Planet ölçüsündə almaza çevrilən ulduz - YENİ KƏŞF
20 iyun 2023 13:17 (UTC +04:00)

Planet ölçüsündə almaza çevrilən ulduz - YENİ KƏŞF

Astronomlar aşkar ediblər ki, Yer kürəsindən təqribi olaraq 104 işıq ili uzaqlığında yerləşən ağ cırtdan (termonüvə enerji mənbəyinə sahib olmayan elektron-plazma tərkibli ulduz növü) yavaş şəkildə kristallaşaraq planet ölçüsündə almaza çevrilir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu kəşf ulduzların çoxunun aqibətlərinin necə olduğu barəsində mövcud nəzəriyyələri qismən təsdiqləyir. Avropa Kosmik Agentliyinin (ESA) Gaia adlı teleskopu vasitəsilə əldə edilmiş məlumatlar sayəsində güman etmək olar ki, ağ cırtdan 3 ulduzdan ibarət olan HD 190412 adlı sistem ilə qravitasiya əlaqəsinə sahibdir. Aparılmış müşahidələr onu göstəriblər ki, ağ cırtdanın nüvəsi kristallaşma prosesindədir.

Bu isə öz növbəsində ulduzun yaşını təyin etməkdə mane ola bilər. Adətən bu cür ulduz sinifinə daxil olan ulduzların yaşı 7.4 milyard il təşkil edir. Lakin kəşf edilmiş bu ağ cırtdan bir qədər cavan ulduzdur. Onun yaşı təqribi olaraq 4.2 milyard il təşkil edir. Ağ cırtdan ulduzun həyat dövrünün son mərhələsidir. Ulduz adətən bu hala bütün hidrogen ehtiyatını yandırıb bitirəndən sonra çatır. Bu mərhələdə termonüvə reaksiyası nəticəsində ulduzun xarici layları aradan qalxır və çox sıx nüvə ortada qalır. Həmin nüvə məhz ağ cırtdan adlanır. Daha böyük kütləli ulduzlar isə öz hidrogen ehtiyatını yandırıb bitirəndən sonra qara dəliyə çevrilə bilirlər.

İlkin mərhələdə ağ cırtdanların temperaturları hədsiz dərəcədə yüksək olur. Lakin tədricən onlar soyuyurlar və kristallaşmağa başlayırlar. Nəticədə bu cür ulduzlar soyuq və qara obyektlərə çevrilirlər. Onların tərkibləri isə bu halda almazın tərkibini xatırladırlar. Alimlərin sözlərinə əsasən bu prosesin yekunlaşması üçün böyük ehtimal ilə 13.8 milyard ildən daha çox zaman lazımdır. Yəni ağ cırtdanın kristallaşma prosesinin bitməsi üçün Böyük partlayışdan indiyənə kimi keçmiş zamandan daha çoxu lazımdır. Bu səbəbdən böyük ehtimal ilə kainatda qara cırtdan kimi obyektlər hələ mövcud deyil. Bəzi fikirlərə əsasən Günəş də daxil olmaqla Süd Yolu qalaktikasındakı ulduzların 97%-ni məhz bu cür aqibət gözləyir. 

# 2106
avatar

Oxşar yazılar