"Whatsapp" mesajlaşma platformasının tərtibatçıları messencerin iOS versiyası üçün növbəti yenilənməni təqdim edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yenilənmə ilə messencerin iOS versiyası stikerlərin yaradılması funksiyasını qazanıb.
Onun vasitəsilə "iPhone" istifadəçiləri birbaşa "Whatsapp" daxilində stikerlər yarada bilərlər. Sözügedən funksiyanın istifadəsi rahatdır və o, "iPhone"larda fotoların redaktə olunması imkanından istifadə edir.
Stikerin yaradılması üçün ilk növbədə hansısa fotonu açıb əks olunan obyektlərdən hansının stiker olması lazım olduğu təyin edilməlidir. Sonra seçilən obyektin üzərinə klikləyib bir neçə saniyə gözləmək lazımdır. Açılmış pəncərədə "copy/lookup" düyməsinə klikləyəndən sonra "Whatsapp"a daxil olub istənilən çatı açmalısınız.
Daha sonra seçilmiş obyekti mətnlərin yazılması üçün olan sahəyə yerləşdirmək lazımdır. Nəticədə yerləşdirilmiş obyekt avtomatik olaraq stiker şəklində göndəriləcək.