Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə sabiq daxili işlər naziri Abdulla Allahverdiyevdən bəhs edəcəyik.
Abdulla Museyib oğlu Allahverdiyev 1941-ci ilin may ayının 23-də Ukraynanın Odessa şəhərində anadan olub.
O, 1958-ci ildə Dağ Kəsəmən kənd orta məktəbində oxuyub. Daha sonra isə Azərbaycan Politexnik İnustitunun avtomobil nəqliyyatının istismarı fakultəsini bitirib.
1964-cü ildən 1974-cü ilədək daxili işlər nazirliyinin mərkəzi aparatında, dövlət avtomobil müfəttişliyi xidmətində məsul vəzifələrdə işləyib.
1974-1979-cu ilədək Respublika Dövlət Avtomobil Müfəttişliyinin Əlahiddə Yol Nəzarət Diviziyonunun komandiri vəzifəsində çalışıb. 1979-1981-ci illərdə Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfatına rəhbərlik edib.
1981-1983-cü illərdə Moskvada SSRİ Daxili İşlər Nazirliyinin akademiyasında oxuyub, oranı fərqlənmə ilə bitirərək hüquqşünas ixtisası və milis podpolkovniki rütbəsi alıb. O, respublika DİN-də milis məktəbinin rəisi, sonra idarə rəisi vəzifəsində işləyib.
1988-1990-cı ilədək Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, 1990-1991-ci illərdə isə nazirliyin hərbi səfərbərlik şöbəsinin rəis müavini vəzifəsində çalışıb. 1989-cu ildə polkovnik rütbəsi alıb.
1992-ci ildə ona general-mayor rütbəsi verilib. Həmin vaxt Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Abdulla Allahverdiyev 1993-cü ilin aprelin 16-dan iyunun 17-dək Azərbaycanın daxili işlər naziri vəzifəsini daşıyıb.
Sabiq nazir ilk illərdən Qarabağ müharibəsində iştirak edib.
Abdulla Allahverdiyev Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin oğludur.
Onun qardaşı Şəmil Allahverdiyev Lent.az-a açıqlamasında bildirib ki, general 53 yaşından təqaüdə çıxıb:
“O, 3 min manat təqaüd alırdı. Son illərdə isə təqaüdü 7 min manata qalxdı”.
Abdulla Allahverdiyev uzun illər idi ki, xərçəng xəsətliyindən əziyyət çəkirdi. O, 2023-cü il aprelin 13-də Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Abdulla Allahverdiyevin iki qızı və bir oğlu var.