Tədqiqatçılara görə, təxminən 400 milyon kompüter hələ də Windows 10 əməliyyat sistemi ilə işləyir. Microsoft 14 oktyabrda Windows 10-a dəstəyi dayandırır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Dünyanın milyonlarla istifadəçisi üçün bu ciddi problemə çevriləcək, çünki Public Interest Research Group məlumatına əsasən, hələ də təxminən 400 milyon kompüter Windows 10-da işləyir. Bu kompüterlərin bir hissəsi Windows 11-ə keçə bilməyəcək, çünki sistemin tələbləri çox sərtdir xüsusilə TPM 2.0 modulu və müasir prosessor tələb olunur.
Omdia analitiklərinin qiymətləndirməsinə görə, korporativ kompüterlərin yarısı texniki baxımdan yenilənməyə hazır deyil. Microsoft xəbərdarlıq edir ki, dəstəklənməyən cihazlara Windows 11-in quraşdırılması sabitlik və uyğunluq problemlərinə səbəb ola bilər.
Windows 10 istifadəçiləri nə etməlidir
1. Kompüterin Windows 11 üçün hazır olub-olmadığını yoxlayın
Microsoft-un rəsmi saytından PC Health Check proqramını yükləyin. Proqram sisteminizin Windows 11 tələblərinə cavab verib-vermədiyini göstərəcək. Əgər nəticə mənfidir, alternativ olaraq WhyNotWin11 kimi üçüncü tərəf utilitalardan istifadə edə bilərsiniz.
2. Əgər yenilənmə mümkün deyilsə, qorunmanı bir il uzatmaq olar
Bunun üçün ESU (Extended Security Updates) proqramına qoşulmaq lazımdır. Bunu Windows Update vasitəsilə birbaşa etmək mümkündür. Avropa sakinləri üçün bu abunə ödənişsiz təqdim edilir.
3. Alternativləri nəzərdən keçirin
Əgər kompüter çox köhnədirsə, iki seçim var:
Tiny11 əlavə xidmətlərsiz, yüngülləşdirilmiş Windows 11 versiyasını quraşdırmaq;
"Linux"a keçid Ubuntu və ya Mint kimi müasir distributivlər hətta zəif kompüterlərdə də sabit işləyir.
4. Ehtiyat nüsxə yaradın
Hər hansı dəyişiklikdən əvvəl yeniləmə, yeni əməliyyat sistemi quraşdırılması və ya ESU-ya keçiddən öncə bütün vacib fayllarınızı OneDrive, Google Drive və ya xarici yaddaş qurğusuna köçürün.