Yaşlılar TikTok-da  nələr yaradır?
01 oktyabr 2024 12:58 (UTC +04:00)

Yaşlılar TikTok-da nələr yaradır?

“Mən dəyərəm min cavana” devizi ilə heç də gənc yaradıcılardan geri qalmayan yaşlı nəslin nümayəndələri qısa videolar üzrə aparıcı platforma olan TikTok-da bir-birindən maraqlı, əyləncəli və faydalı məzmunlar yaratmaqdadır. Bu gün 1 Oktyabr Beynəlxalq Ahıllar Günü olduğu üçün məqaləmizi TikTokda yaşlı yaradıcıların yaratdıqları məzmunlara həsr edəcəyik. 

Belə ki, yaşlı insanların da bu platformaya marağı artmağa başlayıb. Onlar TikTok-da öz həyat təcrübələrini, keçmişdən gələn maraqlı hekayələrini və müxtəlif mövzularda məsləhətlərini paylaşaraq gənclərə ilham mənbəyi olur, eyni zamanda gənc nəsil tərəfindən də çox sevilirlər. Yaşlı insanların TikTok-da aktivliyi onların yalnız "klassik nənə və baba" rolu ilə məhdudlaşmır, əksinə stereotipləri qıraraq müasir dünyaya uyğunlaşmalarına, rəngli, enerjili və əyləncəli şəxslər kimi tanınmalarına səbəb olur. Bu da gənc və yaşlı nəsillər arasında körpü yaradaraq, müxtəlif nəsillərin bir-birindən öyrənməsi üçün müsbət bir mühit yaradır. 


@azerbaijanvillage
Azərbaycanın kəndlərindən birində nənə və babanın kənd həyatından, hazırladıqları dadlı reseptlərdən bəhs edən bu rəngarəng və maraqlı hesab 80 min izləyici əldə edib, nənə baba ilə köməkləşərək müxtəlif meyvə-tərəvəzlərdən qeyri-adi mürəbbələr (kivi, banan, ananas və s), kompot və cemlər bişirir, milli mətbəxin bir sıra qədim xörəklərini hazırlayır. Hesabın bütün videoları yüksək statistikası ilə seçilir, lakin qozlu banan mürəbbəsinin hazırlanması rekord göstərici ilə 9 mln.baxış qazanıb. 

@xalidenene

TikTok platformasının sevimli nənəsi – Xalidə nənə! Nəvəsi tərəfindən çəkilən maraqlı videolarda o, öz həyatından danışır, indiki zamanı keçmişlə müqayisə edir, nəvəsinə faydalı məsləhətlər verir. Uzun ətəyin qızları daha xanım-xatın göstərdiyini vurğulayan Xalidə nənənin bu tövsiyəsi yarım milyona yaxın izləyicinin baxışına səbəb olub. Nənə ilə nəvənin əyləncəli anları, sevgi haqqında gənclərə örnəkləri, insani keyfiyyətlərdən və s. bəhs edən məzmunlar səmimiliyi və sadəliyi ilə seçilir. 


@neneminbagiofficial
Ağcabədidə yaşayan bu nurüzlü gözəl nənə hesabı vasitəsi ilə milli yeməklər, şirniyyatları və qış tədarükü üçün müxtəlif təamlar hazırlayıb, gənc istifadəçiləri maarifləndirir. Ailə üzvlərinin köməyi ilə hazırlanan məzmunlar geniş marağa və baxışa səbəb olur. Sakit və hüzur dolu kənd həyatı və nənənin bir-birindən maraqlı reseptləri TikTok izləyicilərində xoş təəssüratlar yaradır. Qazanda hazırlanan ördək sousu kənd həyatının ən sevilən yeməklərindir və videonun 1,3M baxış toplaması reseptin izləyicilərin ürəyindən xəbər verdiyinə sübutdur. 


Bir sözlə, TikTok yaşlı insanlar üçün sadəcə bir əyləncə platforması deyil, eyni zamanda özlərini ifadə etmək, nəsillərarası dialoqa qatılmaq və təcrübələrini paylaşmaq üçün bir vasitədir. Onların bu platformada olması TikTok-u daha da rəngli və müxtəlif edir, eyni zamanda gənclərə yaşın yalnız bir rəqəm olduğunu və hər yaşda əyləncənin mümkün olduğunu xatırladır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2982
avatar

Oxşar yazılar