Düşüncə gücü ilə idarə olunan kompüterlər: gələcəyin texnologiya inqilabı
24 yanvar 2025 10:52 (UTC +04:00)

Düşüncə gücü ilə idarə olunan kompüterlər: gələcəyin texnologiya inqilabı

Texnologiya dünyası dəfələrlə insanların həyatını köklü şəkildə dəyişdirən inkişaflara şahid olub. Yaşadığımız cəmiyyətdə xüsusilə son dövrlərdə dəlikli kartlardan klavyelərə, oradan da sensor ekranlara və səslə idarə olunan cihazlara qədər böyük bir transformasiya baş verib. Amma bu, hələ başlanğıcdır. Günümüzdə beyinlə idarə edilə bilən texnologiyalar tədqiq olunur və bu sahədə əhəmiyyətli irəliləyişlər qeydə alınır. Xüsusilə 2016-ci ildə Elon Musk tərəfindən təsis edilmiş Neuralink şirkəti, implant edilə bilən beyin-kompüter interfeysləri üzərində işləyərək insan beyni ilə texnologiyanı birləşdirməyi qarşısına məqsəd qoyub. Gələcəkdə düşüncələrimizlə idarə edə biləcəyimiz cihazlar elm fantastikasından çıxaraq reallığa çevrilir.

Düzdür, beyin-kompüter interfeyslərinin tarixi 20-ci əsrə dayanır. İlk dəfə 1970-ci illərdə aparılan tədqiqatlar nəticəsində alimlər beynin elektrik siqnallarını oxuyaraq müəyyən hərəkətləri həyata keçirməyin mümkünlüyünü sübut etmişlər. 2000-ci illərdə isə bu sahədə əhəmiyyətli irəliləyişlər qeydə alınmışdır. Alimlər beynin motor korteksindən gələn siqnalları qeydə alaraq əl və ya ayaq hərəkətlərini təqlid edən robotik protezlər hazırlamağa başlamışdır.

Daha sonra isə Neuralink və oxşar şirkətlər bu texnologiyanın yeni mərhələsini başlatmışdır. Neuralinkin əsas məqsədi insan beynini birbaşa kompüter və süni intellektlə birləşdirməkdir. Bu, həm xəstəliklərin müalicəsi üçün inqilabi həll yolları təqdim etməyi, həm də gələcəkdə insanlarla texnologiya arasında simbioz yaratmağı hədəfləyir.

Qeyd edək ki, Neuralink texnologiyası ilk dəfə heyvanlar üzərində sınaqdan keçirilib. Təəcüblü də görünsə, bu bir real faktdır ki, 2021-ci ildə bir meymun düşüncə gücü ilə video oyun oynamağı bacarmışdı. Bu təcrübə isə texnologiyanın nə qədər təsirli olduğunu nümayiş etdirmişdi. Neuralink 2023-cü ildə insan üzərində klinik sınaqlara başlayıb. Bu sınaqlar iflicdən əziyyət çəkən insanlara cihazın tətbiqini nəzərdə tutur.

Bu şirkət beyin hüceyrələrindən gələn elektrik siqnallarını oxumaq və onları birbaşa rəqəmsal informasiyaya çevirmək üçün yüksək texnoloji cihazlar və implantlar hazırlayır. Bu proses aşağıdakı komponentlərdən ibarətdir:

1. Neuralink çipi (Link): Bu, insan beyninə cərrahi yolla yerləşdirilən kiçik bir cihazdır. Link beyin neyronları ilə əlaqə qurmaq üçün çox incə tellərə malikdir. Bu tellər bir insan saçından daha nazikdir və birbaşa beynin müəyyən hissələrinə yerləşdirilir.

2. Elektrodlar: Bu nazik tellər üzərində yerləşdirilən miniatür elektrodlar, neyronlardan gələn elektrik siqnallarını oxuyur və onları kompüterə ötürür.

3. Bluetooth və simsiz əlaqə: Neuralink cihazı topladığı məlumatları simsiz olaraq xarici bir qurğuya (məsələn, smartfona) ötürə bilir. Bu, istifadəçilərə cihazı birbaşa düşüncələri ilə idarə etməyə imkan verir.

