxuyub. 1978-ci ildə isə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Azərbaycan SSR Dövlət Bankında, Maliyyə nazirliyində baş iqtisadçı, şöbə müdiri kimi çalışıb. Sabiq Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru olub. 

Sabiq nazir Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, elmi-tədqiqat laboratoriyasında rəhbər, “Maliyyə-iqtisad” fakültəsində dekan müavini işləyib.
Fikrət Yusifov 1994-cü ildə maliyyə naziri təyin olunub. 1999-cu ilin iyul ayında isə mərhum prezident Heydər Əliyev tərəfindən nazir vəzifəsindən azad edilib. 

Yusifov bir sıra məsələlərlə medianın gündəmini zəbt edə bilib. Ona verilən “Vəzifədən niyə çıxarıldınız?” sualını belə cavablandırıb:

“Vəzifədən getməyimin səbəbi emosiyaları bir qədər cilovlaya bilməməyim və orduda Səfər Əbiyevin nazir olduğu dövrdə baş verən maliyyə pozuntularına mətbuat səhifələrində münasibət bildirməyim oldu. Bunu mətbuat səhifələrindən etmək olmazdı. O dövrdə vəsait çatışmazlığı üzündən büdcədə böyük gərginliklər var idi. Neftin bir barreli üçün qiymətlər 16-18 dollar həddindəydi. Hətta bir gün bu qiymətlər 8 dollara qədər endi. Ölkənin maliyyə naziri kimi bu gərginliyi mən çiyinlərimdə daşıyırdım. Lakin bu gərginlik mənə əsas vermirdi ki, Müdafiə Nazirliyindəki maliyyə pozuntuları barəsində mətbuat səhifələrində danışım. Bax, bu, səhv idi və mən onun bədəlini vəzifədən kənarlaşdırılmaqla ödədim. Dövlətin elə məsələləri var ki, dövlət məmurunun onları mətbuat səhifələrində müzakirə etməyə ixtiyarı yoxdur”. 

Qeyd edək ki, 2005-ci ildə Azərbaycanda parlament seçkilərinə az qalmış dövlət çevrilişinə cəhdlə bağlı həbs olunanlardan biri də sabiq nazir Fikrət Yusifov olub. Onu həmin vaxt 2 il müddətinə həbs etdilər. Bundan başqa o, qanunsuz silah gəzdirməkdə də təqsirli bilərək 1 il müddətinə azadlıqdan məhrum olunub. 

Sabiq nazir bir müddət Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının müavini vəzifəsində çalışıb. Daha sonra isə aralarında yaranan bəzi problemlərə görə, Fikrət Yusifov partiyanı tərk edib. 

Fikrət Yusifov 2014-cü ildə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyini təsis edib və bu günə qədər onun sədridir. 2018-ci ildən Azərbaycan  Dövlət İqtisad Universitetində professor kimi  əmək fəaliyyətini davam etdirir. Ötən il İctimai Nəzarət Mərkəzinin icraçı direktoru seçilən Fikrət Yusifov altmışdan artıq elmi əsərin və dərsliyin müəllifidir. 

Ailəlidir, dörd övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12192
avatar

Aytəkin Cəlali

Oxşar yazılar