Psixoloqların yeni araşdırmaları göstərir ki, sosial şəbəkələrdə uzun müddət fasiləsiz vaxt keçirmək insan psixologiyasına mənfi təsir göstərən davranış modelidir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu proses real ünsiyyəti imitasiya etsə də, əslində tənhalıq hissini gücləndirir.
Mütəxəssislər bu fenomeni “sosial qəlyanaltı” adlandırır. Yəni insan real ünsiyyət qurmaq əvəzinə yalnız kontenti passiv şəkildə izləyir. Bu, zərərli qida kimi təsir edir, qısa müddətlik doyma hissi yaratsa da, nəticədə boşluq hissi qalır.
Araşdırmalar göstərir ki, insan beyni foto, video və paylaşımlara baxarkən bunu sanki real sosial əlaqə kimi qəbul edir. Lakin əsas element qarşılıqlı əlaqə mövcud olmur. Nəticədə istifadəçi başqalarını görür, amma özü görünməz qalır və bu da tənhalığı artırır.
2024-cü ildə Avropa Komissiyasının təhlili də bu nəticələri təsdiqləyib. Bildirilir ki, əsas məsələ sosial şəbəkələrdə keçirilən vaxt deyil, onların necə istifadə olunmasıdır. Passiv skrollinq tənhalıq hissini artırır, aktiv ünsiyyət – mesajlaşma, şərhlər və dialoq isə bu effekti yaratmır.
Tədqiqatçılar xüsusilə parasosial münasibətlərə diqqət çəkir. Bu, insanların blogerlər və ya media simaları ilə qurduğu birtərəfli əlaqələrdir. Bu cür münasibətlər qısa müddətlik yaxınlıq hissi yaratsa da, tez itir və istifadəçini yenidən lentə qayıtmağa vadar edir.
Alimlərin fikrincə, bu proses dəyişkən möhkəmləndirmə prinsipi ilə işləyir. Bu mexanizm asılılıq yaradan davranışların formalaşmasında ən güclü faktorlardan biridir.
Ekspertlər qeyd edir ki, sosial şəbəkə platformaları məhz bu cür passiv istifadəni təşviq edəcək şəkildə dizayn olunub. Sonsuz lent, videoların avtomatik oynadılması və bildiriş sistemləri istifadəçinin diqqətini mümkün qədər uzun müddət saxlamağa yönəlib.
Bununla belə, mütəxəssislər problemin qismən həllinin mümkün olduğunu bildirir. Bunun üçün sosial şəbəkələrdən istifadə tərzini dəyişmək, passiv izləmə əvəzinə aktiv ünsiyyətə üstünlük vermək və ya bu vərdişi digər istirahət formaları ilə əvəz etmək tövsiyə olunur.