Neuralinkin ilkin hədəfi iflic, Parkinson, epilepsiya və digər nevroloji xəstəliklərin müalicəsidir. Şirkət, beyin siqnallarını yenidən bərpa edərək hərəkət qabiliyyətini itirmiş insanlara kömək etməyi planlaşdırır.

Bundan başqa, Neuralink gələcəkdə insanların düşüncə gücü ilə cihazları idarə etməsinə imkan yarada bilər. Bu, klaviatura və ya siçan kimi vasitələrə ehtiyac olmadan kompüterlə birbaşa əlaqə qurmağa şərait yaradacaq.

Sözügedən şirkət eyni zamanda insan beynindəki məlumatları yadda saxlamaq və ya bulud sisteminə köçürmək ideyasını araşdırır. Başqa sözlə, şirkət gələcəkdə düşüncələrimizi birbaşa kompüterlərə yükləməyi, insan beyninin təcrübə və məlumatlarını bulud saxlancında arxivləşdirməyi hədəfləyir. Bu isə, gələcəkdə xatirələrin yüklənməsi və ya paylaşılması kimi inqilabi yeniliklərə səbəb ola bilər. Belə bir texnologiyanın reallaşması ÖLÜMSÜZLÜK ideyasını belə gündəmə gətirə bilər.

Bununla yanaşı, sözügedən texnologiyanın inkişafı yaxın gələcəkdə ağıllı ev texnologiyalarının düşüncə gücü ilə idarə edilə edilə bilməsinin mümkünlüyünü deməyə əsas verir. Görünən odur ki, çox yaxında insanlar sadəcə beynində bir hərəkəti təsəvvür edərək işıqları yandıra və ya musiqini işə sala biləcəklər.

Elon Muska görə insanlıq süni intellektin yüksəlişi ilə ayaqlaşa bilməlidir. Neuralink insan beynini gücləndirərək süni intellektlə rəqabətə girə biləcək bir vəziyyətə gətirməyi hədəfləyir. Bu texnologiya ilə bağlı statistikaya nəzər salsaq, maraqlı mənzərə ilə qarşılaşırıq. Belə ki, beyin-kompüter interfeysi bazarının dəyəri 2025-ci ilə qədər 20 milyard dollara yaxın olacağı proqnozlaşdırılır. Hazırda dünya üzrə 70 mindəm çox müxtəlif növ beyin implantları həyata keçirilmişdir, bu isə texnologiyanın sürətlə genişləndiyini göstərir. 90%-ə qədər dəqiqlik: Beyin-kompüter interfeyslərinin hərəkətlərin düzgünlüyünü təyin etmə dərəcəsi 90 faizdən çox dəqiqlik səviyyəsinə çatıbdır.

Onu da qeyd edək ki, haqqında söhbət açdığımız bu texnologiyanın böyük potensialı olsa da, etik problemlər də az deyil. İnsanların düşüncələrinin qeydə alınması və manipulyasiya edilməsi riski cəmiyyət üçün ciddi təhlükələr yarada bilər.

Bundan başqa, sözügedən texnologiyanın gerçəkləşməsi üçün həyata keçirilən beyin implantları ciddi cərrahi müdaxilə tələb etdiyindən infeksiya və digər risklərə də səbəb ola bilər. İnsan düşüncələrinin manipulyasiya edilməsi və ya nəzarət altına alınması ehtimalı da narahatlıq doğuran problemlər arasındadır.

Bu səbəblərdən də beyin-kompüter interfeyslərinin inkişafı ilə bağlı beynəlxalq hüquqi və etik çərçivələrin formalaşdırılması vacibdir.

Nəticədə isə deyə bilərik ki, nə qədər riskləri, çətinlikləri və çatışmazlıqları da olsa, beyinlə idarə olunan kompüterlər texnologiya dünyasının ən inqilabi sahələrindən biridir. Düşüncələrimizi texnologiya ilə birləşdirən bu innovasiya yalnız xəstəliklərin müalicəsində deyil, eyni zamanda həyatın hər sahəsində istifadə edilə bilər. Neuralink kimi təşəbbüslər göstərir ki, gələcək möcüzələr artıq uzaqda deyil. Bu sahədə atılacaq hər addım, insanlığın texnologiya ilə əlaqəsini yenidən təyin edəcək və yeni dövrün başlanğıcını qeyd edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765
avatar

Yunis Xəlilov

Oxşar yazılar